Ayıb bir sıra anlayışlar, məfhumlar kimi mücərrəd, qeyri-maddi bir anlamdır. Belə ki, sevgi və nifrət, ümid və ümidsizlik, ehtiras və ətalət kimi o da maddiliyin qəlibindən, onun ölçü və çərçivələrindən uzaqdır. Lakin son günlər Azərbaycan reallığında bir sıra mənəvi dəyərlərin aşkar şəkildə maddiləşməsi prosesi müşahidə edilir ki, bunlardan da biri ayıbdır. Bu məfhumun necə, hansı nümunələr əsnasında maddiləşdiyini görmək üçün son günlər ölkə mediasının kifayət qədər işıqlandırdığı iki fakta müraciət etmək kifayətdir.
Bu faktlardan biri İranda dünyasını dəyişən Dadaşzadə Qorqud adında körpənin meyidinin sırf borc səbəbi ilə valideynlərinə verilməməsi, digəri isə şəhid əsgər Rəşad Cəfərzadənin 40 mərasimi üçün gərəkli maliyyə vəsaitinin tapılmasında müşahidə edilən çətinliklə bağlıdır. Hansı ki, hər iki problemin gec də olsa həll edilməsi təskinedici oldu.
Azərbaycanın azyaşlı vətəndaşının meyidinin borc səbəbi ilə İranda girov saxlanılmasının dövlətimiz üçün bir deyil, bir neçə aspektdən ayıb sayıldığı şübhəsizdir.
Birincisi, baş verən bu olay Azərbaycan səhiyyəsinin sadəcə quru ada malik olduğunu, böyüyündən tutmuş körpəsinə qədər əksər vətəndaşların müalicə üçün yad ölkələrə üz tutduğunu bir kəs daha ortaya qoydu. İkincisi, azyaşlının meyidinin uzun müddət girovluqda saxlanılması və körpənin girovluqdan azad edilməsi üçün borcun yarısının dövlət deyil, hansısa qeyrətli Azərbaycan vətəndaşı tərəfindən ödənilməsi hökumətin baş verənlərdən nəinki utanc hissi keçirmədiyini, yaşananları tamamilə əhəmiyyətsiz bir hadisə kimi qiymətləndirdiyini göstərdi. Halbuki, bir dövlətin qocasının və ya körpəsinin meyidinin səbəbindən asılı olmayaraq, hansısa dövlətdə girov saxlanılması, həmin dövlətin adına ən böyük təhqirdir və bu təhqirin xəfifə alınacaq, malalanacaq bir tərəfi yoxdur. Çünki bu olay dövlətin öz vətəndaşının sadəcə dirisinə deyil, ölüsünə belə sahib çıxa bilmədiyini və ya çıxmaq istəmədiyini göstərir.
Düşmənlə döyüşdə şəhid olan əsgərimizin 40 mərasimi üçün pulun tapılmaması və bu problemin şəhidin yaxınlarını günlər uzunu narahat etməsi də dövləti ayıb, əxlaqi-mənəvi suç sayılacaq məsələlərdən biridir. Baxmayaraq ki, son anda Binəqədi Rayon icra Hakimiyyəti nümunəvi bir addım ataraq problemin həllini üz üzərinə götürməklə şəhid ailəsinin narahatlığına son qoydu. Lakin bu problemin gündəmə gəlməsi, günlər boyu öz aktuallığını qoruyub saxlaması, mətbuata daşınması bu sahədə ciddi boşluq və nöqsanların mövcud olduğunu göstərdi.
Həyatını vətənin bütövlüyünə, təhlükəsizliyinə qurban verən bir şəhidin yaxınlarının yas mərasimi üçün maliyə dərdi çəkməsi, bu problemin həlli üçün kimlərinsə mərhəmətinə, yardımına ümid etməsi yolverilməz və ayıb sayılacaq bir işdir. Çünki hər bir şəhid bu dövlətin şərəfi və namusu uğrunda qurban gedir. Odur ki, onların nəinki yas mərasimlərinin təşkili üçün gərəkli olan vəsaiti ayırmaq, şəhid ailələrinin bütün maddi-sosial problemlərini ən yüksək səviyyədə həll etmək dövlətin ən ali borcu, şərəf və namus borcudur. Bu məsələdə hər hansı qətiyyətsizlik, qeyri-müəyyənlik və geriçəkilmə ola bilməz. Şəhid ailələrinə elə miqdarda kompensasiya ayırmaq lazımdır ki, onlar dövlətin ayırdığı bu vəsaitlə öz yaslarını verə, yaşamlarını davam etdirə bilsinlər.
Lakin təəssüflər olsun ki, yuxarıda qeyd etdiyimiz son iki olay, şəhid və körpə cənazəsinin maddiləşən ayıb qismində çıxış etməsi bu sahədə vəziyyətin hələ də qənaətbəxş olmadığını, dövlətin öz vətəndaşlarını ”“ şəhid və körpəsini belə sahiblənməkdə ciddi çətinlik çəkdiyini göstərir. Halbuki, vətəndaşın öz dövlətinə sahiblənməsi üçün dövlətin öz vətəndaşına sahiblənməsi şərtdir. Şəhidinə, körpəsinə, ölüsünə, dirisinə hörmət göstərməyən, pulu öz vətəndaşından, onun həyat və şərəfindən üstün tutan bir dövlət məhvə məhdumdur və bu dövlət qiyamətə qədər alçalacaqdır.
Seymur Əliyev
e-mail: [email protected]