“ABŞ-ın SSRİ-ni dağıtmaq planı yox idi. Ağ Evin, sadəcə, Sovet İttifaqını zəiflətmək və idarə olunan səviyyəyə çatdırmaq planı var idi...”
Bu gün – 17 Noyabr Milli Dirçəliş Günüdür... AXC-nin keçmiş SSRİ “KQB”-si tərəfindən yaradıldığını iddia edənlər belə bir versiya da irəli sürürlər ki, elə 33 il - bir qərinə öncə Azərbaycanda başlanmış Meydan hərəkatını da SSRİ-ni dağıtmaq istəyən “KQB”-nin Qorbaçova işləyən qanadı və ABŞ, Qərb kəşfiyyatları, MKİ-, “Mİ-6” və s. xalqımızın vətənpərvərlik duyğularından, milli hisslərindən yararlanaraq və hakimiyyətə can atan keçmiş partnomenklatura nümayəndələrinin maddi dəstəyi ilə təşkil etdilər. Və nəticədə Sovet İttifaqı dağıldı, Azərbaycan müstəqillik qazansa da, Qarabağ işğal olundu və neftimiz, digər sərvətlərimiz dünən Rusiya tərəfindən istmar olunurdusa, indi də ABŞ-ın, Avropanın dəstək verdiyi korrupsionerlərin əli ilə talanmağa başladı. Və son nəticədə xalqın dolanışığı zahirən yox, mahiyyətcə sovet dövründəkindən ciddi şəkildə fərqlənmir... Görəsən, 1988-ci ildən başlanmış milli azadlıq hərəkatı fəallarının bu fikirlərə münasibəti necədir?

Mövzu ilə bağlı müraciət etdiyimiz AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov Moderator.az-a açıqlamasında bunları söyləyib:
“Öncə sonuncu fikirdən başlayaq ki, guya hazırda xalqın dolanışığı sovet dövründən fərqlənmir. Çox primitiv bir düşüncə tərzinin nəticəsidir bu. Bizim gənclərimizin çoxu sovet dövrünü görməyiblər. Bəzən deyirlər ki, guya sovet dövründə bərabərlik var idi. Əslində aclıq bərabərliyi vardı. Yəni toxluq bərabərliyi yox idi. Ac olmağın bərabərliyini yaratmaq çox asan şeydir. Toxluq bərabərliyini yaratmaq çətindir. Və həmin dövrü, yəni “defisit” dediyimiz, talonla ət, yağ, şəkər aldığımız dövrləri yada salsaq, görərik ki, sovet dövrü ilə indiki dövrün xeyli fərqi var. O zaman insanın gündəlik qidasından tutmuş geyiminədək kiçik şeyləri də əldə etmək üçün hansısa gizli əlaqələr lazım idi. Çünki gündəlik tələbat malları da məhdud səviyyədə idi. Və bu proses hökumət tərəfindən də idarə olunurdu. Sadəcə, kinokadrlarda, sənədli filmlərdə o dövrlərin geyimlərinə baxsaq, indiki gənclərin geyiminə baxsaq, açıq fərqi ortada görərik. Təbii ki, hazırda yaşayış üçün çətinlik çəkənlər də, aclıq səviyyəsində dolananlar da var, işsizlərimiz də çoxdur. Ancaq bunlar heç cür o dövrlə müqayisə oluna bilməz...Yəni deyilən problemlərin də aradan qaldırılması artıq millətin başqa istiqamətdə özünütəşkilindən, öz mənafelərini müdafiə etməsindən asılıdır. Bu da ki növbəti mərhələlərlə öz həllini tapacaq...
Qaldı ki, milli azadlıq hərəkatlarının başqa dövlətlərin kəşfiyyatları, yaxud keçmiş DTK tərəfindən təşkil olunmasına, istənilən ictimai hərəkatdan ölkədəki təhlükəsizlik xidmətləri də, partnomenklatura da, mafiozlar da yararlanmağa çalışır. Bunun üçün də, təbii ki, onlar öz adamlarını həmin hərəkata yerləşdirməyə çalışır və çox vaxt da buna nail olurlar. Belə proseslər Azərbaycandakı milli azadlıq hərəkatı dövründə də baş verib... Yəni burada qeyri-adi bir şey yoxdur. Ancaq demək ki, yüz minlərin qatıldığı Azərbaycandakı Meydan hərəkatı bütövlükdə başqa məqsədlərə xidmət edib, “KQB”, yaxud ABŞ MKİ tərəfindən idarə olunub, bu, doğru olmaz. Həmin adamların arasında vəfat edənlər də, yaşayanlar da xeylidir. Bu, onların xidmətlərinə sayğısızlıq və ölənlərin ruhuna təhqir olar. Dediyim kimi, hamı azadlıq hərəkatlarından da, SSRİ-nin zəifləməsindən də və s. öz məqsədləri üçün yararlanmağa çalışırdı...
İndi deyirlər ki, Amerika SSRİ-ni dağıtmaq istəyirdi. Sizə konkret deyə bilərəm ki, ABŞ-ın SSRİ-ni dağıtmaq planı yox idi. Ağ Evin, sadəcə, Sovet İttifaqını zəiflətmək və idarə olunan səviyyəyə çatdırmaq planı var idi. Amerikanın, Qərbin planlarına yalnız Şərqi Avropanı SSRİ-nin təsirindən çıxarmaq və Baltikyanı ölkələrini bu İttifaqdan ayırmaq daxil idi. Və onlar Güney Qafqaz, o cümlədən Azərbaycanın, eləcə də Orta Asiya respublikalarının müstəqil olmasını istəmirdilər. Əksinə, ABŞ və Qərb Qorbaçova kömək etməyə çalışırdı ki, Baltikyanı respublikalar SSRİ-dən ayrıldıqdan sonra qalan İttifaq ərazisi onların təsir dairəsinə daxil olsun. Və bütün bunlarla, ən əsası, nüvə silahına malik olan bir ölkə kimi Sovet İttifaqının təhlükəsini azaltmaq və təsir altına salmaq istəyirdilər. Ancaq Qafqazda və digər respublikalardakı milli azadlıq hərəkatları Qərbi real vəziyyətlə barışmağa məcbur etdi. Yəni demək ki, heç kəs heç bir iş görməyib, burada xalqların, milli azadlıq hərəkatlarının heç bir rolu olmayıb, hər şey haradasa hazırlanmış plan üzrə həyata keçirilib –bu, primitiv düşüncə tərzidir...
“ABŞ-ın, Qərbin SSRİ ilə bağlı dediyiniz planlarını sübut edən hansısa bir rəsmi mənbə varmı əlinizdə?” sualına isə həmsöhbətimiz belə cavab verib:
“Bəli, 1990-cı ilin Yanvar hadisələri ilə bağlı həbsdən çıxdıqdan sonra ABŞ-dakı Kennan İnstitutu məni bu ölkəyə dəvət etdi. 1991-ci ilin mayında ABŞ-da səfərdə oldum. Və həmin institutda Sovet İttifaqında milli azadlıq hərəkatları mövzusunda mühazirə oxudum. O zaman hələ SSRİ mövcud idi və Qorbaçov da prezident idi. Orada çox müxtəlif qurumlarda müxtəlif görüşlər və ciddi müzakirələr də oldu. Mən amerikanlara sual etdim ki, siz demokratiyadan danışdığınız halda nəyə görə 1990-cı ilin yanvarında Moskva tərəfindən Azərbaycanda, Bakıda insanlıq əleyhinə törədilmiş cinayətə, kütləvi qırğına qarşı kəskin çıxış etmədiniz, əksinə, Qorbaçovu müdafiə etdiniz və hətta onun Nobel Mükafatı alması üçün də əlinizdən gələni etdiniz. O zaman adını unutduğum ABŞ rəsmilərindən biri – Dövlət Departamentinin yüksək vəzifəli şəxsi konkret olaraq bildirdi ki, bizim SSRİ-ni dağıtmaq məqsədimiz yox idi, biz SSRİ-ni islah etmək məqsədilə işlər həyata keçirirdik. Qorbaçov da bu istiqamətdə bizim üçün ən yaxşı namizəd idi və ən yaxşı da işlər görürdü. Və həmin ABŞ rəsmisi onu da əlavə etdi ki, bəzi keçmiş müttəfiq respublikalarda, o cümlədən Azərbaycandakı milli azadlıq hərəkatının, Meydan hərəkatını miqyası və gücü bizim üçün gözlənilməz oldu və biz işin gedişində bu situasiyaya uyğunlaşmağa məcbur olduq”
Sultan Laçın