Bizi sosial şəbəkələrdən izləyin:
“Fəqət hesab edirəm ki, hər bir azərbaycanlı üçün önəmli olan nə İsrailin, nə İranın marağı yox, məhz Azərbaycan Respublikasının maraqlarıdır. Yəni onu düşünmək və müzakirə etmək gərəkdir ki...”
“Açığı, mən də məəttəl qalmışam bu məsələyə. Çünki hər hansı qonşu ölkədə bir proses baş verirsə, az keçməmiş Azərbaycan cəmiyyəti ona münasibətdə tərəflərə bölünür. Məsələn, qardaş Türkiyədə seçkilər keçirilir- ona münasibətlə bağlı bizim cəmiyyət cəbhələşir. Özü də tərəflərin biri-birinə o qədər şiddətli reaksiyalarını görürsən ki, məsələlər çox dərinə gedir. Nəticədə xalq başqa bir ölkədə baş verən proseslər kontekstində parçalanır.”
Tanınmış Qarabağ qazisi, keçmiş Laçın alayının komandiri Arif Paşa bu mülahizələri son aylar Azərbaycanda cəmiyyətin ABŞ+İsrail-İran savaşına münasibəti barədə Moderator.az-a danışarkən dilə gətirib.
“Fəqət hesab edirəm ki, hər bir azərbaycanlı üçün önəmli olan nə İsrailin, nə İranın marağı yox, məhz Azərbaycan Respublikasının maraqlarıdır. Yəni onu düşünmək və müzakirə etmək gərəkdir ki, İsrail-İran savaşından ölkəmizə hansı zərər gələ bilər, digər hansı prosesdən bizə nə fayda gələ bilər və s. və i.a. Amma buradakılar sanki İran, yaxud İsrail xalqından daha çox onlara can yandırırlar”, -deyə davamında həmsöhbətimiz bildirib.
“Onsuz da bu qlobal proseslər, münaqişə və savaşlar gedir və dünya nə baş verdiyini, kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilir. Və bizim münasibətimiz çox şeyi dəyişə bilmir. Lakin məsələ ondadır ki, bizim proseslərə münasibətimizdən asılı olaraq bir tərəf ölkədə digər tərəfə münasibət formalaşdırır. Yəni, məsələn, cəmiyyətimizin bir hissəsi bir tərəfi müdafiə edir, qarşı tərəfi kəskin tənqid edir. Və nətcədə qarşı tərəfi söyən kontingent həmin tərəfdə Azərbaycana mənfi münasibət formalaşdırır. O biri tərəf də bu tərəfi söyür, nəticədə digər tərəf Azərbaycana münasibətdə sabah düşmənçilik sərgiləyə bilər. Bizə bunlar lazımdırmı? Ona görə də Azərbaycanın maraqları qorunmalıdır, biz hər hansı bir ölkənin maraqlarını önə çıxarmaqla özümüzün dünya və regiondakı mövqeyimizi zədələyə bilmərik. Cəmiyyətdə düşmənçilik münasibətləri yaradılmamalıdır. Mən bunu qəbul etmirəm və qeyri-məqbul hesab edirəm”, - Arif Paşa vurğulayıb.
Sultan Laçın