Maklerlərin “sel basdı” oyunu
277
16:13, Bu gün

Maklerlərin “sel basdı” oyunu

Son günlər yağan güclü yağışlar səbəbilə Bakının bir çox ərazilərində evləri su basdı. Bu evlər əsasən Xırdalan, Masazır, Sulutəpə, Hövsan ərzailərində yerləşir. Bu isə həyət evlərinin alqı-satqısı ilə məşğul olan maklerlərin işini çətinə saldı. Çünki bu həmin yerlərdəki evlərin qiymətinə ciddi təsir edib. Üstəlik, daha çox bina evlərinin alqı-satqısı ilə məşğul olanlar bu fürsətdən istifadə edib mediada “həyət evlərinə qarşı təbliğat” aparırlar. Ekspertlərə görə, yağışın üzə çıxardığı fəsadlar Daşınmaz əmlak bazarında qiymət azalmasına birbaşa təsir göstərir, lakin bu təsir əsasən müvəqqəti xarakter daşıyır: Bir müddət sonra hava şəraiti normallaşdıqca məsələ unudulur və bazar əvvəlki vəziyyətinə qayıdır. Amma o da faktdır ki, su basan ərazilərin böyük hissəsinin qanunsuz tikililərin olması hökumət səviyyəsində dilə gətirildi.

Maraqlıdır ki, yağışlar mənzil kirayəsinə də təsir etməkdədir. Bu gün ölkədə, xüsusilə də paytaxtda kirayə mənzillərdə yaşayanların sayı kifayət qədərdir. Kirayə mənzillərin qiymətində isə davamlı olaraq artım müşahidə olunur. Ümumiyyətlə, ölkədə kirayə mənzil bazarında qiymətlər nəyə əsasən tənzimlənir və qiymətlərin yüksək olması nə ilə bağlıdır?


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Musavat.com-a açıqlamasında bildirib ki, su basqınından sonra daşınmaz əmlak bazarında, xüsusilə də belə ərazilərdə yerləşən fərdi yaşayış evlərinin qiymətlərinin aşağı düşməsi və likvidliyin zəifləməsi təbii haldır. Bu vəziyyət adətən müvəqqəti xarakter daşıyır: 

“Bir müddətdən sonra, əgər həmin ərazidəki vəziyyət daimi xarakter almayacaqsa və müəyyən infrastruktur dəyişiklikləri aparılacaqsa, təmir işləri görüləcək, drenajlar, kollektorlar və ümumilikdə kanalizasiya sistemi tam bərpa olunacaqsa, orada ciddi bir problem qalmayacaq.
Sadəcə hazırda psixoloji bir təsir mövcuddur. Həmin psixoloji təsir nəticəsində insanlar bu ərazilərə müraciətlərini azaldır, bu da birbaşa olaraq qiymətlərə təsir göstərir. Bir müddətdən sonra isə bu təsir azalır və hər şey tədricən unudulur. Bunu qonşu ölkələrdən də misal gətirə bilərik. Məsələn, Türkiyədə və digər ölkələrdə müəyyən təbii fəlakətlərdən sonra yüksək mərtəbəli binalara tələbat azalmışdı. İnsanlar daha çox 5 mərtəbəyə qədər olan binalara üstünlük verirdilər.

Amma zaman keçdikcə hər şey unudulur və yenidən bazarın tələbatı komforta və müasir standartlara yönəlir. Düşünürəm ki, dediyiniz kimi, mənzil alqı-satqısı ilə məşğul olanların bu fürsətdən istifadə edib qiymət oyunu oynaması və ya daha çox mənzillərə üstünlük verməsi də müvəqqəti xarakter daşıyır. Amma ümumi götürsək, mənzil hazırda daşınmaz əmlak növləri içərisində ən çox tələb olunan daşınmaz əmlak növüdür”.

Onun sözlərinə görə, ölkədə daşınmaz əmlak bazarında mənzillərin qiyməti iki əsas istiqamətdə investisiya cazibədarlığı ilə tənzimlənir:

“Hal-hazırda daşınmaz əmlak bazarında mənzillər daha çox investisiya baxımından məqsədəuyğun hesab olunur və üstünlük təşkil edir. Həm biznes sahibləri və sahibkarlar, həm də vətəndaşlar mənzil əldə edərək öz sərbəst kapitalını qorumaq məqsədi ilə investisiyanı daha çox bu istiqamətə yönəldirlər”.

V. Oruc bildirir ki, regionda baş verən hadisələr və kirayə bazarına tələbatın daha çox artması daşınmaz əmlak bazarında qiymətlərə təsir edir: “Rayonlardan insanların şəhərlərə axışı da qiymətlərə ciddi təsir edir”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər