“Bəs İranın nüvə silahı varmı?..”
“ABŞ və İsrail təyyarələrinin İran səmasında ağalıq dövrü yaxın günlərdə tamamilə bitəcək...”
“İran ordusunun hava hücumundan müdafiə sistemlərinin normal işlədiyini anladıqdan sonra amerikalılar hücumu başqalarının əli ilə etmək niyyətindədirlər...”
“Müharibənin növbəti mərhələsində İranın cavab zərbələrindən sonra Pakistan ordusu Səudiyyə Ərəbistanını qorumaq bəhanəsi ilə bəzən “Epşteyn koalisiyası” da adlandırılan ABŞ-İsrail cütlüyünün tərəfində müharibəyə qoşulacaqmı?..”
“Nəinki Pakistan, özünə hörmət edən heç bir İslam ölkəsi İsraillə eyni cərgədə savaşa qatılıb adını tarixdə bədnam etmək istəmir...”
“Belə təsəvvür yaranır ki, ABŞ prezidenti İran neftinin həm quru, həm də dəniz yolu ilə Çinə daşınmasına mane olmaq istəyir…”
“Bu vəziyyət Amerika insanlarının xoşuna gəlmir və onlarda belə bir sual yaranır: İsrailin maraqlarına görə ABŞ vətəndaşının həyat səviyyəsi niyə aşağı düşməlidir?..”
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış araşdırmaçı Araz Şəhrilinin “Hərbi əməliyyatlar bərpa oluna bilərmi..?” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
“Pakistanda aprelin 11-12-də aparılan danışıqlarda nə ABŞ İranın, nə də İran ABŞ-nin şərtlərini qəbul etdi. Razılaşma baş tutmadıqdan bir neçə saat sonra - aprelin 13-də Donald Tramp İranın dəniz blokadasına alınacağını bəyan etdi. Acizlikdən doğan bu əcaib qərar hər iki tərəfi kəsən xəncərə bənzəyir. O həmçinin Trampın əvvəlki addımlarına da ziddir.
Belə ki, neftin daha da bahalaşmasına imkan verməmək üçün ABŞ prezidenti martın 12-də Rusiya, martın 20-də isə İran nefti üzərindən sanksiyanı bir ay müddətinə götürüb. Onun bu hərəkəti qəribə görünsə də, əslində, məntiqli idi. Çünki qiymətin qalxması ABŞ iqtisadiyyatına da mənfi təsir göstərir. Nəticədə sadə vətəndaşlar əziyyət çəkir və ölkədə ictimai narazılıq artır. Bu isə Donald Tramp üçün ona görə təhlükəlidir ki, Amerika dövləti özünün daxili siyasətində cəmiyyətin fikrini nəzərə almağa məcburdur.
Neft qiymətlərinin ABŞ iqtisadiyyatına təsiri məsələsində qəribə bir ziddiyyət var. Əvvəla, Hörmüz boğazı bağlanan gündən Tramp dəfələrlə bildirib ki, neft qiymətlərinin yüksəlməsi ABŞ-nin xeyrinədir. O həmin fikri bu gün - aprelin 13-də bir daha təkrarlayıb. İkincisi isə, ABŞ həqiqətən də dünyanın ən nəhəng neft ixracatçılarından biridir.
Lakin bir tərəfdən, heç kimə sirr deyil ki, Donald Tramp patoloji yalançıdır, hələ birinci prezidentliyi dövründə 30 min 573 dəfə yalan danışıb. Digər tərəfdən isə reallıq budur ki, müharibə başlandıqdan sonra ABŞ-də benzinin qiyməti kəskin bahalaşıb. Belə ki, 1 litr benzinin qiyməti ştatdan asılı olaraq, 60 sentdən minimal 87 sentədək, əsasən 1 dollar 8 sentədək, maksimal isə 1 dollar 56 sentədək qalxıb. Orta artım 37 faizdir. Bu vəziyyət insanların xoşuna gəlmir və onlarda belə bir sual yaranır: İsrailin maraqlarına görə ABŞ vətəndaşının həyat səviyyəsi niyə aşağı düşməlidir?..
Deməli, İslam Cümhuriyyətinə keçid haqqı ödəmiş tankerlərin və İran neftinin körfəzdən çıxa bilməməsi dünyada, o cümlədən, ABŞ-də mövcud iqtisadi böhranı labüd olaraq daha da dərinləşdirəcək.
