Türkiyə futbolunun ən böyük qarşılaşmalarından olan “Qalatasaray–Fənərbağça” derbisi bu dəfə yalnız meydandakı rəqabətlə deyil, həm də ictimai maarifləndirmə baxımından mühüm addımla yadda qalıb. Belə ki, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin dezinformasiya ilə mübarizə şöbəsinə dəstək məqsədilə hər iki komandanın futbolçuları meydana xüsusi pankartlarla çıxaraq dezinformasiyanın ictimaiyyətə mənfi təsirlərinə diqqət çəkiblər.
Moderator.az xəbər verir ki, futbolçuların oyundan əvvəl nümayiş etdirdikləri “Yalana qırmızı kart, doğru məlumat, güclü cəmiyyət” və “Paylaşım üçün deyil, həqiqətə inan – dezinformasiyaya “dur” de” şüarları azarkeşlər və sosial media istifadəçiləri tərəfindən böyük rəğbət qazanıb.
İctimaiyyətlə Əlaqələr Departamentindən bununla bağlı verilən açıqlamada kampaniyanın idmanın birləşdirici gücü ilə geniş kütlələrə çataraq, saxta məlumatların cəmiyyətə zərərini vurğuladığı bildirilib.
Qeyd olunub ki, bununla sosial mediada yayılan əsassız xəbərlərin etimadı sarsıtdığı qeyd olunub və manipulyasiyalara qarşı “ictimai dayanıqlılığın” vacibliyi önə çəkilib. Hər iki klubun bu məsələdə ortaq mövqe sərgiləməsi isə problemin ümumi əhəmiyyətini bir daha göstərib.