Kəmaləddin Qədim müasir Azərbaycan
poeziyasında öz dəsti-xətti, ifadı tərzi ilə seçilən, dilinin rəvanlığı,
koloritliyi, fikrinin aydınlığı, məna yükü və fəlsəfi tutumuyla tanınan, fərqlənən
şairlərimizdəndir. Onun poetik dünyası xaotik burulğanlarda üzən yelkənsiz
qayıq deyil. Bu poeziya şairin həyatı kimi nizamlı, düzümlüdü. Şairin poetik məntiqi
şairin həyat fəlsəfəsini, yaşamını romantik bir pafosla təsdiqləyir. Bu poeziya
avtobioqrafik poeziyadı. Şair qələmə aldığı şeirlərə bənzəyir. Şeirləri də
şairin özünə oxşayır- müdrik, səmimi, xeyirxah.
Bu günlərdə təzəcə çapdan çıxmış “Dünya qonaq
sevən deyil” şeirlər kitabı da dediklərimizi bir daha təsdiq edir. Bu kitab
80-ci illər ədəbi nəslinin tanınmış nümayəndələrindən biri, “Türk Ədəbiyyatına
Xidmət” (Türkiyə), Şahmar Əkbərzadə adına “ Beynəlxalq Ədəbiyyat mükafatları
laureatı, Prezident mükafatçısı Kəmaləddin Qədimin öz oxucuları ilə sayca
doqquzuncu görüşüdür.
Kitabda şairin son illərdə yazdığı şeirlər
toplanıb. Ümidvarıq ki, “Dünya qonaq sevən deyil” oxucularımızın stolüstü
kitabına çevriləcək.