Qətnamə diplomatlarına sual: Kim kimə dərs verir?
250
12:20, Bu gün

Qətnamə diplomatlarına sual: Kim kimə dərs verir?

Cənubi Qafqazda geosiyasi dinamika yenidən sürət qazanarkən, region ətrafında formalaşan siyasi ritorika da getdikcə daha mürəkkəb və ziddiyyətli xarakter alır. Bir tərəfdən Bakı ilə İrəvan arasında sülh gündəliyinin konkret konturlar qazanması, digər tərəfdən isə Avropa siyasi institutlarında paralel şəkildə Azərbaycana yönəlik tənqidi təşəbbüslərin aktivləşməsi diqqətdən yayınmır.

Bu mənzərə istər-istəməz sual doğurur: baş verənlər həqiqətən hüquqi və humanitar narahatlıqların ifadəsidir, yoxsa daha geniş geosiyasi oyunun elementidir?

Son hadisələr göstərir ki, bəzi Qərb paytaxtlarında, məsələn, Belçika və Niderlandda qəbul edilən qərarlar regionda real vəziyyətlə tam uzlaşmır. Əksinə, bu qərarlar bəzən sülh prosesinin məntiqinə zidd istiqamətdə hərəkət edir və tərəflər arasında formalaşmaqda olan incə tarazlığı poza biləcək siqnallar verir. Xüsusilə eyni vaxtda müxtəlif ölkələrin parlamentlərində oxşar məzmunlu qətnamələrin gündəmə gətirilməsi təsadüfi proses kimi yox, koordinasiyalı siyasi xətt kimi dəyərləndirilir.

Müşahidələr onu deməyə əsas verir ki, beynəlxalq platformalarda “insan hüquqları”, “ədalət” və “tarixi yaddaş” kimi anlayışların seçici şəkildə qabardılması artıq diplomatik alətə çevrilib. Bu isə klassik diplomatiyadan fərqli olaraq, daha çox təzyiq mexanizmlərinə əsaslanan yeni yanaşmanın -şərti olaraq “qətnamə diplomatiyası”nın formalaşdığını göstərir. Belə bir şəraitdə hüquqi arqumentlərlə siyasi maraqlar arasındakı sərhədlər getdikcə bulanıqlaşır.

Digər tərəfdən, regionda uzun illər davam etmiş münaqişənin yaratdığı reallıqların nəzərə alınmaması, selektiv yanaşmaların önə çıxması və tarixi kontekstin məqsədli şəkildə arxa plana keçirilməsi mövcud diskursun obyektivliyini şübhə altına alır. Bu isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazda dayanıqlı sülh perspektivləri üçün risk yaradan tendensiya kimi qiymətləndirilir.

Beləliklə, hazırkı mərhələdə əsas məsələ təkcə qəbul edilən qətnamələrin məzmunu deyil, onların arxasında dayanan siyasi motivlərin düzgün oxunmasıdır. Çünki proseslərin gedişi göstərir ki, regionda sülh təşəbbüsləri ilə paralel şəkildə formalaşan bu cür xarici təsir cəhdləri, əslində, yeni reallıqlar fonunda təsir imkanlarını qoruyub saxlamaq istəyən qüvvələrin aktivləşməsindən xəbər verir.

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamsında bildirib ki, Niderland, Fransa və Belçika Azərbaycana dərs vermək istəyən sonuncu ölkələrdən biri olmalıdır: "Çünki özləri uzun əsrlər boyu müxtəlif qitələrdə müstəmləkələr saxlamış, insanlara ağır zülmlər etmiş, on milyonlarla insanı qul kimi işlətmiş, öldürmüş və kütləvi qətliamlar törətmişlər. İndi isə bu dövlətin parlament üzvləri bizə dərs verməyə çalışırlar.

Halbuki Azərbaycanda bütün proseslər qanun çərçivəsində aparılıb, məhkəmə araşdırmaları keçirilib, cinayət törətmiş şəxslərə müvafiq cəzalar verilib və onlar bu cəzaları çəkməkdədirlər. Əslində bu reallıq Avropada da başa düşülür və məsələ artıq əvvəlki kimi geniş şəkildə qabardılmır.

Lakin bəzi Avropa deputatları, erməni dairələri ilə bağlılıqları və müəyyən lobbi təsirləri səbəbindən bu mövzunu yenidən gündəmə gətirməyə çalışırlar. Bununla isə onlar öz dövlətləri ilə Azərbaycan arasında münasibətləri gərginləşdirirlər. Halbuki Azərbaycan regionda mühüm təsir gücünə malik dövlətdir və hər bir Avropa ölkəsinin marağındadır ki, Azərbaycanla sağlam və konstruktiv əlaqələr qursun".

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq olmadan bu regionda iqtisadi mövqeləri möhkəmləndirmək çətin olacaq:” Eyni zamanda Azərbaycan mühüm nəqliyyat dəhlizidir və ölkəmizdən keçən beynəlxalq marşrutlar böyük əhəmiyyət daşıyır. Buna görə də bəzi dairələrin bu cür əsassız çıxışları əslində öz ölkələrinə daha çox zərər verir və ikitərəfli münasibətlərə mənfi təsir göstərir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər