Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO
579
13:17, Bu gün

Prezident Somalinin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.
 
Moderator.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.
 
Prezident İlham Əliyev səfirlə söhbət edib.
 
Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb.
 
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib.
 
Dövlətimizin başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, həmin səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı ilə bağlı səmərəli müzakirələrin aparıldığını, əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra sənədlərin imzalandığını vurğulayıb.
 
Azərbaycan Prezidenti ölkələrimiz arasında yaxşı siyasi münasibətlərin olduğunu deyərək, iqtisadi əməkdaşlığı genişləndirməyin önəminə toxunub.
 
Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.
 
Somalinin Azərbaycanda səfiri təyin olunmasından məmnunluğunu bildirən Abdinur Dahir Fidou ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.
 
Söhbət zamanı ikitərəfli və çoxtərəfli formatlarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib, son dövrlərdə təmasların intensivləşdiyi və qarşılıqlı səfərlərin sayının artdığı vurğulanıb.
 
Görüşdə iqtisadiyyat, ticarət və digər sahələrdə əlaqələri genişləndirmək üçün yaxşı potensialın olduğu bildirilib.
 
Somali prezidentinin ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış sənədə əsasən, bu ölkədə "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı işlərin davam etdirildiyi vurğulanıb.
 
Elm və təhsil sahələrində əməkdaşlığa toxunulub, hələ sovet dövründə Somalidən çoxsaylı tələbənin ölkəmizdə təhsil aldığı və bu ənənənin hazırda da davam etdiyi qeyd olunub. Bu xüsusda Somalidən olan tələbələrin Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil aldıqları bildirilib.
 
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
12:44
 
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər