Rusiyanın qadağa qoyduğu Ermənistan malları Avropada satılacaq...-NAZİR
İqtisadiyyat
298
13:19, Bu gün

Rusiyanın qadağa qoyduğu Ermənistan malları Avropada satılacaq...-NAZİR

Ermənistan İqtisadiyyat Nazirliyi hökumətin müzakirəsinə Ermənistan istehsalçılarının ixracını Avropa Birliyi bazarına yönləndirməsinə imkan verən dəstək proqramı təqdim edib. 
 
Moderator.az xəbər verir ki, "Aysor" nəşrinin məlumatına görə, bu barədə  İqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə danışıb.
 
O bildirib ki, qərar Rusiyanın bir sıra Ermənistan mallarının idxalına qoyduğu məhdudiyyətlər fonunda verilib.
 
Avropa standartları və Ermənistan məhsullarının keyfiyyəti nəzərə alınmaqla AB-yə ixracın mümkünlüyü ilə bağlı suala cavab olaraq nazir bildirib ki, bu, "tamamilə realdır", çünki Ermənistan kənd təsərrüfatı məhsulları yüksək beynəlxalq standartlara cavab verən "GlobalG.A.P." sertifikatlarına malikdir.
 
Papoyan əsas çətinliklərin nəqliyyat xərcləri ilə bağlı olduğunu qeyd edib. O, çiyələk becərilməsi nümunəsini göstərərək vurğulayıb ki, Ermənistanda loqistika xərcləri AB ölkələrinə nisbətən xeyli yüksəkdir və bu da rəqabətə təsir göstərir.
 
Nazir bildirib ki, hökumət artıq ixracatçıların məhsullarını Avropa bazarında rəqabətə davamlı etmək üçün onların nəqliyyat xərclərini subsidiyalaşdırmaq üçün proqram tətbiq edib.
 
"Biz çox əhəmiyyətli dəstək göstərəcəyik; hər bir məhsul qrupu üçün kompensasiya artıq hesablanıb", - deyə o bildirib və bunun milyonlarla dollar dəyərində gül, pomidor və bibər ixracına dəstəyi də əhatə etdiyini vurğulayıb.
 
İxrac istiqamətləri ilə bağlı suala cavab olaraq Papoyan Ermənistan məhsullarının "bütün Avropa ölkələrinə - Yunanıstandan Almaniyaya" tədarük edilə biləcəyini bildirib.
 
Rusiyanın məhdudiyyətlərini şərh edən nazir müavininin Astanada Rusiya tərəfi ilə danışıqlar apardığını və "müsbət atmosferi" və məsələləri həll etmək istəyini qeyd etdiyini bildirib.
 
O, həmçinin 7 iyun 2026-cı il parlament seçkilərindən sonra məsələlərin daha tez həll olunacağına əminliyini ifadə edib.
 
Xatırladaq ki, "Rossexoznadzor" 2 iyundan 2026-cı il tarixindən etibarən Ermənistan istehsalı olan çəyirdəkli meyvələr (albalı, gilas, ərik, alça, şaftalı və nektarin) və təzə üzümlərin idxalına və onların Avrasiya İqtisadi Birliyi ölkələrinə tranzitinə müvəqqəti məhdudiyyətlər tətbiq edəcəyini elan edib. Məhdudiyyətlərin səbəbi fitosanitar tələblərin pozulması və Ermənistan məhsullarında aşkar olunan pozuntuların artmasıdır.
 
Bundan əvvəl Rusiya Ermənistan istehsalı pomidor, xiyar, bibər və çiyələk idxalını da məhdudlaşdırmışdı. Hazırda Ermənistan istehsalı olan güllər, balıq məhsulları, bəzi spirtli içkilər və “Cermuk” mineral suyunun da idxalı qadağandır. Məhdudiyyətlər məhsulların təhlükəsiz daşınması üçün uyğun alqoritm hazırlanana qədər qüvvədə qalacaq...
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər