ABŞ-nin "George Bush" aviadaşıyıcısının başçılıq etdiyi aviadaşıyıcı zərbə qrupu Ərəb dənizinə gedərkən husilərin mümkün hücumlarından yayınmaq üçün Aralıq və Qırmızı dənizlərdən keçən qısa marşrutdan istifadə etməyib. Bunun əvəzinə gəmilər Afrikanın cənubundan dolanaraq alternativ marşrutla hərəkət edir.
Moderator.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun xəbər portalı məlumat yayıb.
Qeyd olunur ki, bu marşrut aviadaşıyanın və onu müşayiət edən gəmilərin husilərin dron hücumlarının cəmləşdiyi Qırmızı dəniz və Bab əl-Məndəb boğazından keçməməyə imkan verir. Portal vurğulayır ki, 2023-cü ilin dekabrından bəri heç bir ABŞ aviadaşıyıcısı Bab əl-Məndəb boğazından keçməyib.
Məlumata görə, tərkibində "Donald Kuk", "Meyson", "Ross" esminesləri və "Arktik" sürətli təminat tankeri olan "Corc Buş"un rəhbərlik etdiyi zərbə qrupu təxminən aprelin 21-22-də Ərəb dənizi regionuna çatacaq.
Hazırda bölgədə ABŞ-nin təxminən 15 hərbi gəmisi var. Onların arasında Yaponiyadan köçürülmüş "Tripoli", "New Orleans" və "Rushmore" desant gəmiləri də yer alır. Bundan əlavə, bölgədə "Abraham Lincoln" aviadaşıyısının başçılıq etdiyi zərbə qrupu və onu müşayiət edən iki esmines, həmçinin daha yeddi esmines mövcuddur.