“ “TRIPP” (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə deyil, həm də Mərkəzi Asiyanı Avropa ilə birləşdirən vacib strateji dəhlizdir.”
Moderator.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Dünya Siyasi Konfransı("World Policy Conference") çərçivəsində “Aİ Strateji Tərəfdaş Kimi: Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün Perspektivlər” mövzusunda panel müzakirəsi zamanı bildirib.
Qeyd edək ki, “TRIPP” Orta Dəhlizin (Middle Corridor) tərkib hissəsi kimi, Mərkəzi Asiya ölkələrini (Qazaxıstan, Özbəkistan, Türkmənistan) Azərbaycan və Ermənistan üzərindən Türkiyəyə və oradan Avropaya bağlayır.
Kostanyan qeyd edib ki, bu layihə təkcə dəmir yolu və avtomobil yolu deyil, həm də enerji resurslarının, elektrik enerjisinin (o cümlədən bərpaolunan) və fiber-optik xətlərin daşınması üçün tranzit mərkəzi rolunu oynayacaq.
Ermənistan “TRIPP” layihəsini özünün "Sülh Kəsişməsi" təşəbbüsünə uyğun hesab edir və bu marşrut vasitəsilə regionda nəqliyyat və enerji habına çevrilməyi hədəfləyir.
ABŞ-nin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində, Ermənistanın Sünik (Zəngəzur) bölgəsindən keçən 42-43 km-lik yolun tikintisi və idarə edilməsi üçün "TRIPP Development Company" şirkətinin yaradılması və ABŞ tərəfdaşları ilə birlikdə işlərin fəallaşdırılması nəzərdə tutulur.
“TRIPP” marşrutunun Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirərək beynəlxalq yükdaşımalar üçün yeni, daha sürətli bir yol kimi 2028-ci ilə qədər reallaşması hədəflənir.
Qeyd edilir ki, panel müzakirəsində Gürcüstan xarici işlər nazirinin müavini Laşa Darsaliya, Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba, eləcə də Qazaxıstanın Aİ, NATO, Belçika və Lüksemburqdakı səfiri Roman Vasilenko iştirak edib.
S.Laçın