Təhsillə qanunvericiliyi ilə bağlı məlumatsız olduğumuz məsələlərdən biri də təhsilalanların pulsuz tibbi yardım ala bilməsi hüququdur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 2010-cu il, 217 saylı qərarına əsasən təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydas təsdiq edilib.
Moderator.az adıçəkilən dövlət sənədinə istinadən xəbər verir ki, bu qaydalara əsasən şagird və tələbələr ödənişsiz tibbi yardım ala bilmək imkanına malikdirlər.
Qeyd edək ki, bu qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən hazırlanıb və təhsil müəssisəsində təhsilalanlara pulsuz tibbi xidmətin göstərilməsi qaydasını müəyyən edir.
Qayda mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə şamil edilir və təhsil müəssisələrinin rəhbərləri bu Qaydaya əməl edilməsinə görə məsuliyyət daşıyırlar.
Qeyd edək ki, adıçəkiləm dövlət sənədinə əsasən, məktəbəqədər və ümumi təhsil müəssisələrində təhsilalanlar yaşadıqları ərazi poliklinikası tərəfindən pulsuz tibbi xidmətlə təmin edilirlər.
Həmçinin, peşə, orta ixtisas, ali təhsil müəssisələrində təhsil alan və həmin təhsil müəssisəsinin yerləşdiyi yerdə daimi yaşayan təhsilalanlara onların yaşadıqları ərazi poliklinikaları tərəfindən pulsuz tibbi xidmət göstərilir.
Təhsilalanların olduğu yer peşə, orta ixtisas, ali təhsil müəssisələrinin yerləşdiyi yerdən kənarda olduqda, onlara həmin təhsil müəssisələrinin aid edildiyi ərazi poliklinikaları tərəfindən tibbi xidmət göstərilir.
Təhsil müəssisəsində tibbi xidmət müəssisəsi varsa, bu halda burada təhsilalanlar həmin tibb müəssisəsi tərəfindən tibbi xidmətlə pulsuz təmin edilirlər.
Təhsilalanlara zəruri hallarda onlara xidmət göstərən poliklinikalar tərəfindən verilmiş göndəriş əsasında stasionar tipli müəssisələrdə pulsuz tibbi xidmət göstərilir.