Bizi sosial şəbəkələrdən izləyin:
"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb".
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu əvvəllər sözügedən sirkdə pəhləvan kimi çalışmış Emin Süleymanov bildirib.
Onun sözlərinə görə, sirk rəhbərliyi fəhlələrə maaş əvəzinə oradakı əmlakı sataraq əldə edəcəkləri pulu götürməyə icazə verib:
"Sirkin direktoru Nahid Ağayev fəhlələrə pul verə bilmədiyi üçün qanunsuz olaraq həmin əmlakın satılmasını tapşırıb. İşçilərə bildirilib ki, əməkhaqlarını satışdan qazanacaqları puldan götürsünlər. Əslində isə sirk ölkə əhəmiyyətli memarlıq abidəsidir və qanunla qorunmalıdır. Bəs bu abidəni necə qoruyurlar? Axı onu bu günə qoymaq olmaz".
İddialarla əlaqədar Bakı Dövlət Sirkinə ünvanlanan sorğuya cavab olaraq bildirilib ki, Emin Süleymanov ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə tam uyğun şəkildə həyata keçirilib:
"Bununla bağlı prosedurlar qanuni əsaslara söykənib və müvafiq qaydada icra olunub.
Müraciətdə qeyd edilən digər iddialara gəldikdə isə həmin məqamlar aidiyyəti üzrə diqqətlə araşdırılıb, müxtəlif dövlət qurumlarına ünvanlanmış müraciətlər də daxil olmaqla hərtərəfli qiymətləndirilib. Aparılmış araşdırmalar nəticəsində bu iddiaların təsdiqini tapmadığı və obyektiv faktlara əsaslanmadığı müəyyən edilib".