Blokada elanı daha iki hadisəyə aydınlıq gətirir:
1. Aprelin 8-də İsrail aviasiyası İranı Çinlə birləşdirən dəmir yol xəttini və onun keçdiyi körpülərdən birini vurdu. Qeyd edək ki, inşası 2025-ci il iyunun 3-də tamamlanmış həmin xəttin bütün xərcini Çin dövləti çəkib. Məqsəd isə İran neftinin Çinə şaxələndirilmiş idxalını təmin etmək olub. İlkin informasiyaya görə, sıradan çıxarılmış körpü və dəmiryolunun təmiri xeyli vaxt apara bilər. Həmçinin məlumat yayıldı ki, İsrail bunu özbaşına, ABŞ ilə razılaşdırmadan edib. Ancaq indi - Trampın blokada elanından sonra bəlli olur ki, İsrail sözügedən əməli ABŞ ilə koordinasiyalı şəkildə törədib. Belə təsəvvür yaranır ki, ABŞ prezidenti İran neftinin həm quru, həm də dəniz yolu ilə Çinə daşınmasına mane olmaq istəyir…
İsrail aviasiyasının zərbəsindən dərhal sonra Çin “vəd edilmişlərin” hücumunu kəskin şəkildə qınadı. Ardınca isə İrana hərbi təyinatlı yüklər, ehtimala görə, ən müasir tipli hava hücumundan müdafiə sistemləri göndərməyə başladı. Bu isə o deməkdir ki, ABŞ və İsrail təyyarələrinin İran səmasında ağalıq dövrü yaxın günlərdə tamamilə bitəcək. Donald Tramp özü də bu məsələ ilə bağlı bəyanat verərək Çini təhdid etdi. Amma onun hədələri Çinin heç vecinə də olmadı…
2. Son günlərdə daha bir məlumat diqqəti cəlb etdi: Guya müqavilə əsasında Pakistan ordusunun 13 min hərbçisi və çoxlu döyüş təyyarəsi Səudiyyə Ərəbistanının hərbi bazalarında yerləşdirilib. Məqsəd Səudiyyə Ərəbistanını mümkün təhdidlərdən qorumaqdır.
Məsələ burasındadır ki, amerikalılar Səudiyyə Ərəbistanının razılığı ilə bu ölkənin ərazisindən istifadə edərək atəşkəs elan olunanadək - 40 gün ərzində İrana qarşı hərbi əməliyyatlar aparıblar. Nəticədə ABŞ-nin Səudiyyə Ərəbistanında yerləşən hərbi bazaları, kəşfiyyat mərkəzləri, digər obyektləri və aktivləri İranın qanuni hədəfinə çevrilib.
Beləliklə, müharibənin növbəti mərhələsində İranın cavab zərbələrindən sonra Pakistan ordusu Səudiyyə Ərəbistanını qorumaq bəhanəsi ilə bəzən “Epşteyn koalisiyası” da adlandırılan ABŞ-İsrail cütlüyünün tərəfində müharibəyə qoşulacaqmı? Zənnimizcə, aşağıdakı beş səbəbə görə rəsmi İslamabad bunu etməyəcək:
- Pakistanın əsas tərəfdaşı və müttəfiqi Çin Xalq Respublikasının mövqeyi bəllidir. Trampın sözlərinə əsasən, Çin artıq dolayısı ilə bu müharibədə iştirak edir. Amma İranın tərəfində…
- Pakistan İslam Cümhuriyyətinin xalqı bu gün, demək olar ki, hamılıqla İranı dəstəkləyir. Hökumət isə xalqın fikri ilə hesablaşmalıdır…
- Pakistanın siyasi və dini elitasının İsrailə münasibəti olduqca mənfidir. Bir neçə gün əvvəl Pakistanın müdafiə naziri Xavaca Asif belə bir bəyanat verdi: “İsrail günahsız insanları qətlə yetirir - əvvəlcə Qəzzada, sonra İranda, indi isə Livanda. Qan tökülməsi səngimədən davam edir. Ümid və dua edirəm ki, Avropadakı yəhudilərdən qurtulmaq üçün Fələstin torpaqlarında bu xərçəng dövləti yaradanlar Cəhənnəmdə yanacaqlar".
- Nəinki Pakistan, özünə hörmət edən heç bir İslam ölkəsi İsraillə eyni cərgədə savaşa qatılıb adını tarixdə bədnam etmək istəmir. Bu məsələ ABŞ üçün həqiqətən də böyük bir problemdir. İsrailin qəribə hərəkətləri isə onu daha da qəlizləşdirir. Məsələn, İranla müharibənin tam şiddətlə getdiyi bir zamanda - martın 31-də İsrail knesseti bütün dünyanın, o cümlədən, ABŞ-nin ərəb müttəfiqlərinin narazılığına və etirazına səbəb olmuş əcaib bir qanun qəbul etdi. Həmin sənədin mətninə görə, “İsrail dövləti onun hər hansı bir vətəndaşını öldürmüş istənilən Fələstin vətəndaşına ölüm hökmü tətbiq edə bilər. Lakin bu hökm heç bir halda fələstinlini öldürmüş israilliyə tətbiq oluna bilməz…”
- İran İslam Cümhuriyyəti Tramp-Netanyahu cütlüyünə məğlub olsa, “epşteynçilərin” planına əsasən, parçalanmalıdır. Bu, baş versə, Pakistanla sərhəddə Bəlucistan dövləti yarana bilər. Hadisələrin belə inkişafı isə Pakistanın milli maraqlarına qətiyyən uyğun deyil. Çünki onun da ərazisinin əhəmiyyətli bir hissəsi tarixi Bəlucistan vilayətinə aiddir…
Qeyd:
İstənilən müsəlman ölkəsinin ABŞ ilə birlikdə İrana qarşı müharibədə iştirakının ən başlıca şərti onun İsraillə eyni cərgədə yer almamasıdır. Bunun üçün ABŞ birinci körfəz müharibəsinin (1990-1991) dispozisiyasını təkrarlamalı, İsrail isə lap əvvəldən savaşan tərəf olmamalı idi. Xatırladaq ki, o zaman İsrail ABŞ-nin müttəfiqi olan ərəb ölkələrini qıcıqlandırmamaq üçün İraqın atdığı heç bir raketə aqressiv reaksiya vermirdi...
Belə bir fərziyyə irəli sürə bilərik ki, Tramp rejiminin iki həftəlik atəşkəsdən güddüyü əsas məqsəd məhz İsraili sakitcə, hiss olunmadan İranla müharibədən çıxarmaq, sonra isə müəyyən bir təxribat törədərək birinci körfəz savaşındakı kimi bəzi müsəlman ölkələri ilə koalisiya yaradıb hərbi təcavüzü davam etdirməkdir. Bu “ideya” zahirən maraqlı görünsə də, onun perspektivi çox zəifdir. İki ciddi səbəbi qeyd edək:
- İsrail ABŞ-nin müsəlman müttəfiqlərini qıcıqlandıran, onları ciddi şəkildə narahat edən hərəkətlərindən əl çəkmir.
- Bütün dünya hazırki müharibəni İsrailin savaşı kimi tanıyır…
Bu amilləri nəzərə alaraq güman etmək olar ki, Pakistan ordusu Ərəbistan yarımadasına aşağıdakı məqsədlərdən biri üçün gətirilib:
- Səud nəslinə qarşı baş verə biləcək mümkün qiyamları, xüsusilə ixvanların ehtimal edilən üsyanını yatırmaq.
- Yəmən şiələrinin Bab əl-Məndab boğazını bağlamalarına imkan daxilində mane olmaq…
- Yəməndən həyata keçirələcəyi proqnozlaşdırılan quru hücumunun qarşısını almaq.
- Türkiyə-Pakistan-Səudiyyə Ərəbistanı ittifaqının hərbi gücünü və birliyini nümayiş etdirmək. Amma kimə?..
Onu da vurğulayaq ki, Donald Trampın hələ tam tətbiq etmədiyi üç variant da qalır.
1. Seyid Müctəba Xameneinin qətli.
Şübhəsiz ki, Pakistandakı danışıqlar prosesində ABŞ rejimi İran nümayəndə heyətinin üzvlərini texniki vasitələrin köməyilə izləməyə götürərək Ali Rəhbərin yerini müəyyənləşdirmək və oraya aviasiya zərbəsi endirmək istəyib. Amerikalılar ümid edirdilər ki, İran nümayəndə heyəti hansısa vacib məsələni razılaşdırmaq üçün Seyid Müctəba Xamenei ilə əlaqə saxlamağa məcbur olacaq. İlkin informasiyaya əsasən, Pakistana getmiş ABŞ nümayəndə heyəti üzvlərinin sayı 300-ə yaxın olub. Bu məlumat doğrudursa, ehtimal edə bilərik ki, onların əksəriyyəti texniki və digər kəşfiyyat strukturlarının əməkdaşları olublar. Lakin, zənnimizcə, amerikalılar iranlıları bu dəfə aldada bilməyiblər.
İzah:
Bu məsələ həlledicidir. O göstərir ki, bütün dünyanın gözü önündə yol verdiyi biabırçılıqlara və uğursuzluqlara baxmayaraq, ABŞ rejimi özünü qətiyyən düzəldə, islah edə bilmir. O hələ də anlamır ki, bu dəfə hansısa fərd və ya qrupla deyil, əsil mütəşəkkil bir sistemlə qarşı-qarşıya gəlib. ABŞ rəhbərliyi hələ də hesab edir ki, ayrı-ayrı şəxsləri öldürməklə qələbə qazanacaq. Bu, kifayət qədər primitiv və ibtidai yanaşmadır. Əslində isə, həmin üsul daha çox İsrail dövlətinin dəst-xəttinə oxşayır. Görünür, Trampın Netanyahuya tabe olduğunu deyənlər heç də yanılmırlar…
İran dövləti isə problemin həllinə fərqli yanaşır. O, ABŞ-ni sistem kimi qəbul edərək mübarizəni məhz sistemə qarşı aparır. Bu halda hansısa fərdin, hətta o, dörd ulduzlu general belə, olsa, öldürülməsi əsas məqsəd sayılmır. Prioritet məsələ düşmənin logistikasını, bazalarını, texnikasını məhv etmək, onun nüfuzunu sarsıtmaqdır. İran da məhz bunları edir. Qərbin ən nüfuzlu hərbi ekspertləri bildirirlər ki, İranın bütün zərbələri sistemli və mərhələli şəkildə həyata keçirilir, ən mühüm hədəflərin sıradan çıxarılmasına yönəlir. Onlar vurğulayırlar ki, İran ordusu daha çox insanı qətlə yetirmək istəmir. Amma, fikrimizcə, iranlılar bunu heç də mərhəmət hissinə görə, yaxud gərginliyi artırmamaq üçün deyil, həlli vacib olan vəzifələri əhəmiyyətlilik dərəcəsi üzrə düzgün qruplaşdıra bildiklərinə görə edirlər.
2. Qəşm adası və onunla üzbəüz sahilyanı ərazidə quru əməliyyatının keçirilməsi.
İran ordusunun hava hücumundan müdafiə sistemlərinin normal işlədiyini anladıqdan sonra amerikalılar hücumu başqalarının əli ilə etmək niyyətindədirlər. Bu alınsa, aviasiya uzaq məsafədən tətbiq ediləcək və müvafiq olaraq, təyyarələrin vurulması ehtimalı azalacaq. Düzdür, əvəzində desant böyük tələfat verəcək. Amma amerikalıların nə vecinə… Uzaqbaşı “qırılan qoşundandır” deyib çiyinlərini çəkəcəklər. Çox güman ki, Səudiyyə Ərəbistanını və onun vasitəsilə Pakistanı müharibəyə cəlb etmək Tramp administrasiyasının ən böyük arzusudur. Ancaq əvvəldə sadaladığımız səbəblərə görə onun istəyi elə ürəyində qalacaq. Belə olduqda, ABŞ Uqanda kimi ölkələrin silahlı dəstələrindən istifadəni planlaşdıra bilər. Lakin bunun da heç bir effekti olmayacaq…
3. Nüvə şantajı.
Belə bir fikir mövcuddur ki, İran nüvə silahına malik olduğunu bəyan etsə, ABŞ geri çəkiləcək. Bu sözdə həqiqət payı var. Çünki ABŞ yaxşı anlayır ki, bir nüvə zərbəsi Ermənistandan əhəmiyyətli dərəcədə balaca olan İsrailin varlığına son qoya bilər. İran belə bir silaha yiyələndiyini etiraf etsə, ABŞ həqiqətən də öz aqressiyasını əhəmiyyətli dərəcədə azaldacaq, yaxud onu tamamilə dayandıracaq. Lakin iqtisadi sanksiyaları aradan qaldırmayacaq. Zənnimizcə, İran həmin məhdudiyyətlərin ləğv olunacağına ümidini hələ ki itirməyib. İslam Cümhuriyyətinin rəhbərləri həm də inanırlar ki, ABŞ müharibənin ikinci mərhələsində də məğlub olsa, Tramp siyasi səhnəni rüsvayçılıqla tərk edəcək. Ancaq indi həm vaxt daralır, həm də şərait sürətlə dəyişir.
Proqnozumuz belədir:
Donald Tramp tezliklə vəzifəsindən kənarlaşdırılmasa və iki dövlət arasında qarşıdurma daha da şiddətlənsə, İran İslam Cümhuriyyəti nüvə klubuna daxil olduğunu elan edəcək. Bəs İranın nüvə silahı varmı? Bu suala növbəti yazımızda aydınlıq gətirməyə çalışarıq.
Müəllif: tədqiqatçı Araz Şəhrili"