Bugünlərdə Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov maraqlı təkliflə çıxış edib. Ökədə hərbi vətənpərvərlik əhval-ruhiyyəsinin yüksldilməsinin zəruriliyinə toxunan komitə sədri, fərariliklə mübarizənin önəminə də diqqət çəkib. Ə. Həsənov bildirib ki, gənclərin daha çox hərbi təhsil almasına diqqət yetirilməli, fərarilərə qız verilməməlidir.
Şübhəsiz, hörmətli komitə sədrinin istər vətənpərvərlik tərbiyəsinin inkişafı, istərsə də fərarilərlə mübarizənin zəruriliyi ilə bağlı fikirləri təqdirəlayiqdir. Lakin Ə.Həsənovun məlum təklifində “kiçik” bir “əmma” mövcuddur. Bu “əmma”nın da mahiyyəti odnan ibarətdir ki, bu gün Azərbaycanda iri məmur övladlarının demək olar ki, heç biri həqiqi hərbi xidmət keçməyib və keçmir. Deməli, hörmətli komitə sədrinin “xilas resepti”nə əsasən iri məmur övladlarının hamısı ömürlük subay qalmalıdır.
Bu arada onu da unutmaq olmaz ki, bəzi məmurlar gələcəkdə övladlarını yüksək vəzifələrə yerləşdirmək üçün onların hərbi xidmət keçməsini zəruri sayır və bu səbəbdən də onların paytaxt və ya yaxın əyalətlərdəki elit hərbi hissələrdə formal xidmətini təşkil edirlər. Hansı ki, sadə azərbaycanlı ailələrinə mənsub minlərlə gəncin cəbhə xəttində, ağır şərtlər altında xidmət etməsi fonunda bunun özü də fərarilik kimi qəbul edilə bilər.
Bu baxımdan Ə.Həsənovun məlum təklifi ilə əslində məmur övladlarının həyatına evlilik yasağı gətirdiyi şübhəsizdir və çətin ki, onun bu təklifi hansısa məmur övladının ürəyində olsun. Məsələnin digər bir çətinliyi isə ondadır ki, bu təklifin özü də fərarilik və ordudan yayınmaqla bağlı problemin həlli deyil.
Ümumiyyətlə, ordudan yayınma hallarının qarşısını almaq üçün fərarilərlə deyil, fərarilik və onu doğuran səbəblərlə mübarizə aparmaq daha məqsədəuyğundur. Hansı ki, bu səbəblərdən bir çoxu Azərbaycan reallığı ilə az-çox tanış olan hər kəsə məlumdur. Ordudakı məlum durum - rüşvət və korrupsiya, özbaşınalıq, hərbçilərin, xüsusilə də əsgər və çavuş kontingentinin şərəf və ləyaqət toxunulmazlığının təmin edilməməsi və s. bəzi insanların ordudan uzalaşmasına, onların hərbi xidmətdən yayınmasına səbəb olur. Bu gün ordu sıralarından tərxis edilən çox az sayda insan özü ilə yaşadığı şəhər və kəndə ordu ilə bağlı xoş və müsbət mənada unudulmaz təəssürat aparır.
Bir sözlə, fərariliklə mübarizə aparmaq üçün əvvəlcə ordunu sözün həqiqi mənasında şərəf və mətinlk məktəbinə çevirmək, ona qarşı hər bir vətəndaşın qəlbində sevgi yaratmağı bacarmaq lazımdır. Nə qədər ki, bu yoxdur, ictimaiyyətin orduya olan münasibətini dəyişmək, onu xalqın güvən yerinə çevirmək mümkün olmayacaqdır. Hətta bütün məmur övladları ömürlük subay qalsa belə...
Seymur Əliyev
E-mail: seymur_dq04@mail.ru