“İçində elm olmayan universitetin fasadı nə qədər parlaq olsa da, o bina gələcəyin iqtisadiyyatını qura bilməyəcək…”
Elm və Təhsil
390
12:12, Bu gün

“İçində elm olmayan universitetin fasadı nə qədər parlaq olsa da, o bina gələcəyin iqtisadiyyatını qura bilməyəcək…”

“Universitetlər, biznes və beynəlxalq tərəfdaşlıq bir araya gəldikdə daha effektiv nəticələr əldə olunur…”- Emin Əmrullayev
 
"Son onilliklərdə Azərbaycan universitetlərində  yeni korpuslar,  parlaq fasadlar, bərq vuran auditoriyalar, bəzəkli inzibati binalar, kampus infrastrukturu çox vaxt “inkişaf” kimi təqdim olunub..."
 
“Əgər universitet dünya elminə təsir etmirsə, texnologiya yaratmırsa, yüksək səviyyəli insan kapitalı formalaşdırmırsa, onda onun bahalı binası strateji göstərici deyil, israfçılıq göstəricisidir…”
 
“Əgər universitet  maaş, kommunal xərc, cari idarəetmə problemləri arasında sıxılıbsa,  ondan Harvard modeli gözləmək absurdluqdur…”
 
“Gürcüstan yeni nəsil universitet yaratmağa, beynəlxalq professorlar gətirməyə, elmi infrastruktura, texnologiya yönümlü təhsilə  strateji sərmayə qoydu: 3 ildə 3 milyard avro həcmində.  Bu bizim 50 universitetimizə 25 ildə  edilən investisiyadan dəfələrlə çoxdur…”  
 
“ETN-nin “ uzaqgörən təhsil siyasəti”  nəticəsində  25 ilə distant təhsil sistemi qura bilməyən universitetərin nə perspektivi ola bilər ki?..”
 
“Əgər məmurlar  universitetləri strateji milli layihə kimi görmürsə,  elmi inkişafı prioritetə çevirmirsə, akademik keyfiyyətə uzunmüddətli investisiya qoymursa, onda  beynəlxalq əməkdaşlıq,  biznes tərəfdaşlığı, formal islahatlar real nəticə verməyəcək…” 
 
“Əgər universitet sistemi zəifdirsə, işlər əsasən imitasiya üzərində qurulubsa, tədqiqat istehsal etmirsə,  onda  post-neft iqtisadiyyatına keçid son dərəcə çətin olacaq.  Çünki gələcəyin əsas sərvəti neft quyusu deyil, düşünən insandır...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Universitetlərin zəif potensialı və milli intellektual  böhran…  Təmirli universitetlər, parlaq divarlar,  çökən  təhsil, post-neft dövrünün intellektual böhranı haqqında…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
"Universitetlərin potensialı varmı  ki?..  
 
Bu fikir ilk baxışda müasir və məntiqli səslənir. Dünyanın qabaqcıl universitet modellərinə baxdıqda doğrudan da universitet,  biznes,  dövlət, beynəlxalq akademik şəbəkə əməkdaşlığının innovasiya yaratdığı görünür.   Lakin problem ondadır ki, belə yanaşmalar yalnız güclü akademik fundament və elmi mühit olduqda işləyir. Akademik potensialı zəif, elmi infrastrukturu  daha zəif, maliyyə imkanı məhdud,  strateji inkişaf modeli qurulmamış universitetlərdə isə bu çağırış çox zaman reallıqdan uzaq şüar təsiri bağışlayır. 
Bəs, görəsən, universitetlərin özündə  intellektual potensial qalıbmı? 
 
Təmir olunan universitetlər, yoxsa inkişafdan qalan universitetlər?  35 ildir universitetlərimizin  potensialı əsasən təmir-tikintiyə yönəldilib.  Bu təhsilmizdə olan  ciddi struktur problemidir.  Son onilliklərdə Azərbaycan universitetlərində  yeni korpuslar,  parlaq fasadlar, bərq vuran auditoriyalar, bəzəkli inzibati binalar, kampus infrastrukturu çox vaxt “inkişaf” kimi təqdim olunub.  Halbuki müasir universitetin əsas göstəricisi divarın rəngi yox, elmi məhsuldarlıqdır.   Universitetin gücü laboratoriyalar, tədqiqat məktəbləri, akademik azadlıq, beynəlxalq sitat indeksləri, professor keyfiyyəti, tələbənin analitik səviyyəsi, innovasiya ekosistemi ilə ölçülür.  Əgər universitet dünya elminə təsir etmirsə, texnologiya yaratmırsa, yüksək səviyyəli insan kapitalı formalaşdırmırsa, onda onun bahalı binası strateji göstərici deyil, israfçılıq göstəricisidir. Bu gün  bu universitetlərimizin çoxusunun diplomu, heç qardaş Türkiyədə də tanınmırsa, onda universitet mövzusunu qapatmaq da olardı... 
Elm və təhsil naziri: “Öz potensialınızı gücləndirin!”  Hansı resursla?.. 
 
Nazirin universitetlərə “öz potensialını gücləndirməyi” tövsiyə etməsi prinsipcə kənardan doğru görünə bilər. Amma daxildən bu tövsiyənin  mənasızlığı daha yaxşı hiss edilir.    Bu  tövsiyədə fundamental ziddiyyət var. Çünki universitetlərə ETN heç vaxt real inkişaf fondları verməyib, uzunmüddətli elmi qrant sistemi heç vaxt olmayıb, akademik tədqiqat iqtisadiyyatı formalaşmayıb, universitetlərimizin  hamısı maliyyə baxımından yalnız tələbə ödənişlərindən asılıdır...  
 
Belə bir  şəraitdə universitet  elmi məktəb qurmağa, dünya  səviyyəli professor cəlb etməyə, laboratoriya yaratmağa, rəqəmsal transformasiya aparmağa, süni intellekt infrastrukturu qurmağa  necə nail olsun?   Əgər universitet  maaş, kommunal xərc, cari idarəetmə problemləri arasında sıxılıbsa,  ondan Harvard modeli gözləmək absurdluqdur. 
 
PHŞ modelli universitet, yoxsa təərrüfat hesablı  (özünümaliyyələşdirən)  müəssisə?..  
Son illərdə universitetlərin ETN tərəfindən  PHŞ modelinə zorla  keçirilməsi formal olaraq çeviklik, idarəetmə səmərəliliyi, maliyyə müstəqilliyi  kimi təqdim edildi. Lakin praktikada bir çox hallarda bu model  dövlətin universitetlərə qarşı strateji məsuliyyətinin azalması  kimi qəbul edildi.  Bunun inkişafa real faydası olmasa da, maaş sistemində ciddi disproporsiya və  ədalətsizliyə yol açdı.   Universitetləri PHŞ etməklə ETN  dolayısı ilə belə mesaj verdi ki,  özünüz  maliyyə tapın (hardan? necə?), özünüz inkişaf edin (pulsuz), özünüz rəqabət aparın (bir-birinizlə),  bizdən də əlinizi üzün.  Amma dünyanın qabaqcıl universitet sistemlərinə baxsaq görərik ki, ABŞ, Çin, Sinqapur, Cənubi Koreya, Körfəz ölkələri
universitetlərə nəhəng dövlət investisiyaları yatırırlar. Çünki insan kapitalı ən bahalı strateji investisiyadır...
 
Kutaisi nümunəsi və strateji fərq...   
 
Son illərdə  yaradılan  Kutaisi Beynəlxalq Universitetinə  (KBU-KİU) nəzər salaq.  Gürcüstan yeni nəsil universitet yaratmağa, beynəlxalq professorlar gətirməyə, elmi infrastruktura, texnologiya yönümlü təhsilə  strateji sərmayə qoydu: 3 ildə 3 milyard avro həcmində.  Bu bizim 50 universitetimizə 25 ildə  edilən investisiyadan dəfələrlə çoxdur.  Bu yanaşmanın arxasında duran fikir budur ki,  kiçik ölkələrin əsas rəqabət üstünlüyü insan kapitalıdır.  Biz də buna çalışdıq,  amma çox təəssüf ki, TN və  ETN bu strateji məsələni həll edə bilmədi.    Biz uzun müddət neft gəlirlərinə, tikinti iqtisadiyyatına, infrastruktur estetikasına, idman yarışlarına  daha çox fokuslandıq.  Nəticədə binalar yeniləndi,  amma universitetlərin böyük hissəsi qlobal akademik sistemdə görünməz qaldı. Bu gün də belədir. Sabah daha pis ola bilər. Çünki universitetlərimiz rəqəmsal transformasiyadan da çox geridədir. ETN-nin “ uzaqgörən təhsil siyasəti”  nəticəsində  25 ilə distant təhsil sistemi qura bilməyən universitetərin nə perspektivi ola bilər ki?.. 
 
Təhsil büdcəsi artır, bəs keyfiyyət niyə artmır?..  
 
Təbii olaraq sual yaranır:  təhsil büdcəsi    son 10 ildə bir neçə qat artıbsa, niyə universitetlərə investisiya edilməyib? Niyə universitetlərdə keyfiyyət  ciddi şəkildə yüksəlməyib?..  Bu, artıq təkcə maliyyə məsələsi deyil.  Bu idarəetmə modeli,  prioritet seçimi, strateji vizyon, hesabatlılıq  problemidir.  Əgər büdcə artır, amma şəffaflıq yoxdursa, strategiya, prioritetlər düz deyilsə, elmə pul qoyulmursa, elmi məhsuldarlıq artmırsa,  universitetlərin qlobal mövqeyi dəyişmirsə,  tələbənin analitik səviyyəsi zəif qalırsa, onda sistemin özü ciddi təhlil olunmalıdır. Kim edəcək bu təhlili? Təhsilimizdə, universitetlərimizdə analitiklər və strateqlər varmı?  ETN niyə hazırlamayıb belə kadrları?  ETN niyə olan azsaylı mütəxəssisləri  proseslərdən kənar tutur. Məqsəd nədir?..     
 
Universitetlərimiz niyə təqlid edir?..   
 
Niyə daim biz başqalarını təqlid etməliyik? Bu, ciddi sualdır, bu sual  post-sovet universitet böhranının, xüsusən də bizim təhsil  böhranının  mərkəzində dayanır.  Çünki bir çox universitetlərdə formal beynəlxalqlaşma, vitrin xarakterli əməkdaşlıqlar, kağız üzərində ikili diplomlar, imitasiya xarakterli islahatlar real akademik transformasiyanı əvəz edib.  Halbuki güclü universitet yalnız öyrənən deyil, həm də öyrədə bilən universitetdir.  Əgər heç kim sizin təcrübənizi öyrənmək istəmirsə, siz qlobal elmə təsir etmirsinizsə, yalnız hazır modelləri kopyalayırsınızsa, onda sistem hələ intellektual periferiyadan çıxa bilməyib... 
 
Təmir iqtisadiyyatı və akademik imitasiya...   
Universitetlər  tənəzzül etsə də, burda  təmir-tikinti biznesi inkişaf edibdir. Elə təhsilin digər pillələrində olduğu kimi.  4000 məktəb tikib, sonra da 1500 məktəbi  bağlamaq təşəbbüsü kimi. Bu  fakt əslində daha geniş problemi göstərir, yəni təhsildə inkişaf  mahiyyətlə deyil,  görüntü ilə ölçülür.  Çünki divarı rəngləmək asandır, amma universiteti  universitet etmək, orda  müasir universitet  mədəniyyəti qurmaq çətindir. 
Əsl universitet transformasiyası müəllim hazırlığı, elmi məktəblər, tədqiqat fondları, akademik azadlıq, beynəlxalq elmi rəqabət, intellektual mühit tələb edir. Bu isə uzunmüddətli  təhsil strategiyası (hansı ki, bizdə hələ də yoxdur), peşəkar idarəetmə, siyasi iradə  olmadan mümkün deyil. 
 
Post-neft dövrü qapını döyür...  
 
Ölkə prezidenti son 23 ildə dəfələrlə təhsil menecerlərinə xəbərdarlıq edib: əgər keyfiyyətli elm-təhsil sistemi olmasa, insan kapitalı yaranmasa, postneft dövründə çətinliklərimiz  olacaqdır. Bu artıq iqtisadi yox, sivilizasiya məsələsidir... 
 
Neft gəlirləri azaldıqca ölkələrin əsas resursu elm, texnologiya, innovasiya, insan kapitalı olmalıdır.  Əgər universitet sistemi zəifdirsə, işlər əsasən imitasiya üzərində qurulubsa, tədqiqat istehsal etmirsə,  onda  post-neft iqtisadiyyatına keçid son dərəcə çətin olacaq.  Çünki gələcəyin əsas sərvəti neft quyusu deyil, düşünən insandır... 
 
Gördüyümüz kimi,  Azərbaycan universitetlərinin problemi təkcə maliyyə problemi deyil.  Bu strateji baxış, prioritetlər, idarəetmə fəlsəfəsi, menecerlərin səriştəsi, insan kapitalına münasibət  problemidir.   Universitet bina deyil, intellektual ekosistemdir. Əgər məmurlar  universitetləri strateji milli layihə kimi görmürsə,  elmi inkişafı prioritetə çevirmirsə, akademik keyfiyyətə uzunmüddətli investisiya qoymursa, onda  beynəlxalq əməkdaşlıq,  biznes tərəfdaşlığı, formal islahatlar real nəticə verməyəcək.  Çünki içərisində elm olmayan universitetin fasadı nə qədər parlaq olsa da, o bina gələcəyin iqtisadiyyatını qura bilməyəcək…”
 
Müəllif: dosent İlham Əhmədov
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər