“Xalq xarici nümayəndələrin
hakimiyyətinə son qoymaq üçün mübarizəsini davam etdirirdi...”
Moderator.az aktuallığını nəzərə alaraq tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağının Azərbaycan tarixinə və onun öyrənilməsinə fərqli baxışlarıyla bağlı silsilə yazılarını oxucuların müzakirəsinə buraxır:
Moğollar xalqın müqaviməti ilə üzləşib geri döndülər...- XX mövzu
Moğolların Azərbaycanda möhkəmlənmək cəhdləri...
XIII əsrin əvvəllərində Azərbaycanda mürəkkəb ictimai-siyasi vəziyyət
mövcud idi. Ölkədə hakimiyyət böhranı, mərkəzdənqaçma meyillərinin güclənməsi,
hakimiyyətə müxalif qüvvələrin fəallaşması, qonşu ölkələrin müdaxilə cəhdləri,
əhali içərisində ağır həyat şəraiti ilə bağlı narazılıqlar müşahidə olunurdu.
Eldənizlərin dövründə paytaxt şəhərləri olmuş Naxçıvan [11], Həmədan [10,
s.1053], Təbriz [5, s.90] əldən-ələ keçir, müxtəlif hərbi-siyasi qüvvələr bir-birini
əvəz edirdi. Sultan Qızıl Arslanın sui-qəsd nəticəsində öldürülməsindən sonra
hakimiyyətin nizamı pozuldu, Məhəmməd Cahan Pəhləvanın oğlu Əbu-Bəkrin
(1191-1210) dövründə bir sıra ərazilər mərkəzi hakimiyyətin nəzarətindən çıxdı.
Onun ögey qardaşı Özbəyin (1210-1225) hakimiyyətə gəlməsi vəziyyəti daha da
pisləşdirdi. Özbək ölkəyə nəzarəti itirmiş, idarəetmədən kənarlaşmışdı. [12].
Vəziyyət o yerə çatmışdı ki, bir sıra xarici qüvvələr, o cümlədən Xarəzmşahlar,
gürcü hakimləri Azərbaycana yürüşlər edir, ölkəni talan edirdilər.
Bu vaxt Azərbaycanda vahid, mərkəzləşmiş dövlət yox idi. Eldənizlər
sülaləsi kiçik bir əraziyə nəzarət edirdi, Şirvanşah Guştəsb (1204-1225)
mövcudluğunu qoruyub saxlamağa çalışırdı, Marağa və ətrafında isə Rəvvadilər
nəslindən olan Ağsunqurilər sülaləsi (1108-1227) hakimiyyətdə idi. Belə bir
vəziyyətdə Azərbaycan moğol hücumlarına məruz qaldı...
Moğolların ulu babaları türklərlə qohumdilli olub, bir kökdən üç qola
bölünmüşdü: türk, moğol və tunquz-mancur. [4]. Tədqiqatçıların əksəriyyətinin
fikrinə görə, bu dillər arasında uyğunluqlar qədim qohumluqlarından xəbər verirdi.
Eyni kökdən olan bu etnoslar köç və digər amillərin təsiri altında bir-birlərindən
ayrı düşmüş və e.ə. III-II əsrlərdə türk, moğol, tunqus dilləri artıq fərqli lüğət
tərkibinə malik idi [6, s.55-56].
XII əsrdə moğollar Böyük Çin səddi yaxınlığında yaşayırdılar. Moğolların
siyasi birləşmələri XIII əsrin əvvəllərində gücləndi. 1206-cı ildə Onon çayı
sahilində moğol rəhbərlərinin qurultayı kiyat tayfasından Temuçini moğol
tayfalarının böyük xanı (xaqanı) elan etdi. Çin adətinə görə yeni seçilən hakim öz
adını dəyişməli idi. Odur ki, Temuçin yeni ad – Çingiz xan (türkcə tengiz-dəniz,
okean) adı ilə tanınmağa başladı. [14]...
Tarixçi Rəşidəddin qeyd edir ki, Çingiz xan həyat yoldaşlarından 5-ni
sevimli qadın adlandırırdı. Onun hər tayfadan evləndiyi qadın var idi. Lakin
onların içərisində ən böyüyü və fəxrisi sayılan kunqirat tayfasından olan Börte-
Fucin idi. «Fucin» çin dilində «qadın» deməkdir. Çingiz xanın bu qadından 4 oğlu
və 5 qızı olmuşdur. [15]. Çingiz xan gələcəkdə moğol hakimiyyətində ara
müharibələri olmasın deyə göstərmişdi ki, mənim ölumümdən sonra hakimiyyətə
ancaq Börte-Fucindən olan oğlanlarım-Cuçi, Cığatay, Ugedey və Tuluy yiyələnə
bilər. Çingiz xan və Cuçi (atasından 6 ay əvvəl ölmüşdü) 1227-ci ildə vəfat
etdiyindən böyük xan vəzifəsinə Çingiz xanın üçüncü oğlu Ugedey seçilmişdi.
