Paytaxtla bağlı XƏBƏRDARLIQ – “Bu qurğuların istismar müddəti...”
169
09:56, Bu gün

Paytaxtla bağlı XƏBƏRDARLIQ – “Bu qurğuların istismar müddəti...”

Məlum olduğu kimi, yaz mövsümündə yağan aramsız yağış paytaxtda və bölgələrdə ciddi fəsadlara səbəb olub. Bir çox ərazidə suötürücü qurğuların olmaması, yaxud köhnə olması evlərə, təsərrüfatlara zərər vurub. Son iki ayda qeydə alınan nəticələr ciddi tədbirlərin görülməsini zəruri edib.

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən, Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədar istinad divarları tikiləcək. Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.

Bakı Dövlət Universitetinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Xanbabayev Musavat.com-a şərhində bildirib ki, təhlükəli təbiət hadisələrinin proqnozlaşdırılması dövrü olaraq, çoxillik məlumatlar əsasında layihələndirilməlidir.

O, diqqətə çatdırıb ki, hadisələrin nəticələrinə görə tədbirlər görülməlidir:

“Prezidentin sərəncamında Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışların, sel və daşqınların mənfi təsirlərinin qarşısının alınması üçün tədbirlər görülməsi nəzərdə tutulur. Bu, yaxşı haldır. Tədbirlər elə görülməlidir ki, gələcəkdə baş verə biləcək təhlükəli halların qarşısı alınsın. İlk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycanda relyef strukturu elə paylanıb ki, həm Böyük Qafqazın Xəzər dənizi sahili ərazisini, həm də cənub yamacları güclü sel daşqınlarına məruz qalan ərazilərdir.

Xaçmaz rayonunun ərazisində ona görə ağır fəsadlar qeydə alındı ki, rayon Xəzər dənizinin sahilindədir, üstəlik çəmən-meşə torpaqları üstünlük təşkil edir. Yəni, burada əsas tədbirlərdən biri kollektor-drenaj şəbəkəsinin tikintisidir. Bu şəbəkə elə tikilməlidir ki, həm yağış sularını kənarlaşdıra, həm də yeraltı suların səviyyəsini tənzimləyə bilsin. Şabran, Siyəzən, Bakı şəhəri, Abşeron rayonu ona görə güclü sel sularının altında qalır ki, bu ərazilərdə texniki qurğuların istehsal gücü zəifdir, həm də istismar müddəti başa çatıb. Bakı şəhəri və Abşeron yarımadasında 3-4 yerdə elə suötürücü stansiyalar qurulmalıdır ki, həm şəhərə düşən artıq yağıntının qorunub saxlanması üçün anbar rolunu oynasın, eyni zamanda kənarlaşdıra bilsin”.

Q.Xanbabayev həmçinin, diqqətə çatdırıb ki, Bakıda yağış sularının idarə olunması üçün əlavə kollektor şəbəkələrinin qurulmasına ehtiyac var:

“Hidrotexniki qurğuların təkmilləşdirilməsinə ehtiyac var. Paytaxtda mövcud olan su təchizatı ilə bağlı sistemlərin bir qismi müstəqillikdən əvvəlki dövrdə qurulduğu üçün istismar müddətini başa vurub. Paytaxtda əhalinin, o cümlədən tikililərin, sənaye müəssisələrinin sayı günü-gündən artır, infrastruktur genişlənir. Ən azı 2-3 yerdə hidrotexniki qurğuların tikintisinə ehtiyac var. Bu qurğular həm kanalizasiya sisteminin su ötürücülük qabiliyyətini artırmalı, həm də yağıntılardan sonra yaranan atmosfer çöküntülərinin qarşısını almalıdır, başqa sözlə, dənizə birbaşa axıdılması təmin olunmalıdır ki, şəhərimiz mənfi təsirlərdən qorunsun. Eyni zamanda, Xəzər sahilində emal utilizasiya mərkəzləri olmalıdır. Bakı şəhərinin bir hissəsində hidrotexniki şəbəkə, ümumiyyətlə, yoxdur. Müasir şəhərlərin əksəriyyətində müşahidə olunan urbanizasiya problemləri Bakıdan da yan keçmir. Gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaq üçün şəhər planlamasında kompleks yanaşma tətbiq olunmalıdır”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə üçün ümumilikdə 85 milyon manatdan artıq vəsait ayırıb. Sənəddə qeyd olunub ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurub. "Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və təmir-tikinti işləri həyata keçirilib", - sənəddə deyilir.

Sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərin davamlılığının təmin edilməsi, habelə gələ¬cəkdə analoji halların təkrarlanmaması üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan bu Sərəncama Əlavədə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün ümumilikdə 85 milyon 869 260 manat ayrılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər