Zabratda gizli sevgi münasibətləri qanla bitdi
Kriminal
403
14:21, Bu gün

Zabratda gizli sevgi münasibətləri qanla bitdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Leyla Abbasova və onun 20 yaşlı sevgilisi Zahir Soltanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə ötən il avqustun 9-da Zabrat qəsəbəsində baş verib.
 
29 yaşlı İkram Piriyev yaşadığı evdə qətlə yetirilib. Cinayəti törətməkdə Zahir Soltanov və onunla sevgi münasibətində olan Leyla Abbasova ittiham olunaraq saxlanılıblar. Zahir Soltanov Cinayət Məcəlləsinin 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmə), Leyla Abbasova isə 32.5, 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsin qəsdən öldürülməsində iştirak etmə) maddələri ilə təqsirləndirilib.
 
Leyla Abbasova ilkin istintaq zamanı verdiyi ifadəsində ailə həyatındakı problemlərdən, ərinin xəyanətlərindən və Zahir Soltanovla tanışlığından bəhs edib. Onun sözlərinə görə, evlilikdən sonra İkram Piriyevlə əvvəlcə onun ata evində yaşayıblar, daha sonra Bakıya köçüblər. İkram Piriyev taksi fəaliyyəti ilə məşğul olub. Leyla Abbasova bildirib ki, sonradan Sabunçu ərazisində ev alıb təmirə başlayıblar. Onun iddiasına görə, ərinin başqa qadınlarla münasibətləri olub və bu səbəbdən aralarında mübahisələr yaranıb. Təqsirləndirilən şəxs qeyd edib ki, Zahir Soltanovla əvvəlcə qonşu kimi tanış olub, daha sonra sosial şəbəkələr vasitəsilə ünsiyyətləri davam edib və münasibətləri dərinləşib. Onun ifadəsinə görə, ərinin bu yazışmalardan xəbər tutmasından sonra evdə gərginlik yaranıb. Leyla Abbasova həmçinin bildirib ki, Zahir Soltanov ondan boşanmasını istəyib, lakin övladlarına görə buna razı olmayıb. Leyla Abbasova ifadəsində qeyd edib ki, hadisə günü gecə evdə səs-küy eşidib və daha sonra ərini yerdə hərəkətsiz vəziyyətdə görüb. Onun sözlərinə görə, həmin an qara geyimli bir şəxsin əlində bıçaqla evdən uzaqlaşdığını görüb. Daha sonra o, qonşuları köməyə çağırdığını və hadisədən sonra Zahir Soltanovun anası ilə birlikdə hadisə yerinə gəldiyini bildirib. Şahid qismində ifadə verən Zahir Soltanovun babası Hidayət Soltanov hadisədən səhər xəbər tutduğunu bildirib. Zahid Soltanovun anası Elnarə Soltanova isə ifadəsində “Oğlumun ağlı başında olsaydı, bu səhvləri etməzdi” deyib.
 
Hadisənin bütün hallarını araşdıran məhkəmə hökm çıxararaq Leyla Abbasovanı 15 il, Zahir Soltanovu isə 18 il müddətinə azadlıqdan məhrum edib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər