Seyran Səxavətin külliyyatı və Borxesin
Cəmiyyət
156
20:05, Bu gün

Seyran Səxavətin külliyyatı və Borxesin "cənnəti" - FOTO

Milli Kitabxanadakı yubiley sərgisindən kiçik qeydlər

Hər adamın kitablarının sərgisi keçirilir? Yox. Gərək o qədər genişspektrli yaradıcı şəxs olasan ki, bir gün yubileyində (ya da elə yubileysiz) sənin kitabların sərgilənsin.

Özü də harda?! Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında.

Bu xoşbəxtlik yazışı, şair, dramaturq, tərcüməçi Seyran Səxavətə də nəsib oldu. Milli Kitabxana sərgini yazıçının 80 illik yubileyinə həsr edib. Sərgidə Seyran Səxavətin ilk kitabından başlamış son kitabına qədər bütün külliyyatı nümayiş etdirilir.

Milli Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirov çox isti, səmimi bir giriş nitqi söylədi, Seyran Səxavətə, qonaqlara "xoş gəldin" deyəndən sonra, yazıçının yaradıcılığının qısaca da olsa, təhlilini verdi. Yubilyarı təbrik elədi. Sonra da sözü Seyran Səxavətin özünə verdi.

Burda bir haşiyə çıxacam.

Erix Mariya Remak deyirdi: "Sizin məndə gördüyünüz nə varsa, sizindir. Mənimki olan sizdə gördüklərimdir".

Oxucunun Seyran Səxavətdə gördükləri oxucunundur, Seyran Səxavətə qalan isə onun oxucuda gördükləridir. Oxucu çox olduqca, yazıçı Sözün mənəvi mənasında varlıdır, zəngindir.

Seyran Səxavətin 7 romanı, onlarla hekayəsi, yüzlərlə çıxışı, minlərlə müsahibəsi, on minlərlə fikri oxucularındır artıq. Bu mənada kimin varlı, kimin kasıb olduğunu özünüz tapın.

"Varlı-kasıb" demişkən, Seyran Səxavət öz çıxışına başlayanda Kərim Tahirovu "ən zəngin adam" adlandırdı: "Çoxlu milyonerlər, milyarderlər var, ancaq Kərim müəllim hamıdan varlıdır. Çünki burda belə bir xəzinənin, bu qədər böyük mənəvi sərvətin sahibidir". Yəni çox böyük kitabxana fondunu idarə edir - "mənəvi oliqarx" da demək olar.

Yazıçı Milli Kitabxananın rəhbərliyinə və kollektivinə təşəkkür elədi, ən məşhur sevgi şeirlərindən birini oxudu.

BY - Seyran Səxavət

Kərim Tahirov daha bir şeir oxumasını istəyəndə, Seyran Səxavət özünəməxsus incə və səmimi yumor hissi ilə ortamı daha da canlandırdı: "Kərim müəllimin, deyəsən, cavanlığı yadına düşüb", dedi.

Səmimiyyətdən söz düşmüşkən, ordakı çıxışımda da dediyim kimi, Seyran Səxavətin yaradıcı sənəti həyatla çox doğmalaşıb: "Şarl Bodler deyirdi: "Sənət həyata baş əyəndə hörmətdən düşür. Seyran Səxavətin sənəti - yaradıcılığı is heç vaxt həyata baş əymədi, əksinə həyatla dostlaşdı, doğmalaşdı, dil tapdı, barışdı. Ona görə də onun əsərlərində təbiilik var, şirinlik var, dilin koloriti var".

Seyran Səxavət özünü kitabxanadakı bu səmimi ortamın ona çox yaxşı təsir etdiyini deyirdi. Doğrusu, Seyran Səxavət kimi elə mən də özümü Luis Xorxe Borxesin "cənnətində" hiss edirdim (Borxes axirətdə bizə vəd olunan cənnəti... kitabxana kimi təsəvvür edirdi). Rey Bredberi isə deyirdi, başqaları universiteti bitirdi, "mən isə 27 yaşımda kitabxanadan məzun oldum".

Doğrudan da, fikrimcə, kitabxana da özlüyündə universitetdir. Bu mənada yazıçı Seyran Səxavətin burda sərgilənən külliyyatını da Milli Kitabxana üçün, yəni bu möhtəşəm "Universitet" üçün dəyərli "dərslik" və "dərs vəsaiti" saymaq olar. Həm də köhnə-yeni - hər cür nəşrləri ilə birlikdə.

Bu gözəl sərgi üçün dostum, ustadım Seyran Səxavət qədər mən də Milli Kitabxanamıza minnətdaram. Çox incə düşüncədir.

Ayrıca "Seyran Səxavətə uğurlar arzulayıram" deyəcəkdim, amma sanki bu insan həyatda və yaradıcılıqda bütün uğurlarını qazanıb. Bununla belə bir gerçək var: yazıçının əvvəl yazdığı, bundan sonra da yazacağı hər əsər biz oxucuların uğurudur. Aqil adamlardan birinin sözü ilə desəm, Seyran Səxavət kimi yazıçının əsərlərini oxumaq təkcə o yazıçıya münasibət deyil ki. Hər şeydən, hər kəsdən əvvəl adamın özünün özünə münasibətidir. Yüksək talantla və zəngin zəka ilə yazılmış kitabları oxuyanda: "Gör, mən necə keyfiyyətli mətnlər oxuyuram!" deyə özünlə qürur duyursan, elə deyilmi?!

Sonda Seyran Səxavəti yubileyi və bu gözəl sərgi münasibətilə bir daha təbrik edirəm və deyirəm: "Həmişə ədəbi və insani qürur qaynağımız olaraq qalın, Ustad!"

 

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər