Çexiyanın Baş naziri Andrey Babiş ölkəmizdə səfərdə olarkən ölkəsinin milli enerji operatoru ČEPS-in Azərbaycandan təbii qaz almaq niyyətində olduğunu bildirib.
Maraqlıdır, Çexiyanın bu istəyi Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycandan olan asılılığının artmasının göstəricisi sayıla bilərmi?
Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı alim Vüqar Bayramov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Çexiya ilə Azərbaycan arasındakı strateji müttəfiqlik iqtsiadiyyatın fərqli sahələri üzrə əməkdaşlığın formalaşmasına imkan verir. Nəzərə alaq ki, Çexiya Azərbaycandan İtaliyadan sonra ən çox neft alan ikinci Avropa ölkəsidir. İki ölkə arasında ixracın vəziyyəti də qənaətbəşxdir.
Azərbaycanla Çexiya arasında ciddi və dərin əməkdaşlıq formalaşıb. Azərbaycan qazının Çexiyaya ixracı ölkəmizin mavi qaz ixrac etdiyi dövlətlərin sayının artmasına gətirib çıxaracaq. Bu ölkələrin sayı 17-ə çatacaq.
Digər tərəfdən isə bu, həm də Avropanın enerji təhlükəsizliyinin formalaşmasında Azərbaycanın rolunun artmasına təkan verəcək. Məlum yenilik Çexiyanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə dəstək olacaq.
Bu baxımdan, Azərbaycanın mavi qaz ixrac coğrafiyasını genişləndirməsi ölkəmizin maraqları ilə yanaşı, Avropa ölkələrinin də mənafeyi baxımından olduqca önəmlidir”.
Seymur ƏLİYEV