Cuçinin ölümündən sonra isə ona məxsus olan torpaqlar oğlu Batı xanın ixtiyarına
keçmişdi. Çingiz xanın dövründə moğol dövlətinin paytaxtı Orxon çayının
sahilində yerləşən Qaraqorum şəhəri idi…
Dəqiq kəşfiyyat məlumatları toplamaq, düşmənin qüvvələrini parçalamaq,
çoxsaylı süvari qüvvələri ilə qəflətən hücuma keçmək Çingiz xan strategiya və
taktikasının səciyyəvi xüsusiyyətləri idi. Moğol dövləti az bir zamanda
mərkəzləşərək ciddi dövlətə çevrildi və moğolların böyük işğalları başladı.
Moğollar 1211-ci ildə Çinin şimal əyalətlərinə soxuldular və 1215-ci ildə Pekini
(Çjundu) tutdular. Çingiz xanın hakimiyyətinin sonuna kimi Pekin şəhəri də daxil
olmaqla, Şimali Çin ərazisi moğol dövlətinə tabe edildi [16, s.153]. 1219-cu ildə
Orta Asiyaya hücum başladı. Həmin ilin payızında moğol qoşunları Otrar şəhərini
mühasirəyə aldılar. Çingiz xan öz oğullarını burada qoyub, 1220-ci ilin fevralında
Buxaraya yaxınlaşdı. Qarnizon rəisi şəhəri müdafiəsiz qoyub qaçdı. Buxara təslim
oldu. Mart ayında yeni paytaxt Səmərqənd təslim oldu. Əhalinin əksəriyyəti
qılıncdan keçirildi. Altı ay müqavimətdən sonra Otrar da süqut etdi. Yerli hökmdar
Xarəzmşah Məhəmməd qaçıb Xəzər dənizində bir adada gizləndi, çox keçmədən
burada vəfat etdi. Məhəmmədin ölümündən sonra oğlu Cəlaləddin Xarəzmşah elan
edildi. Lakin hərbi rəislərin ona qarşı qəsd hazırladığını bilən kimi, o, Xarəzmdən
çıxıb getməyə məcbur oldu. Elə həmin ildə bir-birinin ardınca köhnə paytaxt
Ürgənc və Mərv şəhərləri də moğollara təslim oldu. Beləliklə, moğollar qısa
müddət içərisində bütün Orta Asiyaya sahib oldular. Xarəzmşah Məhəmməd qaçan
zaman Çingiz xan onun arxasınca Cəbə noyon və Sübutay bahadurun başçılığı
altında otuz minlik qoşun göndərdi. Həmin qoşunun məqsədi həm də qərbdəki
əyalətlərə kəşfiyyatdan ibarət olmuşdu…
Cəbə və Sübutayın qoşunları bütün Xorasan və Əcəm (ərəb olmayanlara,
xüsusən farslara belə deyirdilər) İraqının ərazisindən keçərək, yurdları dağıda-
dağıda, əllərinə keçəni qarət edə-edə 1220-ci ilin payızında Azərbaycana daxil
oldu. Ölkənin bir sıra yaşayış məskənlərini viran edib Təbrizə yaxınlaşdılar. O
zaman Atabəy Özbək Təbrizdə otururdu. Özbək şəhəri dağıntılardan xilas etmək
üçün xərac müqabilində moğollarla sülh bağladı [8, s.45]...
Azərbaycan hakimiyyət nümayəndələri moğollara imkanları daxilində
müqavimət göstərdi, amma ciddi nəticələrə nail ola bilmədi. Əsas müqaviməti yerli
əhali, ayrı-ayrı xalq nümayəndələri özləri təşkil etdi. Moğol qoşunları Təbrizdən
sonra Tiflis üzərinə yeridilər, gürcüləri ağır məğlubiyyətə uğratdılar [3, s.100].
Təbriz şəhəri daha iki dəfə moğolların hücumlarını dəf etdi, şəhərin müdafiəsinə
xalqın rəğbət bəslədiyi şəhər rəisi Şəmsəddin ət-Tuğrayi rəhbərlik edirdi. Marağa
da işğalçılara ciddi müqavimət göstərirdi [1, s.326]. Həmədan, Ərdəbil, Sərab,
Naxçıvan, Beyləqan və digər şəhərlər də 1221-ci ilin sonuna qədər moğolların
hücumuna məruz qaldılar, yerli əhali müqavimət göstərdi, lakin düşmənin üstün
qüvvələri qarşısında davam gətirə bilmədi. Atabəy Özbək özünü, ailəsini qorumaq
məqsədi ilə Naxçıvana, oradan Əlincə qalasına getdi [8, s.46,133]...
Moğollar 1222-ci ilin əvvəlində Gəncə, Şamaxı, Dərbənd istiqamətində
hərəkət etdilər. Gəncənin qala divarlarının möhkəm olduğunu, əhalinin mərdliyini
nəzərə alan moğollar yalnız təzminat alıb buradan Gürcüstana yönəldilər. Döyüşə
yaxşı hazırlaşmalarına baxmayaraq gürcülər 30 min əsgər itirərək məğlub oldular...
Gürcüstandan dönən moğollar Şirvanın paytaxtı Şamaxını mühasirəyə aldılar.
Şamaxılılar şəhərin müdafiəsinə yaxşı hazırlaşmışdılar. Üç gün gərgin döyüşlər
davam etsə də, güclü hücumla şəhəri alıb çoxlu adam qırdılar [13, s.111-112].
Moğol qoşunları buradan şimal istiqamətinə yönələrək Dərbənddən keçib geri
qayıtmağı qərara aldılar. Onlar bilirdilər ki, Dərbənd çox güclü müdafiə olunur.
Odur ki, onlar hiyləyə əl atdılar. Belə ki, Şirvanşah Guştəsbə (1204-1225) xəbər
göndərib, onunla sülh bağlamaq niyyətində olduqlarını bildirdilər. Təklifi qəbul
edən Şirvanşah on nəfərlik elçi heyəti göndərdi. Onlar elçilərdən birini öldürdü,
doqquzunu isə məcbur etdilər ki, Dərbənddən keçən gizli yolu onlara göstərsin.
Beləliklə, Dərbənd keçidindən şimala keçən moğolların Azərbaycana birinci
yürüşü sona çatdı [2, s.133-134]. Onlar 1223-cü ildə Kalka çayı sahilində qıpçaq
və rus qoşunlarını əzib Volqa bulqarlarının üzərinə hücum etdilər, Volqanın aşağı
axarlarından keçərək Orta Asiyaya qayıtdılar...
Bu mürəkkəb şəraitdə qıpçaqlar da Azərbaycanda möhkəmlənməyə
çalışırdı. Onlar 1223-cü ildə Dərbənddən keçərək Gəncəyə qədər gəldilər, lakin
burada uzun müddət qala bilmədilər, geri çəkilməli oldular [7]..
Moğollar Orta Asiyanı işğal etdikdən sonra Xarəzmşah Məhəmmədin
oğlanları cənuba və qərbə doğru hərəkət etməyə başladılar. Məhəmmədin oğlu
Qiyasəddin Pirşah Əcəm İraqını tutub, 1224-cü ildə Azərbaycana yürüş etdi.
Atabəy Özbək Pirşahın hüzuruna bir neçə elçi göndərib sülh bağlamağı təklif etdi.
Pirşah sülh şərtlərini qəbul edərək, buradan Reyə çəkildi [8, s.47]...
1225-ci ilin may ayında digər qardaş Cəlaləddinin qoşunları Marağanı tutdu.
Atabəy Özbək yenidən Gəncəyə, oradan Naxçıvana, Əlincə qalasına getdi.
Cəlaləddin sonra Təbrizə hücum etdi, 7 günlük mübarizədən sonra 1225-ci ilin iyul
ayında Təbriz tutuldu [2, s.139-140].
Təbrizdə olarkən Cəlaləddin Şəmsəddin ət-Tuğrayini şəhərin başçısı təyin
etdi, özü isə Atabəy Özbəyin arvadı Məlikə Xatunla evləndi. Cəlaləddin oradan
gürcülərə qarşı döyüşə çıxdı. Dvini tutduqdan sonra o, Qarnidə gürcü qoşunları ilə
üz-üzə gəldi. 60 minlik gürcü ordusu ilə döyüşdə o, qalib gəldi. Gürcülər 20 min
döyüşçü itirdi və ağır məğlubiyyətə düçar oldular. Atabəy Özbək Əlincə qalasında
arvadı Məlikə Xatunun Cəlaləddinə ərə getdiyini eşidib xəstələndi və həmin 1225-
ci ildə öldü. Bununla da Azərbaycanda Eldənizlər sülaləsi süqut etdi. Cəlaləddin
Azərbaycanda hakimiyyətə gəldi. Atabəylərin hakimiyyəti altında olan ərazilər
Azərbaycan, Arran, Şirvan Cəlaləddinin nəzarətinə keçdi [2, s.143]…
Azərbaycanın müxtəlif yerlərində Cəlaləddinə qarşı üsyanlar baş verirdi.
1225-ci ildə o, Bağdad tərəfdə olarkən Təbriz əhalisi üsyan etdi. Cəlaləddin
Təbrizə gələrək üsyanı çətinliklə yatırdı [9]…
1228-ci ildə Cəlaləddin Dərbəndi mühasirəyə aldı. Lakin bir müddətdən
sonra bunun mənasız olduğunu görərək o, oradan ikinci dəfə Gürcüstana yürüş
etdi. Gürcüstan ikinci dəfə dağıdıldı. Cəlaləddin buradan Xilat qalasına (Van gölü
ətrafında) hücum edib onu mühasirəyə aldı. İl yarımlıq mühasirədən sonra 1230-cu
ilin aprelində qala təslim oldu. Xilatın alınması Cəlaləddinin son qələbəsi idi.
Moğollar 1231-ci ilin oktyabrında Azərbaycana hücum etdilər. Cəlaləddin
bir neçə min döyüşçü toplayaraq moğollarla döyüşmək üçün Ağdam yaxınlığında
Qarqarçay sahilində məskən saldı. Moğol elçisi Cəlaləddinə təslim olmağı təklif
etdi. Cəlaləddin isə onun öldürülməsi əmrini verib Gəncəyə çəkildi. Bu zaman
Gəncədə xarəzmlilərə qarşı üsyan qalxmışdı ki, ona da sənətkar Bəndər başçılıq
edirdi. Gəncəlilər qaladan çıxaraq Cəlaləddinin qoşunları üzərinə hücum çəkdilər.
Qüvvələrin qeyri-bərabərliyi üsyançıların məğlubiyyəti ilə nəticələndi. Bəndər
başda olmaqla 30 nəfər həbs edildi. Onların hamısının boynu vuruldu. Bəndərin isə
bədəni tikə-parça edildi...
Cəlaləddin 17 gün Gəncədə qaldı. Heç kəsin ona kömək etmədiyini görüb
Kiçik Asiyaya yollandı. Yolda moğollar onun qoşunlarını mühasirəyə aldılar. O,
yoldaşlarından ayrı düşərək dağlara qaçdı. Əyinbər kəndi yaxınlığında kürdlər onu
ələ keçirdilər. Əvvəl onu öldürmək istəmirdilər. Lakin, qardaşı xarəzmlilər
tərəfindən öldürülən bir nəfər Cəlaləddini nizə ilə vurub öldürdü. [2, s.144, 147].
Beləliklə, moğolların birinci yürüşü Azərbaycanda hakimiyyət böhranına
səbəb oldu. Eldənizlər sülalələsi süqut etdi, qısa müddətə hakimiyyətsizlik yarandı,
moğollar xalqın müqavimətinə rast gəldiklərinə görə ölkəni tərk etməli oldular,
Xarəzmşahlar müvəqqəti olsa da, hakimiyyətə yiyələnə bildilər. Xarəzmşah
Cəlaləddin ölkənin çox hissəsinə nəzarət edə bilmir, daim bu və ya digər yerlərdə
baş verən üsyanlara qarşı mübarizə aparmalı olurdu. Xalq xarici nümayəndələrin
hakimiyyətinə son qoymaq üçün mübarizəsini davam etdirirdi...
Ədəbiyyat:
1. Azərbaycan tarixi. Yeddi cilddə. II cild. Bakı, “Elm”, 2007.
2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, “Çıraq”, 2007.
3. Bünyadov Z. Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər). Bakı, “Şərq-Qərb”,
2007.
4. Cəfərov N. Bir etnosun taleyi.- “Ədəbiyyat” qəzeti, 2018, 07 aprel, s.5.
5. Erdoğan M. İldenizliler: Azurbaycan Atabegleri, Doğuştan Günümüze Büyük İslam
Tarihi. İstanbul, 1993.
6. Kazımov Q. Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər). Bakı,
“Təhsil”, 2003.
7. Monqol yürüşləri və onlara qarşı mübarizə.-
kayzen.az/blog/Azərbaycan-tarixi/24469/monqol-yürüşləri-və-onlara-qarşı-
mübarizə.html.
8. Nəcəf Ə.N. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından-XIV
əsrə qədər). Bakı, 2010.
9. Xarəzmşah Cəlaləddinin Azərbaycana yürüşü.- kafkazh.com/xarezmsah-celaleddinin-
azerbaycana-yurusu/.
10. Houtsma M.T. E.J.Brill`s First Encyclopaedia of Islam, 1913-1936, BRILL, 1987.