"Hindistan Milli Konqresi" (HMK) partiyası Pakistanın ABŞ və İran arasındakı sülh danışıqlarında oynadığı uğurlu rola görə Baş nazir Narendra Modinin hökumətini sərt tənqid edib.
Moderator.az xəbər verir ki, bu barədə Hindistanın "The Print" nəşri məlumat yayıb. Bildirilib ki, Pakistan ordusunun baş komandanı Asim Munirin Ağ Ev lideri Donald Trampın favoritinə çevrilməsi Nyu-Dehli üçün böyük zərbədir və buna görə də Hindistan öz diplomatik əməkdaşlıq strategiyasına tamamilə yenidən baxmalıdır.
Müxalifət partiyasından bildirirlər ki, Hindistanın Baş naziri Narendra Modi ölkənin diplomatik fəaliyyət strategiyasında tələb olunan islahatları həyata keçirmək iqtidarında deyil.
HMK-nın baş katibi Ceyram Rameş "X" sosial şəbəkəsindəki paylaşımında İslamabadın ABŞ və İran arasında sülh danışıqlarının ikinci raunduna ev sahibliyi etdiyini yazıb. O, həmçinin qeyd edib ki, Pakistan beynəlxalq borclarını ödəmək məqsədilə Qətər və Səudiyyə Ərəbistanından maliyyə dəstəyi əldə edib.
"Lakin hazırda Pakistan mühüm diplomatik rol oynayır. Tamamilə aydındır ki, Baş nazir Modinin qlobal və regional əməkdaşlıq tərzi, həmçinin prosesləri idarəetmə üsulu Pakistanı təcrid etməyə imkan vermədi", - deyə partiyanın baş katibi vurğulayıb.
Rameş əlavə edib ki, feldmarşal Asim Munirin Prezident Trampın bu qədər böyük favoritinə çevrilməsi Hindistana xüsusilə ağır zərbə vurur:
"Görünən odur ki, feldmarşal və onun tərəfdaşları Trampın ailəsinin və silahdaşlarının ekosistemini Hindistandan qat-qat yaxşı idarə edə biliblər. Bu, Modinin xarici siyasətinə endirilmiş nəhəng bir zərbədir. Hindistanın diplomatik fəaliyyət taktikası və strategiyasının tamamilə yenidən qurulmasına ehtiyacı var, lakin Modi sadəcə olaraq bunu bacarmır".