Yeni COVID-19 variantı BA.3.2-nin dünyada yayılmaqda davam etdiyi və mövcud immuniteti daha asan aşa bildiyi ilə bağlı iddialar son günlər beynəlxalq mediada, eləcə də tibb ictimaiyyətində ciddi narahatlıq doğurmaqdadır.
Xüsusilə pandemiyanın artıq arxa plana keçdiyi, bir çox ölkədə məhdudiyyətlərin ləğv olunduğu və insanların əvvəlki həyat tərzinə qayıtdığı bir dövrdə belə xəbərlərin ortaya çıxması vəziyyətin yenidən ciddiləşə biləcəyi ehtimalını gündəmə gətirir.

Ağciyər xəstəlikləri üzrə tanınmış mütəxəssis, türkiyəli professor Şevket Özkaya bu yeni mutasiya ilə bağlı diqqətçəkən açıqlama verərək bildirib ki, qeyri-rəsmi olaraq “cırcırama” adlandırılan BA.3.2 variantı artıq ABŞ və Avropada yayılmağa başlayıb. Onun sözlərinə görə, bu variantın əsas fərqləndirici xüsusiyyəti çoxsaylı mutasiyalara malik olmasıdır ki, bu da virusun insan orqanizminin müdafiə mexanizmlərini daha asan keçməsinə şərait yaradır.
Bəs yeni mutasiyanın simptomları əvvəlki variantlardan nə ilə fərqlənir?
Professor Adil Qeybulla Musavat.com-a qeyd edib ki, COVID-19 pandemiyasının ən kəskin mərhələsi artıq geridə qalıb və hazırkı mutasiya edən ştamların yenidən qlobal pandemiya səviyyəsinə çatma ehtimalı demək olar ki, çox aşağıdır: “Bunun əsas səbəbi ondan ibarətdir ki, genişmiqyaslı vaksinasiya prosesi və təbii yoluxmalar nəticəsində infeksiya zənciri böyük ölçüdə qırılıb, əhalinin əhəmiyyətli hissəsində isə bu virusa qarşı müəyyən immunitet formalaşıb. Yəni artıq virus əvvəlki kimi nəzarətsiz və sürətli şəkildə yayılmaq potensialına malik deyil.
Məsələnin kökünə nəzər salsaq, SARS-CoV-2 və ümumilikdə koronaviruslar yeni yaranmış patogenlər deyil. Onlar hələ ötən əsrin 60-cı illərində heyvanlardan insanlara keçmiş zoonotik viruslar qrupuna aiddir. Bu səbəbdən də koronavirus ailəsinə daxil olan bəzi viruslar illərdir insan populyasiyasında mövcuddur və əsasən yüngül respirator xəstəliklərə, yəni adi soyuqdəyməyə səbəb olur. Burada əsas məqam ondan ibarətdir ki, həm koronaviruslar, həm də Influenza virusları genetik baxımdan dəyişkən, yəni mutasiyaya meyilli patogenlərdir. Bu xüsusiyyət onları daim yeni formalar almağa vadar edir”.

Adil Qeybulla qeyd edib ki, məhz buna görə bu virusların gələcəkdə müəyyən dövrlərdə daha yoluxucu və ya daha virulent variantlarının ortaya çıxması tamamilə mümkündür: “Xüsusilə qrip virusu tarix boyu dəfələrlə pandemiyalara səbəb olub və gələcəkdə də belə bir risk istisna edilmir. Yəni bəşəriyyət nə vaxtsa yenidən qrip pandemiyası ilə üzləşə bilər.
Koronavirusun həyatımıza daxil olması artıq geri dönməz bir reallıqdır. Bu virus tamamilə yox olmayacaq, əksinə digər respirator viruslar kimi insanlarla birlikdə dövri şəkildə mövcud olacaq. Mövcud olan yeni ştamlar fərqli klinik simptomlarla özünü göstərə bilər, bəziləri daha yüngül, bəziləri isə nisbətən ağır gedişə malik ola bilər. Lakin hazırkı vəziyyət göstərir ki, bu ştamların yenidən qlobal miqyasda alovlanaraq pandemiyaya çevrilməsi ehtimalı olduqca aşağıdır. Çünki bu ştamlar əsasən SARS-CoV-2 virusunun müxtəlif variantlarıdır və insan orqanizmi artıq onlara müəyyən qədər adaptasiya olunub”.
Professor həmçinin vurğulayıb ki, bununla belə, gələcəkdə koronavirus ailəsinə aid tamamilə yeni və fərqli xüsusiyyətlərə malik ştamların yaranması ehtimalı da nəzəri olaraq mövcuddur.