Bakıdakı Krişna icmasının maliyyə sirləri – Elə nüansları açıqladılar ki... - REPORTAJ
148
13:35, Bu gün

Bakıdakı Krişna icmasının maliyyə sirləri – Elə nüansları açıqladılar ki... - REPORTAJ

Bakının səs-küyündən bir qədər aralı, ilk baxışda adi görünən bir məkanın -məbədin qapısını döyürük. İçəri daxil olan kimi isə tamam fərqli bir mühit, sakitlik və anlaşılması üçün zaman tələb edən bir fəlsəfə ilə qarşılaşırıq. Bura dünyada Beynəlxalq Krişna Şüuru Cəmiyyəti kimi tanınan dini cərəyanın Azərbaycandakı ünvanı - Bakı Krişna Şüuru Dini İcmasıdır.

Bu icmanın əsası ötən əsrdə yaşamış hindistanlı ruhani lider Bhaktivedanta Svami Prabhupada tərəfindən qoyulub. Qədim Veda fəlsəfəsinə əsaslanan və vaişnavizm adlanan bu cərəyanın təməlində insanın özünü və kainatı dərk etməsi dayanır. Prabhupada 1960-cı illərdə Hindistandan ABŞ-yə gedərək bu ideyaları dünyaya yaymağa başlayıb və qısa müddətdə qlobal bir dini-fəlsəfi hərəkat formalaşdırıb.

Azərbaycanda isə bu cərəyanın izi sovet dövrünə gedib çıxır. O illərdə gizli fəaliyyət göstərən icma, müstəqillikdən sonra artıq açıq şəkildə təbliğata başlayıb və öz məbədini qurub.


Məbədin içində bizi qarşılayanlardan biri – Əli Xalıqovdur. Sakit, ölçülü danışığı ilə diqqət çəkən Əli artıq 30 ildən çoxdur bu yolun yolçusudur. O deyir ki, bu məkan sadəcə ibadət yeri deyil:

– Bura həm məbəd, həm də ruhani akademiyadır. Burada əsasən qədim mətnlər, xüsusilə sanskrit dilində yazılmış əsərlər öyrənilir. Bu biliklər minilliklərdir mövcuddur və insanın özünü, həyatı anlamağına kömək edir.

Onun sözlərinə görə, bu fəlsəfənin mərkəzində insanın özünü tanıması dayanır:

– İnsan özünü tanımadan başqa heç nəyi düzgün dərk edə bilməz. Biz burada sosiologiya, psixologiya, kosmologiya kimi sahələrə də baxırıq. Bunlar həyatın qanunlarını anlamağa kömək edir.


Əli 30 yaşında bu yolu seçib. Bu gün isə 60 yaşını arxada qoysa da, həyatını məbəddə davam etdirir. Ailə qurmayıb, amma bunu məcburiyyət kimi yox, seçim kimi dəyərləndirir.

– Bu həyat tərzi hər kəs üçün deyil. Amma istəyən üçün qapı açıqdır, – deyə əlavə edir.

Məbədin maliyyə tərəfi də maraq doğurur. Əli açıq şəkildə bildirir ki, burada hər şey ianələr hesabına qurulub:– Heç bir ödəniş yoxdur. İnsanlar könüllü şəkildə dəstək olurlar. Biz də inanırıq ki, insan həyat qanunlarına uyğun yaşasa, həyat özü onu təmin edir. Bunu məndən Azərbaycanın Hindistandakı səfiri də soruşdu. Dedi, siz nə ilə dolanırsınız?

Söhbətimiz davam edərkən otağa digər bir sakin – İlqar daxil olur. Yaşı 60-ı keçsə də, danışıq tərzi ilə diqqət çəkir. O da bu icmanın üzvüdür, lakin yolu fərqli olub.

– Rusiyada yaşayanda Bhagavad Gita ilə tanış oldum. Daha çox isə “Hare Krişna” mantrası məni cəlb etdi. Sonra kitabı oxudum və bu fəlsəfə ilə bağlandım, – deyə o xatırlayır.

İlqar ailəlidir, övladları, nəvələri var. Amma buna baxmayaraq, həyatının bir mərhələsində məbəddə yaşamağı seçib:

– Bu, dünyadan imtina deyil. Sadəcə başqa cür yaşamaqdır. Daha çox mənəvi həyatdır. Onun sözlərinə görə, illərdir bu icma maarifləndirmə ilə məşğuldur, küçələrdə kitablar paylanılıb, insanlarla söhbətlər aparılıb – Bu günə qədər milyonlarla kitab yaymışıq. İnsanlara sadəcə bir sual veririk: “Sən kimsən?”


Söhbət zamanı diqqəti çəkən məqamlardan biri də qidalanma qaydalarıdır. Burada ət və heyvani məhsullar istifadə edilmir. Onların düşüncələrinə görə, canlı canlının ətini yeməməlidir. Yeməklərdən əvvəl isə xüsusi dualar oxunur.

– Əsas məsələ yemək deyil, onun necə təqdim olunmasıdır. Əvvəllər hər gün, indi isə müəyyən günlərdə və bayramlarda yüzlərlə insana pulsuz yemək paylanır, – deyə İlqar vurğulayır.

Divarlarda isə ruhani ustadların şəkilləri düzülüb. Bu ardıcıllıq onların mənəvi xəttini simvolizə edir. İcma üzvləri özlərini “krişnaçı” yox, daha çox “vaişnav” adlandırır. Bu söz “Allahın yolunu tutan” mənasını verir. 


300-dən çox üzvü olmasına rəğmən, iki mərtəbəli məbəddə cəmi bir neçə nəfər yaşayır. Halbuki vaxtilə burada onlarla insan qalırmış. İndi isə gələn çox, qalan azdır. Qapı isə hər kəs üçün açıqdır – dinindən, milliyyətindən asılı olmayaraq.

Söhbətin sonunda sakit səslə mantra səslənir: “Hare Krişna, Hare Krişna...”. Bu səslər fonunda məbədi tərk edirik.

Əli və İlqar isə burada qalır – seçdikləri həyatın içində, öz həqiqətlərini axtarmaqda davam edirlər. /Musavat.com/

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər