240
26 Apr 2026 | 23:49

"Dünya şəhərlərinin gələcəyi Bakıda müəyyən olunacaq" - Moldova mətbuatı

"BMT-nin Ümumdünya Şəhər Forumu 2026-cı ilin mayında Bakıda qlobal urbanistika gündəmini formalaşdıracaq..."

2026-cı il mayın 17-dən 22-dək Bakı BMT-nin ən iri şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhər Forumu - WUF13-ə ev sahibliyi edəcək.

Moderator.az xəbər verir ki, bu barədə Moldovanın "noi.md" nəşri yazıb.

Bakı qlobal şəhərsalma debatlarının mərkəzinə çevrilir

Nəşr yazır ki, Bakı bu tədbirlə qlobal urbanistika gündəmində mühüm rol oynayacaq. Forumda Moldova Respublikasının da geniş nümayəndə heyəti ilə iştirak edəcəyi gözlənilir. Nümayəndə heyətinə bir sıra şəhərlərin merləri də daxil olacaq. 

Bu il forumun əsas mövzusu "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" kimi müəyyən edilib və qlobal miqyasda artan mənzil böhranına diqqət çəkir. Açılışa az vaxt qaldığından hazırlıqlar sürətlə davam edir.

Bakı həmin günlərdə beynəlxalq ekspertlər, hökumət nümayəndələri və şəhər rəhbərlərinin əsas müzakirə platformasına çevriləcək. Forumda diqqət xüsusilə şəhərlərin gələcəyi, əlçatan mənzil siyasəti və dayanıqlı infrastruktur modellərinə yönələcək.

Ümumdünya Şəhər Forumunun mahiyyəti

BMT tərəfindən 2001-ci ildə yaradılan Ümumdünya Şəhər Forumu (WUF) sürətli urbanizasiya prosesinin yaratdığı sosial, iqtisadi, ekoloji və idarəetmə problemlərinin müzakirəsi üçün qlobal platforma rolunu oynayır. Hazırda dünya əhalisinin təxminən 45 faizi şəhərlərdə yaşayır və bu göstəricinin yaxın onilliklərdə daha da artacağı proqnozlaşdırılır.

Ekspertlərin fikrincə, WUF13-də əsas diqqət mənzil təminatı, şəhər təhlükəsizliyi və dayanıqlı urban inkişaf modellərinə yönələcək. Forum həm də Bakıda keçirilmiş COP29 iqlim konfransında başlanmış qlobal müzakirələrin davamı kimi qiymətləndirilir.

COP29 təcrübəsi və Bakının təşkilati modeli

Azərbaycan 2024-cü ildə COP29 iqlim konfransını yüksək səviyyədə təşkil etməklə böyük beynəlxalq tədbirlər üzrə təcrübəsini bir daha nümayiş etdirib. Tədbirdə 198 ölkədən nümayəndələr, on minlərlə iştirakçı, o cümlədən dövlət və hökumət başçıları, BMT rəhbərliyi və beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Konfransın nəticəsi olaraq qəbul edilən qərarlar "Baku Climate Unity Pact (BAKU PACT) sənədində öz əksini tapıb və qlobal iqlim diplomatiyasında mühüm mərhələ kimi dəyərləndirilib. Bu təcrübənin WUF13-ün təşkilində də əsas baza rolunu oynayacağı bildirilir.

Qlobal gündəm və Bakının təqdim edəcəyi model

WUF13-ün əsas məqsədi hökumətləri, şəhər rəhbərlərini, beynəlxalq təşkilatları və ekspertləri bir araya gətirərək şəhərlərin gələcəyi ilə bağlı real və tətbiq oluna bilən həllər hazırlamaqdır. Tədbirə təxminən 30 min iştirakçının qatılması gözlənilir.

Forum çərçivəsində Bakı həm də "ağıllı şəhər", yaşıl enerji və ekoloji nəqliyyat sahəsində həyata keçirdiyi layihələri təqdim edəcək. Elektrik nəqliyyatı, mikromobillik həlləri və inteqrasiya olunmuş şəhər nəqliyyat sistemi xüsusi diqqət mərkəzində olacaq.

2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır. Bu baxımdan WUF13 şəhərlərin gələcəyini müəyyən edən ən mühüm qlobal platformalardan biri kimi qiymətləndirilir və Bakı bu qlobal müzakirənin əsas mərkəzinə çevrilir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər