Uşaqlığımız "Bəxtiyar”, "Qaynana”, "Mən mahnı qoşuram”, "Əhməd haradadır?”, "Ulduz”, "Şir evdən getdi” kimi musiqili filmləri izləyərək keçib. İndi də filmlərdə o musiqini, qəhrəmanların ifasında səslənən mahnıları axtarırıq.
Son dönəmlər çəkilən filmlərin əksəriyyəti bəsit süjetlərə, ucuz gülüşə əsaslanan, peşəkar rejissor işindən və aktyor oyunundan uzaq "kommersiya” filmləridir. Komediya filmi çəkən o rejissorlar isə bəstəkar musiqilərindən, musiqinin kinodakı funksiyasından bixəbərdirlər. Bəs görəsən niyə hazırda musiqili filmlər çəkilmir? Ya da hanı bu filmlərin musiqisi?
Mövu ilə bağlı Əməkdar İincəsənət xadimi Cavanşir Quliyev Moderator.az-a danışdı:
“Həm kinoda, həm əyləncəli musiqilərdə, bir çox şeylərdə zövqlər dəyişilib. Zaman ən yaxşı hakimdir. Kino musiqisinə gəldikdə isə indiki filmlərdə bəstəkar musiqilərinin olmamasının da öz səbəbləri var. Tək zövq məsələsi deyil. Əvəllər Sovet dönəmində o filmlərin büdcəsi çox idi. O zamankı qanunlara görə filmin mütləq bəstəkarı olmalı idi. Buna görə o filmlərin bəstəkarları olurdu.
Azad bazar dövrünə keçəndən sonra filmin qrup rəhbərlərin əl qolu açıldı və sərbəst bazarda heç kim onlara bu qanunu qoya bilmədi. Filmi çəkənlər də düşünür ki, büdcədən qənaət edib hazır musiqilərə müraciət edək, çünki bəstəkar musiqisi bahadır. O pulu filmin başqa sahələrinə xərcləyək. Son zamanalar çəkilən filmlərin yetərincə büdcələri olmur.
Rejissorlarların zövqləri də dəyişib, onlar hesab edirlər ki, film çəkərkən bəstəkara ehtiyac yoxdur. Bu zövq məsələsidir. Ola bilər ki, bəstəkarı olmayan film “Oskar” mükafatı da ala bilər. Amma təəssüf ki... Bizdə dahi rejissor varsa da onun elə bir işini görməmişik.
Rejissorların zövqsüzlüyü, büdcənin az olması, bəstəkarların dəvət edilməsinin məcburi olmaması məhz bu vəziyətə gətirib çıxarır.
Tamaşaçılardan soruşamq lazımdır ki, bəyənirlərmi o filmləri?”
Xəyalə Rəis