Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açıb
Ekskluziv
235
18:50, Bu gün

Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı dünyamızın neft və qazdan ənənəvi asılılığına diqqət  çəkib, bu asılılığı alternativ enerji mənbləri hesabına azaltmağın vacibliyini vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, bərpaolunan enerji mənbələrindən istifadə təbiətin qorunması, ekologiyanın yaxşılaşdırılması baxımından da mühüm əhəmiyyətə malikdir:

“Mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Əslində, bu ehtiyatlar nəzərə alındıqda, elektrik enerjisinin istehsalı üçün əlavə mənbələrə ehtiyacımız olmazdı. Lakin məsuliyyətimiz bizdən bərpaolunan enerji mənbələrinə sərmayə yatırmağı tələb edir. Biz bunu edirik. Tərəfdaşlarımızla birlikdə investorlar üçün olduqca əlverişli şərait yaratmışıq. Bu şərait mahiyyət etibarilə ötən əsrin 90-cı illərinin əvvəllərində neft şirkətləri üçün yaradılmış imkanlara bənzəyir. Bu gün eyni əməkdaşlıq ruhu və investisiyaya açıq yanaşma bərpaolunan enerji sektorunda fəaliyyət göstərən şirkətlərə də tətbiq olunur.

Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir”. (https://president.az/az/articles/view/72619 ).

Prezidentin çıxışından məlum olduğu kimi, Azərbaycan bərpaolunan enerji resurslarından istifadəyə görə yalnız regionun deyil, bütün dünyanın ən qabaqcıl ölkələrindən biri hesab edilə bilər. Bununla yanaşı, dövlətimizin işğaldan azad edilən ərazilərdə həyata keçirdiyi layihələr bərpaolunan enerji mənbələrindən istifadənin daha da genişləndirildiyini, yaxn gələcəkdə bu sahədə daha böyük uğurların əldə ediləcəyini göstərir. Bu isə Azərbaycanın ənənəvi enerji resursu olan neft və qazdan asılılığını azaltmağa, alternativ enerji mənbələrindən daha geniş istifadəyə imkan yaradacaq.

Bərpaolunan enerji mənbələrindən – külək və günəş enerjisindən istifadə ekologiyanın qorunması baxımından da həyati əhəmiyyətə malikdir. Müasir dünyamızda ekoloji problemlərin son dərəcə aktual olduğunu nəzərə alsaq, bərpaolunan enerji mənbələrindən istifadə təbiəti qorumağa, enerji tələbatını təbiətə ziyan vurmadan ödəməyə imkan verəcək. Başqa sözlə desək, Azərbaycan özünün və digər ölkəlrin enerji tələbatını ödəməklə yanaşı, həm də təbiətin daha çox qayğısına qalacaq, ekologiyaya zərər vurmadan öz məqsədinə nail olacaq.

Azərbaycanın bərpaolunan enerji mənbələrindən geniş istifadə istiqamətində həyata keçirdiyi layihələrin digər bir üstünlüyü, bu kimi addımların həm də təşviqedici xüsusiyyətə malik olmasıdır. Azərbaycan bu kimi addımlarla bütün dünyaya öz timsalında əsl nümunə, konkret bir örnək təqdim edir. Hansı ki, digər dövlətlərin Azərbaycan nümunəsini mənimsəmsinə, bu nümunədən lazımi nəticələr çıxarmasına ciddi ehtiyac var. Çünki ənənəvi enerji resursu olan qaz və neft ehtiyatına malik dövləltərin sayı olduqca məhduddur. Digər dövlətlər bu resursları idxal edir ki, bu da həmin dövlətlər üçün ciddi maliyyə itkisi deməkdir. Alternativ enerji mənbələri isə neft və qaz ehtiyatlarına nisbətən hər kəs üçün daha əlçatandır.

Bundan başqa, alternativ enerji resurslarının ekoloji baxımdan təmiz olması ona əlavə üstünlük qazandırır ki, bu da çox mühüm faktordur. Bu baxımdan dünya dövlətlərinin enerji təminatında Azərbaycan təcrübəsini mənimsəməsi, bunu praktikada tətbiq etməsi olduqca vacibdir.

Azərbaycan müasir dünyanın enerji təminatı və enerji təhlükəsizliyində yeni era açan, bu sahədə bənzərsiz bir yol müəyyənləşdirən unikal bir dövlətdir. Onun təcrübəsinin digər ölkələrdə tətbiqi dünyamızın enerji təminatını yaxşılaşdırmaqla yanaşı, təbiətin qorunmasına, ekoloji mühitin əhəmiyyətli dərəcədə yaxşılaşmasına da töhfə verə bilər ki, bu da bütün bəşəriyyət üçün əvəzssiz bir qazancdır.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər