"Luis Moreno Okampo kimi bir fiqurun müxtəlif qalmaqalların mərkəzində dayanması təsadüfi deyil, o uzun illər beynəlxalq hüququn aliliyini təmin edən orqanlardan birinin "siması" olub".
Moderator.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib.
Millət vəkili bildirib ki, əgər indi onun adı qeyri-şəffaf siyasi kampaniyalar, lobbiçilik və ya sifarişli fəaliyyətlərlə bağlanırsa, bu artıq fərdi nüfuz məsələsi ilə yanaşı, bütövlükdə beynəlxalq ədalət institutlarının selektiv işləməsi iddialarını da gücləndirir.
O qeyd edib ki, bu gün də rəy bildirdiyi məsələlərdə həmin şəxsin təqdimatının qarşısında onun Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru ifadəsinin işlənməsi Okamponun statusundan siyasi alət kimi istifadə etdiyini göstərir:
"Samvel Karapetyan və Ruben Vardanyan kim hansısa yollarla böyük kapitala sahiblənmiş şəxslərin onun əməllərinin maliyyələşdirilməsində adının çəkilməsi göstərir ki, burada çox ciddi resurs oyunu gedirmiş. Belə ki, planlı təsir mexanizmi yaratmaq üçün media və informasiya kampaniyaları maliyyələşdirilib. Eyni zamanda siyasi fiqurlara dolayı və ya birbaşa təsir göstərilib, beynəlxalq platformalarda narrativlər formalaşdırılıb. Bu da proseslərin spontan yox, məhz planlı və sistemli şəkildə olduğunu göstərir".
R.Nəbiyev vurğulayıb ki, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət kimi vacib sahələrinə məsul Josep Borrel kimi şəxslərin adının hallanması bu iddiaları daha da ağırlaşdırır:
"Okampo yayılan videomaterialda Borrelin özü üçün işlədiyini deyir. Bunlar təsdiqini taparsa, deməli Avropa institutları daxilində qeyri-rəsmi təsir kanalları mövcuddur. Bəzi siyasətçilər vəzifədə olduqları vaxt öz şəxsi və hansısa qrup maraqları naminə rəsmi mövqedən kənar, ona zidd fəaliyyət göstərə bilmişlər.
Azərbaycanın Laçın şəhəri yaxınlığında 2023-cü ilin aprelində dövlət sərhəddindən buraxılış məntəqəsi yaratdığı vaxtlar Okampo və Borrelin qərəzli fəaliyyətləri bunu təsdiqləyir.
Okamponun yayılan məlum video görüntülərdə Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində Avropa Komissiyasını Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün addımlar atmalı olduğunu bildirməsi daha bir təsdiqdir".
Deputat diqqətə çatdırıb ki, Azərbaycan və Ermənistanın 2025-ci il Vaşinqton sülh sammitində əldə edilən nəticələrdən sonra sülh şəraitində yaşaması, sərhəddə sabitliyin olması bu tipli qüvvələri yenidən narahat edir:
"Deməli onların niyyəti Ermənistan dövlətinə və xalqına da kömək etmək olmayıb, öz çirkin niyyətləri naminə Cənubi Qafqazda sabitliyi pozmaq olub. İndi də sülh gündəliyi və "Real Ermənistan" konsepsiyaları ilə parlament seçkilərinə gedən Baş nazir Paşinyana qarşı da fəaliyyətlər bunu təsdiqləyir.
Məlum video görüntülərdə Okampo Ermənistan Baş naziri Nikol Paşinyanın vəzifəsindən azad edilməli olduğunu bildirir.
Hesab edirəm ki, bu ifşa çox böyük bir şəbəkənin və onun digər qərəzli planların üstünün açılması yolunda ilkin mərhələdir".
Qeyd edək ki, Minval Politika BMT Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun süni intellektdən (Sİ) istifadə etməklə Azərbaycana qarşı qaralama kampaniyası keçirmək planları ilə bağlı video və audio yazılarını dərc etməyə davam edir. Son yayılan deşifrələrdən belə nəticə çıxır ki, Okampo və onun şərikləri Azərbaycana qarşı dipfeyklərin və digər texnoloji manipulyasiya alətlərinin iştirak etdiyi mexanizmləri yerləşdirməyi planlaşıblar.