Bu binalarda yaşayanların NƏZƏRİNƏ - Kombi dövrü bitir?
351
08:55, Bu gün

Bu binalarda yaşayanların NƏZƏRİNƏ - Kombi dövrü bitir?

Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin dövrü məhdudlaşır. Nazirlər Kabinetinin yeni qərarı ilə binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnız 5 mərtəbəyə qədər olan binalarda fərdi istilik sisteminə icazə veriləcək. Məhdudiyyət təkcə texniki məsələ deyil.

Mütəxəssislər bildirir ki, hündürmərtəbəli binalarda hər mənzildən çıxan borular həm estetik görünüşü pozur, həm də insan həyatı üçün gizli təhlükə mənbəyinə çevrilir. Qərarda alternativ yollar da göstərilib. Əgər ərazidə qaz yoxdursa və ya istilik bərpa olunan enerji mənbələri - məsələn, günəş panelləri ilə təmin ediləcəksə, fərdi sistemlərə icazə verilə bilər. Digər hallarda isə əsas yük 2025-ci ildən etibarən genişlənəcək mini qazanxanaların üzərinə düşəcək. Bu, həm də binaların vahid mərkəzdən və daha təhlükəsiz qızdırılması deməkdir. Yeni qaydalar həm tikinti şirkətləri, həm də mənzil alacaq vətəndaşlar üçün yeni standartlar formalaşdırır. Artıq mənzil seçərkən binanın neçə mərtəbəli olması və istilik sisteminin növü əsas şərtlərdən biri olacaq.

Bu, çoxmərtəbəli binalarda kombi dövrünün başa çatdığını deməkdirmi?

Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Musavat.com-a bildirib ki, gələcəkdə yaşayış məntəqələrində, yəni şəhərlərdə və qəsəbələrdə mini qazanxanalar əsas istifadə vasitəsinə çevriləcək. Onun sözlərinə görə, yeni tikilən binalar məhz bu sistemlərə qoşulacaq: “Qazanxanaların tətbiqi ilə bağlı mütəxəssislər səviyyəsində və parlamentdə müzakirələr aparılıb. Daha sonra qısa müddətdə bu sahədə müəyyən qərarlar qəbul olunub. 2025-ci ildən etibarən isə, bildiyimə görə, bu qazanxanaların tikintisinə kifayət qədər başlanılıb. Köhnə sistemlərin də yenidən qurulması prosesi hazırda davam edir. Buraya köhnə binalar daxil deyil, yalnız yeni inşa olunan binalarda tətbiq olunacaq. Yeni qaydalara əsasən, tikiləcək binalar mini qazanxanalara məcburi şəkildə qoşulacaqlar”.

Onun sözlərinə görə, qanunvericilikdə digər enerji daşıyıcılarına qənaətlə bağlı müddəalar da mövcuddur: “Yəni bundan sonra inşa ediləcək binalarda enerji sərfiyyatı minimum səviyyədə saxlanılmalıdır. Bu istiqamətdə binalara verilən enerji həcminin də daha səmərəli təşkili nəzərdə tutulur. Dövlətin bu addımı atmasının səbəbləri arasında enerji qənaəti və təhlükəsizlik amilləri xüsusi rol oynaya bilər. Ümumiyyətlə, əsas məqsəd mövcud kombi sistemlərini mərhələli şəkildə aradan qaldıraraq daha mərkəzləşdirilmiş istilik sistemlərinə keçiddir. Lakin zaman göstərəcək ki, bu yeni sistemlər nə dərəcədə səmərəli olacaq”.

Ekspert bildirib ki, gələcəkdə bu sistemlərə qoşulma və ayrılma müəyyən dərəcədə sərbəst olacaq. Yəni vətəndaşların ümumi qərarı da nəzərə alınacaq: “ Əgər bina yeni tipli sistemə daxildirsə, burada müştərək idarəetmə forması yaradılmalıdır və bu qurum hansı enerji mənbəyindən istifadə olunacağına qərar verəcək. Bu proses tam məcburi xarakter daşımaya bilər”.

Qeyd edək ki, bu qaydalar əsasən çoxmənzilli yaşayış binalarına aiddir, fərdi həyət evlərinə şamil olunmur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər