“Teatr sənəti ilə babamın tanışlığı məşhur aktyor Hüseyn Ərəblinski ilə bağlı idi. Babamın böyük qardaşı Hüseynin yaxın dostu idi. Babamın ilk səhnəyə çıxışı qız rolunda olub. Çünki o vaxt qızları, qadınları səhnəyə buraxmırdılar. Ondan sonra onun sənət yolunda böyük rol oynayan Cəfər Cabbarlı olub. Sənədli filmlərin birində babam özü də bildirib ki, Cəfər Cabbarlının bütün pyeslərində rol alıb və “Sevil” filmində Balaş rolunu oynayıb”.
Bunu Moderator.az-a açıqlamasında böyük sənətkar, xalq artisti Ağasadıq Gəraybəylinin nəvəsi, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli deyib. O daha sonra əlavə edib.
“Son vaxtlara qədər ona həsr edilmiş filmdə məlumat ondan ibarət idi ki, guya Şamaxıda zəlzələ vaxtı babamın valideynləri rəhmətə gedib, o gedib hansısa qapını döyüb, onu yaşlı qadın və kişi övladlığa götürüblər. Bu verilişə baxanda mən özüm də təəccübləndim, bir neçə qohumum da mənə zəng etdi ki, sən bunu bilirdin? O vaxt anam sağ idi, mən bu faktı anamdan soruşdum. O dedi ki, yox mən belə şey eşitməmişəm. Babam son illərdə bağda dəftərə nəsə yazırdı. O bizə hər zaman deyirdi ki, həyatım haqda yazıram. Mən arxivdən həmin dəftəri tapdım və öz xətti ilə həyatının ilk illəri haqqında yazılanları oxudum. Orada elə bir şey yazılmamışdı, əksinə yazmışdı ki, mən anamla, atamla birlikdə zəlzələdən sonra Bakıya gəlmişəm”, - deyə sənətkarın nəvəsi bildirib.
Müsahibimiz babası ilə bağlı xatirələrini də bizimlə bölüşüb.
“Mən kiçik yaşlarımdan onunla birlikdə yaşamışam, uşaqlıq yaşlarımdan o mənim məşhur aktyor yox, doğma baba kimi yaddaşımda qalmışdı. Mən məktəbin son illərində başa düşdüm ki, o nəinki mənim üçün, ölkəmiz üçün də əhəmiyyətli insandır. Ona hər kəs böyük hörmətlə yanaşırdılar. Çox adam ona dayı deyirdi, Ağasadıq dayı. 5-6 yaşlarımda babamla çox vaxt keçirirdim. Məktəbə 2-ci növbə gedirdim, hətta məşqlərinə də məni aparardı, daha sonra məni özü məktəbə yola salardı. Mənə elə gəlir ki, “ O olmasın, bu olsun” filmindəki Rüstəm bəy obrazı onun real xasiyyətinə daha çox uyğun idi. “Bəxtiyar” filmindəki Ağabala rolunun xasiyyəti babamın xasiyyətinə uyğun gəlmirdi, o məhz Ağabala obrazını yaratmaq üçün kifayət qədər aktyor ustalığından istifadə edirdi. “O olmasın bu olsun”-da Rüstəm bəyin evində dava düşür. O davada Rüstəm bəyə birdən-birə yumruq dəyir. Babam deyir ki, rejissor o səhnəcikdə iştirak edən aktyorlara ayrılıqda demişdi ki, sən nə edəcəksən. Babam deyir ki, mən bilmirdim ki, mənə şillə dəyəcək”, - deyə aktyorun nəvəsi bildirib.
Gəray Gəraybəyli deyir ki, babası 90 yaşına qədər səhnədə olub.
“Onun son oynadığı obraz “Xurşudbanu Natəvan” pyesindəki qoca knyaz rolu idi. O bir dəfə evə tamaşadan qanıqara gəldi. Sual verdilər ki, Ağasadıq, nə olub? Əvvəl heç nə demədi, dedi ki, acam, mənə yemək verin. Çörəyi yeyəndən sonra dedi ki, biz həmişə tamaşaya məsuliyyətlə yanaşırdıq. Sözünün axırı belə oldu ki, hansısa cavan aktyor 18-ci əsrin tamaşasında paltarını dəyişmədən cins şalvarla səhnəyə çıxıb. Babam bunu görüb. Ona irad tutanda deyib ki, ay Ağasadıq müəllim, onsuz da zalda tamaşaçı az idi! O belə səhlənkarlıqları qəbul etmirdi. Son günlər onun gözündə problem var idi, bir gözü ümumiyyətlə görmürdü. Yaşı 90-nı keçdiyinə görə evdəkilər əməliyyat etdirmirdilər. O həftədə bir dəfə “Xurşudbanu Natəvan” tamaşasındakı qoca knyaz obrazını oynamaq üçün teatra gedirdi. Atam onu teatra aparırdı, teatrda Telman Adıgözəlov o vaxt cavan aktyor idi. Atam babamı maşından düşürdürdü, Telman gəlib əlindən tutub qrim otağına aparırdı, daha sonra isə səhnəyə. O səhnədə o qədər sərbəst idi ki, heç kəs inana bilmirdi ki, onun gözü görmür”, - deyə aktyorun nəvəsi bildirib.