Bakıda “İdrak” liseyində baş vermiş və ölkə gündəmini sarsıdan silahlı insidentlə bağlı hüquqi proses yeni müstəviyə qədəm qoyur. Hadisənin ən gözlənilməz və diqqətçəkən tərəfi isə tərəflər arasında rəsmi barışığın əldə olunmasıdır. Hadisə nəticəsində yaralanan zərərçəkmiş müəllim Şəhla Kamilova onu güllələməkdə ittiham olunan 10-cu sinif şagirdini bağışlayıb. Bununla bağlı rəsmi sənəd artıq istintaq orqanına təqdim edilib.
Bu addım prosesin gedişatına ciddi təsir göstərə bilsə də, qanunvericilik baxımından cinayət işinin tam dayandırılması üçün kifayət etmir. İşin taleyində mühüm rol oynayacaq digər məqam isə təqsirləndirilən şəxs olan Ə.Ş. barəsində keçirilmiş psixoloji ekspertizanın nəticəsidir. Rəyə əsasən, yeniyetmədə anlaqlılığı istisna etməyən psixi pozuntu aşkarlanıb. Bu o deməkdir ki, o, müəyyən psixoloji problemlər yaşasa da, törətdiyi əməlin mahiyyətini dərk edib və davranışlarını idarə etmək qabiliyyətində olub. Hüquqi baxımdan bu diaqnoz şəxsi məsuliyyətdən azad etmir, lakin cəza təyin edilərkən yüngülləşdirici hal kimi qiymətləndirilir.
Moderatora.z xəbər verir ki, vəkil Bəxtiyar Hacıyev Musavat.com-a deyib ki, barışıq cəzanın yüngülləşdirilməsi üçün mühüm hüquqi əsasdır. Cinayət işlərində zərərçəkmişlə təqsirləndirilən şəxs arasında əldə olunan barışıq məhkəmə tərəfindən cəza təyin edilərkən mühüm yüngülləşdirici hal kimi nəzərə alınır.
Onun sözlərinə görə, bu məsələ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində açıq şəkildə təsbit olunub. Həmin maddəyə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə edildikdə və onun təqsirləndirilən şəxsə qarşı əlavə tələbi olmadıqda, bu hal məhkəmə tərəfindən cəzanı yüngülləşdirən amil kimi qiymətləndirilir.

Vəkil qeyd edib ki, məhkəmə təcrübəsində bəzi hallarda daha da irəli gedilərək Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq oluna bilər. Bu isə o deməkdir ki, mövcud yüngülləşdirici hallar nəzərə alınaraq, qanunda nəzərdə tutulan minimum həddən də aşağı cəza təyin edilə bilər.
“Məsələn, qanunda müəyyən bir cinayətə görə cəza 10 ilə qədər nəzərdə tutulubsa, məhkəmə konkret halları – şəxsin davranışını, zərərçəkmişlə münasibətlərini, barışığı və digər amilləri nəzərə alaraq 5 il, hətta daha aşağı – 2-3 il cəza təyin edə bilər”, - deyə vəkil vurğulayıb.
Bəxtiyar Hacıyev əlavə edib ki, yetkinlik yaşına çatmayan şəxslərlə bağlı işlərdə məhkəmələr daha həssas yanaşma sərgiləyir. Bu kateqoriyadan olan işlərə adətən təcrübəli hakimlər baxır və proses zamanı psixoloqun, həmçinin pedaqoqun iştirakı təmin edilir. Onun sözlərinə görə, bu yanaşma Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə də tənzimlənir və azyaşlıların hüquqlarının qorunmasına yönəlib.
Vəkil həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarında da məhkəmələrə tövsiyə olunur ki, təqsirləndirilən şəxsin yaşı, davranışı, törətdiyi əməlin xarakteri və digər yüngülləşdirici hallar hərtərəfli qiymətləndirilsin.
Vəkil bildirib ki, liseydə ağır cinayət törədilib, ona görə də barışıq cinayət işini avtomatik bağlamır:
“Cinayət Prosessual Məcəlləsinə görə, yalnız az ağır və bəzi hallarda ağır olmayan cinayətlərdə tərəflərin barışığı işin xitamına səbəb ola bilər. Amma adam öldürməyə cəhd kimi maddələrdə dövlət ittihamı üstünlük təşkil edir. Yəni bu, təkcə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında məsələ sayılmır. Amma məhkəmə hökm çıxararkən zərərçəkmişin bağışlamasını, tərəflər arasında barışığı, dəymiş ziyanın ödənilib-ödənilməməsini mütləq nəzərə alır. Bu, praktiki olaraq o deməkdir ki, yeniyetməyə maksimum cəza verilməyə bilər. Hətta şərti cəza (probasiya) ehtimalı belə müzakirə oluna bilər. Məhkəmə barışığı mütləq nəzərə alacaq, amma bu iş bağlanmayacaq. Ən real ssenari cəzanın aşağı həddə təyin olunması və ya daha yumşaq hüquqi yanaşmanın sərgilənməsidir”.