“Azərbaycan enerji keçidini əvəz etmə kimi deyil, genişlənmə kimi görür” – Deputat
Ekskluziv
361
19:23, Bu gün

“Azərbaycan enerji keçidini əvəz etmə kimi deyil, genişlənmə kimi görür” – Deputat

Qlobal enerji bazarında baş verən dəyişikliklər ölkələrin enerji siyasətinə də birbaşa təsir edir. Bu gün dövlətlər həm ənənəvi enerji resurslarından istifadəni davam etdirir, həm də bərpaolunan enerji mənbələrinə daha çox üstünlük verirlər. Enerji təhlükəsizliyi və iqtisadi sabitlik baxımından bu iki istiqamət arasında balansın qorunması vacib sayılır. Azərbaycan da son illərdə həyata keçirdiyi enerji siyasətində bu istiqamətə xüsusi diqqət ayırır. 

Bu gün isə, Prezident İlham Əliyev tərəfindən Bakı Enerji Həftəsində səsləndirilən fikirlərdə həm ənənəvi karbohidrogenlərin, həm də bərpaolunan enerji mənbələrinin paralel inkişafı xüsusi vurğulandı.

Enerji sahəsində Azərbaycanın strateji hədəfləri və perspektivləri ilə bağlı Moderator.az-ın suallarını Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri, deputat Tahir Mirkişili cavablandırıb.

Millət vəkili qeyd edib ki, Prezident Ilham Əliyev Bakı Enerji Həftəsinin açılışında açıqca bəyan etdi ki, “Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”. Bu ifadə öz-özlüyündə bir siyasi xəritəni ortaya qoyur:

"Azərbaycan enerji keçidini əvəzetmə kimi deyil, genişlənmə kimi görür. Bu yanaşmanın Cənubi Qafqaz və Orta Asiya üçün ciddi strateji əhəmiyyəti var. Prezidentin çıxışında Azərbaycandan qaz idxal edən 16 ölkədən 12-sinin Avropa ölkəsi olduğu vurğulandı. Alıcı olacaq yeni Avropa ölkələri ilə isə aktiv danışıqlar davam edir. Bu o deməkdir ki, Azərbaycan 2020-ci ildən başlayaraq Avropa enerji bazarında özünü strateji alternativ kimi mövqeləndirmişdir, bu isə yalnız regional deyil, geosiyasi bir funksiyadır.

Azərbaycan 2030-cu ilədək enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltməyi hədəfləyir. Qarabağ və Şərqi Zəngəzurun azad edilmiş ərazilərindəki hidroelektrik potensialdan işə salınmış, həmin ərazilərdə 270 meqavat həcmində HES-lərin istifadəyə verilmiş, 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı proqnozlaşdırılır. Bərpaolunan enerjinin hər 1 qiqavatı yarım milyard kubmetr qaza qənaət imkanı yaradır ki, bu da həmin qazın ixraca yönəldilməsinə şərait açır".

Tahir Mirkişili vurğulayıb ki, bu məntiq çox vacibdir. Bərpa olunan enerji ixrac gücünü azaltmır, əksinə artırır:

"Daxili istehlakı yaşıl enerjiylə təmin etmək fosil yanacaqları ixrac üçün azad edir, bu da qısamüddətli iqtisadi rasionallıq baxımından düzgün strategiyadır. Bu gün ixrac gəlirlərini qorunması ilə enerji keçidin sürətləndirilməsi arasında tarazlıq saxlamaq Azərbaycan üçün ən vacib mövzudur. Düşünürəm ki, yaxın 5-10 ildə strateji prioritetimiz əsasən aşağıdakı üç istiqaməti eyni vaxtda əhatə esəcəkdir:

• Yaşıl hidrogen ixracı: Avropa artıq 2030-dan sonra qaz idxalını tədricən əvəz etmək üçün yaşıl hidrogenə keçidi planlaşdırır. Azərbaycan mövcud Trans-Xəzər və TANAP infrastrukturunu gələcəkdə də işlək vəziyyətdə saxlamaq üçün bu imkandan istifadə edəcəkdir
• Qarabağın yaşıl enerji mərkəzinə çevrilməsi: Siyasi həll ilə iqtisadi bərpanın sintezi kimi bu region ciddi bərpaolunan enerji potensialı daşıyır.
• Karbohidrogen gəlirlərinin qeyri-neft sektora yönləndirilməsi: Bu ölkəmizin iqtisadi siyasətinin əsasını təşkil edir.

Hesab edirəm ki, hər 3 istiqamətdə aparılan aktiv siyasət öz bəhrəsini verməkdədir.

Azərbaycan Modeli digər inkişaf etməkdə olan ölkələrə nümunədir.

Azərbaycan “resurs lənəti”ndən qaçmağı bacarmış az sayda inkişaf etməkdə olan ölkədən biridir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizdə iqtisadi vəziyyəti kökündən dəyişdi.

Sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu və Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Bu model — uzunmüddətli PSA (Production Sharing Agreement) modelinə əsaslanan şəffaf çərçivə, SOCAR-ın strateji tərəfdaş rolu, Dövlət Neft Fondunun (SOFAZ) makroiqtisadi stabilizasiya funksiyası — bir çox ölkə üçün öyrənilə bilər".

Millət vəkili onu da qeyd edib ki, lakin təhlillər göstərir ki, bu modelin avtomatik transferi mümkün deyil:

"Azərbaycanın uğuru bir neçə özünəməxsus şərtin üst-üstə düşməsinin nəticəsidir:

• Güclü dövlət iradəsi və siyasi sabitlik
• Coğrafi mövqe (Şərq-Qərb dəhlizinin mərkəzindəki tranzit üstünlüyü)
• orta sayda əhali sayı fonunda yüksək neft gəliri nisbəti
• Uzun illər boyunca fəaliyyət göstərmiş Neft Fondu mexanizmi

Bir çox ölkələr enerji resurslarına sahib olsalar da, bu şərtlərin heç birini tam ödəyə bilmirlər.

Amma bununla yanaşı qeyd etmək istərdim ki, digər ölkələr üçün ən çox tətbiq oluna bilən hissə institusional arxitekturadır. Neft gəlirlərini büdcədən ayrı, müstəqil fond vasitəsilə idarə etmək, xarici investoru cəlb edən şəffaf hüquqi çərçivə qurmaq və resurs sektorundakı gəlirləri qeyri-resurs sektora sistemli şəkildə yönəltmək. Bu üç element birlikdə işlədikdə model replikasiya oluna bilir.

Beləliklə, Azərbaycanın “paralel inkişaf” konsepsiyası — yəni neft-qazdan gəlir əldə edərkən eyni zamanda bərpaolanları inkişaf etdirmək — qlobal miqyasda da getdikcə daha çox rəğbət görür. Qısaca desək, Azərbaycan modeli seçim deyil, əlaqələndirmə prinsipi üzərindədir, bu, enerji keçidinin ağrılı deyil, idarə olunan şəkildə baş verə biləcəyini sübut edən nadir nümunələrdən biridir".

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər