Sülhə yox, təzyiqə xidmət edən qərarlar: Anti-Azərbaycan sifarişçiləri kimlərdir?
195
13:53, Bu gün

Sülhə yox, təzyiqə xidmət edən qərarlar: Anti-Azərbaycan sifarişçiləri kimlərdir?

Cənubi Qafqazda sülh prosesinin konkret mərhələyə daxil olduğu bir dövrdə Avropadan gələn paralel siyasi addımlar diqqəti yenidən regiondan kənar təsir mərkəzlərinə yönəldir. Eyni gündə həm Niderland, həm də Belçika parlamentlərinin Azərbaycana qarşı qətnamələr qəbul etməsi artıq təsadüfdən çox koordinasiyalı siyasi xətt təəssüratı yaradır.

Məsələn, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatası deputat Don Sederin təklifi ilə Bakıda Azərbaycana və onun vətəndaşlarına qarşı cinayətlər törətməkdə təqsirli bilinərək həbs edilən erməni terrorçuları və qondarma erməni soyqırımının tanınması haqqında sənədlə hökumətə müraciət edib. Elə həmin gün Belçika parlamentinin nümayəndələr palatası deputat Mişel de Maqdanın oxşar məzmunlu sənədini qəbul edib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur. Bir sözlə, bu dəfə hər iki Avropa ölkəsinin parlamentində "erməni sevgisi" sinxron şəkildə baş qaldırıb.

Xüsusilə vurğulanmalı məqam ondan ibarətdir ki, bu ölkələrin “insan hüquqları” və “ədalət” adı ilə çıxış etdiyi bir vaxtda, onların öz müstəmləkəçilik keçmişi və bu günə qədər uzanan idarəçilik praktikaları ciddi suallar doğurur. Niderlandın Karib hövzəsində — Aruba, Curaçao, Sint Maarten kimi ərazilərdə, eləcə də Bonaire, Sint Eustatius və Saba kimi xüsusi statuslu bölgələrdə davam edən idarəçilik modeli tez-tez siyasi və iqtisadi asılılıq kontekstində tənqid edilir. Eyni şəkildə Belçikanın Konqo başda olmaqla Mərkəzi Afrikadakı müstəmləkəçilik irsi, xüsusilə II Leopold dövründə baş vermiş ağır insan hüquqları pozuntuları ilə tarixə düşüb və bu gün də beynəlxalq müzakirələrin mövzusudur.

Belə bir fonda bu dövlətlərin başqa ölkələrə hüquq və ədalət dərsi keçməsi, üstəlik bunu siyasi qətnamələr vasitəsilə etməsi açıq şəkildə ikili standart görüntüsü yaradır. Nəticədə “qətnamə diplomatiyası” deyilən yanaşma real hüquqi mexanizmdən daha çox geosiyasi təzyiq aləti kimi çıxış edir və Cənubi Qafqazda yeni formalaşan sülh mühitinə uyğun gəlməyən riskli tendensiya ortaya qoyur.

Musavat.com-a danışan millət vəkili Hikmət Babaoğlu bildirib ki, Belçika və Niderland ümumilikdə Avropa çətirindən kənarda nə müstəqil qərarlarını, nə də öz təhlükəsizliklərini təmin edəcək qədər gücə malik ölkələr hesab olunmur.Onun sözlərinə görə, ümumi Avropa kontekstində onlar daha çox ikinci, hətta üçüncü dərəcəli funksiyaları yerinə yetirən icraçı dövlətlər kimi çıxış edirlər:

“Çünki bəzi böyük Avropa ölkələri hər hansı məsələ ilə bağlı digər müstəqil dövlətlərə təzyiq göstərmək istəyəndə Belçika, Lüksemburq və Niderland kimi kiçik ölkələri prosesə cəlb edərək mövqelərini daha geniş və təsirli kimi təqdim etməyə çalışırlar.

Ancaq hazırda beynəlxalq münasibətlər kontekstində baş verən proseslər göstərir ki, təkcə kiçik Avropa ölkələri deyil, hətta böyük Avropa dövlətlərinin əksəriyyəti də öz təhlükəsizliyini və davamlı inkişafını tam təmin edəcək gücə malik deyil. Bu mənada Avropa müəyyən mənada yenə də xarici təsir axtarışındadır və görünür, Azərbaycanın müstəqil siyasətinə təsir etmək, yeni rıçaqlar əldə etmək və dəyişən reallıqlar fonunda öz maraqlarını təmin etmək üçün yeni narrativlər formalaşdırmağa çalışır.

Bu yanaşmada isə, əvvəlki dövrlərdə olduğu kimi, qeyri-obyektiv və qərəzli mövqelərdən çıxış edildiyi hiss olunur. Buna görə də demək olar ki, nə Azərbaycan, nə də digər ölkələr artıq 30 il əvvəlki vəziyyətdə deyil və beynəlxalq münasibətlər sistemində onlara hər hansı formada təzyiq göstərmək əvvəlki qədər asan deyil.

Üstəlik, Azərbaycan kimi güclü, beynəlxalq münasibətlərdə nüfuz qazanmış bir ölkə ilə bağlı Belçika və ya Niderland parlamentlərinin, yaxud hər hansı qurumlarının qəbul etdiyi qərarlar əhəmiyyətli təsir gücünə malik deyil və real təsir mexanizmi formalaşdırmır”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər