Atalıq testindən qaçış,
241
11:49, Bu gün

Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir

SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin atalıq testindən keçirilməsinin tələb olunduğu bir vaxtda Nərimanov Rayon Məhkəməsi Fidan Abbasova barəsində inzibati xəta ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı həmin qərara görə, guya Fidan Abbasovanın qanında narkotik vasitələrin izləri müəyyən edilib.

Fidan Abbasova Musavat.com-a açıqlamasında bildirib ki, ondan nümunələr götürülərkən ekspertizanın obyektiv aparılacağına inanıb:

“Bilməzdim ki, bu qədər qanunsuzluğa gedərlər və yazılar ki, guya mən narkotik istifadəçisiyəm. Bu, açıq-aşkar yalandır. Mən növbəti gün müstəqil ekspertizadan keçmişəm, əlimdə rəsmi analiz nəticəsi var. Mən narkotik istifadəçisi deyiləm. Bütün bunlar Mikayıl İsmayılovun oğluna qarşı açdığım məhkəmə iddiasına görə quraşdırılmış işlərdir. Məni bu üsullarla geri çəkilməyə məcbur edə bilməyəcəklər”.

Fidan Abbasova deyib ki, Bakı Apellyasiya Məhkəməsində Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə baxılarkən onun və vəkilinin iştirakı təmin olunmayıb, müdafiə hüququ kobud şəkildə pozulub. Onun sözlərinə görə, məhkəmə iclasının vaxtı və yeri barədə ona qanunvericiliyin tələblərinə uyğun şəkildə heç bir rəsmi bildiriş təqdim edilməyib. Bu səbəbdən prosesdə iştirak edə bilməyib:

“İclasdan xəbərsiz olduğum üçün nə özümü müdafiə edə bildim, nə sübutlar təqdim etdim, nə də ekspertə suallar vermək imkanım oldu. Mətbuatda mənim barəmdə ləkələyici məlumatlar yayılıb, guya 14 gün sonra ekspertizadan keçmişəm ki, narkotik izləri itmiş olsun. Bu, yalandır. Mən dərhal, yəni ilkin ekspertizadan sonrakı gün müstəqil analizdən keçmişəm və qanımda heç bir narkotik izi aşkar edilməyib. Məni və vəkilimi məhkəməyə çağırmamaqla bu saxtakarlığı ört-basdır ediblər. Konstitusiya ilə təmin olunmuş müdafiə hüququm açıq şəkildə məhdudlaşdırılıb”.

F. Abbasova ölkə rəhbərliyinə, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət edərək ona qarşı baş vermiş qanunsuzluqların araşdırılmasını xahiş edir:

“Bir anaya, bir qadına qarşı baş verən bu haqsızlığın araşdırılmasını Sizdən xahiş edirəm. Bu şəkildə ləkələnməyim qızımın və öz hüquqlarımı tələb etməyimə mane olmaq üçündür. Azərbaycan dövlətini Azərbaycan kişisinə yaraşmayan bu hərəkətlərin qarşısını almağa çağırıram”.

Hazırda Bakı Apellyasiya Məhkəməsində Fidan Abbasova ilə Orxan İsmayılzadə arasında məhkəmə çəkişməsi davam edir. Abbasova Orxan İsmayılzadənin atalıq testindən keçirilməsini tələb edir. Hakim İkram Şirinov bu ilin yanvar ayında həmin testin keçirilməsi barədə qərar versə də, cavabdeh ekspertizaya qatılmayıb.

Qeyd edək ki, daha əvvəl müxtəlif məhkəmə instansiyaları tərəfindən Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilməsi barədə ümumilikdə 5 qərar qəbul edilib. Lakin həmin qərarlar cavabdehin ekspertizaya gəlməməsi səbəbindən icra olunmayıb.

Hazırkı məhkəmə araşdırması Sabunçu Rayon Məhkəməsinin 23 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti əsasında aparılır. Orxan İsmayılzadə həmin qətnamənin ləğvini tələb edir. İddiaçı tərəfin vəkilləri isə alimentlə bağlı hissədən narazıdırlar və uşağın saxlanılması üçün aylıq ödənişin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olduğunu sübut etməyə çalışır. Onun sözlərinə görə, Orxan İsmayılzadə uşağa soyadını verməkdən və saxlanması üçün vəsait ödəməkdən boyun qaçırır. Bu səbəbdən Abbasova məhkəmə yolu ilə atalıq faktının müəyyən edilməsinə nail olmağa çalışır.

O bildirib ki, ilk dəfə 2017-ci ildə Sabunçu Rayon Məhkəməsinə müraciət etsə də, sonradan aldadılaraq iddiasını geri götürüb. 2024-cü ildə isə işə yenidən baxılması üçün müraciət edib və məhkəmə araşdırmaları bərpa olunub.

İddiaçı tərəfin təqdim etdiyi məlumatlara görə, Orxan İsmayılzadə ilə Fidan Abbasova 2012-ci ildən etibarən faktiki nikah münasibətlərində olublar və 5 may 2015-ci ildə Nil adlı qızları dünyaya gəlib. Lakin cavabdeh uşağın atası kimi rəsmi qeydiyyata düşməkdən imtina edib.

Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi sübutları araşdıraraq iddianı qismən təmin etsə də, DNK ekspertizasının keçirilməməsi yekun qərarın verilməsini çətinləşdirir. Hazırda prosesin taleyi məhz həmin ekspertizanın nəticələrindən asılı olaraq qalır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər