Naxçıvana qatar yolu üçün 250 milyon dolları kim versin?
166
09:12, Bu gün

Naxçıvana qatar yolu üçün 250 milyon dolları kim versin?

Ermənistan dəmir yollarını Rusiyadan qoparmaq müşkülü ilə üzləşib - “Tramp yolu” baş tutmaya bilər

 

“Ermənistan dəmir yollarının idarə olunmasını almaq istəyən potensial alıcı ən azı 250 milyon dollar ödəməli olacaq”. “Yeni Müsavat” xəbər verir ki, bu ilkin hesablamanı jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov təqdim edib. Şevtsovun sözlərinə görə, bununla yanaşı, hər il təxminən 40 milyon dollar istismar xərclərinə sərf olunmalıdır. Bundan əlavə, dəmir yolunun İcevan sahəsinin bərpasına təxminən 400 milyon, Vanadzor-Fioletovo xəttinin bərpası üçün 200 milyon dollar lazım gələcək.

Həmçinin Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətlərində yolların bərpasına da daha 40 milyon dollar investisiya yatırılmalıdır. O vurğulayıb ki, hazırkı müqavilə Rusiya tərəfi ilə Ermənistan üçün mümkün qədər əlverişli şərtlərlə bağlanıb. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə yükdaşımaların həcmi mütləq azalacaq. Şevtsov əlavə edib ki, nəticələr gözləniləndən də ağır ola və Ermənistanın ittifaqdan ayrılması sosial-iqtisadi baxımdan daha böyük itkilərlə nəticələnə bilər.

Yada salaq ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin (Rusiya Dəmir Yollarının törəmə şirkəti) idarəçiliyinin guya ölkə üçün qeyri-rəqabət yaratdığını demiş və idarəçiliyin üçüncü ölkəyə verilməsini təklif etmişdi. O, idarəetmənin Qazaxıstan, BƏƏ və ya Qətər kimi “Ermənistana dost ölkələrə” satıla biləcəyini bildirib. Paşinyan hətta konkretləşdirərək Rusiya tərəfinin razı olacağı təqdirdə, dəmir yollarının idarəsinin Qazaxıstan şirkətinə verilməsinə İrəvanın etiraz etdiyini demişdi. Öz növbəsində Rusiyanın nəqliyyat naziri Andrey Nikitin belə bir ötürmə ilə bağlı danışıqlar aparılmadığını bildirib. Rusiyanın baş nazir müavini Aleksey Overçuk Moskvada erməni nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur.

Bir tərəfdən, Nikol Paşinyan hökuməti dəmir yollarının idarəçiliyini üçüncü tərəflərə açmaqla həm alternativ tərəfdaşlar qazanmaq, həm də Rusiyadan asılılığı azaltmaq istəyir. Digər tərəfdən isə Moskva bu addımı iqtisadi baxımdan əsassız və riskli sayır. Aleksey Şevtsov tərəfindən səsləndirilən rəqəmlər də göstərir ki, söhbət sadəcə idarəetmənin dəyişməsindən yox, yüz milyonlarla dollarlıq yeni investisiya razılaşmasından gedir.

Əsas məsələ ondadır ki, Ermənistanın dəmir yolu infrastrukturu uzun illərdir ciddi investisiya çatışmazlığından əziyyət çəkir. Bu şəraitdə yeni operatorun tapılması problemi həll etmir, əksinə, böyük maliyyə öhdəlikləri yaradır. Üstəlik, İcevan və Vanadzor istiqamətləri kimi strateji xətlərin bərpası üçün tələb olunan vəsaitlər layihənin kommersiya cəlbediciliyini sual altına qoyur.

Digər kritik məqam Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə bağlı gələcək kursudur. Əgər İrəvan bu platformadan uzaqlaşarsa, yükdaşımaların azalması qaçılmaz görünür. Bu isə dəmir yollarının iqtisadi səmərəliliyini daha da zəiflədə bilər. Yəni yeni investor üçün risklər təkcə texniki yox, həm də bazar həcmi ilə bağlıdır.

ReAl Partiyasının Siyasi Komitəsinin sədri Natiq Cəfərlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiya və Ermənistan arasında dəmir yollarının idarə olunması ilə bağlı müqavilə 2045-ci ilə qədər imzalanıb. Onun fikrincə, bununla belə, İrəvan müqaviləni poza bilər və müəyyən səbəblər göstərmək imkanı var: “Məsələn,  investisiya ilə bağlı narazılıq etməsi mümkündür. Yəni investisiya qoyuluşu tələblərinin yerin yetirilmədiyini əsas gətirib məhkəmə yolu ilə müqaviləyə xitam verməsi istisna deyil. Ancaq hər iki tərəf yaxşı başa düşür ki, bu məsələ məhkəmə yox, siyasi mövzudur. Belə desək, Ermənistanın Rusiyadan qarşılıqlı razılıq almadan elə bir qərar verməsini gözləmirəm”.

Dəmiryol xətlərinin başqa ölkəyə verilməsinə gəldikdə, partiya lideri qeyd edib ki, Ermənistan Rusiyasız bunu də bilməz və yalnız yeni xətlər çəkməyə başlaması mümkündür: "Ancaq bu halda da problem yaranacaq. Çünki yeni dəmiryol xətləri harasa birləşməlidir. Onda da yenə Rusiya dəmir yollarına birləşəcək. Azərbaycanla yeganə çıxış yolu budur ki, sərhəddən aralı bir xətt çəksinlər, Ermənistandan Naxçıvana gedən dəmiryol olsun. Üstəlik, buna imkan var, çünki müqavilədə qeyd olunmayıb. Hətta belə bir layihəni ABŞ edə bilər. Sadəcə, bu ideyaya Ermənistan daxilində narazılıq olacaq. Deyiləcək ki, bunun bizə nə faydası var?! Bir sözlə, həm siyasi, həm iqtisadi, həm də hüquqi problemlər var və bir-birinə qarışıb".

N.Cəfərlinin fikrincə, Rusiya dəmiryollarına nəzarəti əldən vermək istəmir. Hətta “Tramp yolu” açılarsa, Rusiyanın sərhəd və ya gömrük xidməti vasitəsilə marşruta kontrolu əlində saxlamaq istədiyini deyən ReAL sədri hesab edir ki, bu layihənin gələcəkdə baş tutmamaq riskləri da var: “Məsələn, ABŞ-nin bu logistikaya marağı azalarsa və ya regionda geri çəkilərsə, Rusiya dəhlizə nəzarəti əlində saxlaya bilər. Ona görə də açıq demək lazımdır ki, hazırda Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü görürük. Elə bu səbəbdən, Azərbaycan doğru qərar verdi ki, "Tramp yolu" müqaviləsində imzası olmadı. Bu, onların məsələsidir. Əks halda, Azərbaycan da  sözügedən mübahisənin bir predmetinə çevrilə bilərdi. O nöqteyi-nəzərdən, yaxın aylarda müəyyən qərarlar olacaq. Xüsusən də Rusiya ABŞ ilə böyük anlaşma istəyir. Rusiya düşünür ki, “Tramp yolu”nun ABŞ-yə aid olmasına baxmayaraq, layihədən istifadəsi onun üçün qazanc ola bilər. Çünki sanksiyalar altındadır".

Onun sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxa biləcəyi yönündə bəyanatlar isə seçki ərəfəsində səslənən fikirlərdir: “Hətta Ermənistan bu təşkilatın üzvlüyündən çıxsa belə, yaxın 20 ildə Avropa İttifaqına üzv ola bilməyəcək. Sadəcə, seçki kampaniyası dövründə tərəflərin mövqeyi eşidilir. Bunu Rusiya da bilir. Üstəlik, iki ölkə arasında ticarət dövriyyəsi artır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər