Rusiya siyasətində zəlzələ riski artır: Politoloq risklərdən danışdı
Ekskluziv
634
13:10, Bu gün

Rusiya siyasətində zəlzələ riski artır: Politoloq risklərdən danışdı

“Financial Times” Rusiyanın Ukraynada davam edən müharibədə üzləşdiyi hərbi itkilər, iqtisadi təzyiqlər və siyasi gərginliklərin Kreml daxilində narazılıq yaratdığını yazır. Nəşrin qiymətləndirməsinə görə, bu proses uzunmüddətli perspektivdə Vladimir Putinin hakimiyyəti üçün müəyyən risklər formalaşdıra bilər. Xüsusilə elita daxilində fikir ayrılıqlarının artması mümkün siyasi dəyişikliklərin əsas mənbəyi kimi göstərilir. 

Maraqlıdır, Rusiyada mümkün siyasi dəyişikliklərin əsas mənbəyi həqiqətən də elitalar daxilində parçalanma ola bilərmi, yoxsa mövcud hakimiyyət sistemi belə ssenarilərin qarşısını almaq üçün hələ də kifayət qədər dayanıqlıdır?

Mövzu ilə bağlı Moderator.az-a politoloq Elxan Şahinoğlu açıqlama verib. 

Politoloq qeyd edib ki, Rusiya cəmiyyətində müharibə ilə bağlı narazılığın yaranmasını bir çoxları əvvəlcədən proqnozlaşdırıb və bu da təbii hesab olunur:

"Çünki müharibə artıq beşinci ilinə keçib, Rusiyanın itkiləri artır, şəhərləri hədəf alınır, yanacaq mərkəzləri yandırılır və Rusiya Ukraynada istədiyini həyata keçirə bilmir, yüz minlərlə itki var. Belə olan halda, əlbəttə ki, Rusiya cəmiyyətində prezidentə qarşı ciddi suallar yaranır. Lakin bu suallar açıq şəkildə verilmir, çünki Rusiya cəmiyyəti qorxu içində yaşayır. Amma təkcə Rusiya cəmiyyəti deyil, Kremldə də artıq bu dövrdə müəyyən sualların yarana biləcəyi ehtimal olunur: bəlkə kifayətdir, bəlkə müharibəni dayandırmaq lazımdır. Vladimir Putin ona görə özü də qorxu içindədir ki, əgər ətrafı belə düşünürsə, ona qarşı qiyam və ya çevriliş cəhdi ola bilər. 
Çünki Rusiya imperiyası tarixində belə hallar dəfələrlə baş verib.

Yüz il bundan əvvəl də II Nikolay Birinci Dünya müharibəsinə qoşulmamışdan əvvəl güclü fiqur idi, ölkəsi də inkişaf etmişdi, Avropanı kənd təsərrüfatı məhsulları ilə təchiz edirdi. Amma nəticədə müharibəyə qoşuldu, uğursuzluq yaşandı, taxtdan devrildi və daha sonra ailəsi ilə birlikdə bolşeviklər tərəfindən güllələndi. Rusiya imperiyası tarixində başqa oxşar hallar da olub. Sovet dövründə də belə hadisələr yaşanıb ki, liderdən narazı qalan ətraf onu müxtəlif üsullarla hakimiyyətdən uzaqlaşdırıb. Putin də bundan ehtiyat edir.

Müharibənin birinci ilində Rusiya cəmiyyətində euforia var idi ki, Krım alındı və Ukrayna cəzalandırılacaq. Lakin müharibə artıq beşinci ilə gedir, Krımı xatırlayan da yoxdur, Krımın özündə vəziyyət ağırdır, yanacaq çatışmır. Ruslar Krıma avtomobil yolu çəkmişdi, həmin yol da Ukrayna dronlarının nəzarəti altındadır. Belə şəraitdə Qərb ekspertləri və Qərb mətbuatı bu versiyalar üzərində dayanmağa başlayır ki, Putin mövqeləri zəiflədikcə Kremlin daxilində qiyam barədə düşünənlər ola bilər. Bunun nə zaman reallaşacağını söyləmək çətindir. Məsələn, iki il əvvəl də Prigojin eyni qərara gəldi, Putinin yaxın çevrəsindən olan şəxs qiyama başladı, lakin o qiyamın qarşısı alındı. Yəni yeni qiyamın yenidən baş verməsi ehtimalı da mövcuddur".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər