Ekskluziv
530
15:36, Bu gün

"Bayram etməyi bacarmırlar": PSJ-nin qələbəsindən sonra Fransa sarsıldı - "Le Figaro"

 
Çempionlar Liqasının finalında PSJ-nin qələbəsi Parisdə böyük sevincə səbəb olsa da, gecə kütləvi iğtişaşlar, toqquşmalar və yüzlərlə həbslə yadda qalıb...
 
"Paris Saint-Germain" klubunun Çempionlar Liqasının finalında "Arsenal" üzərində qazandığı qələbə paytaxt Parisdə nəinki bayram əhval-ruhiyyəsi, həm də genişmiqyaslı iğtişaşlar yaradıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri yazıb.
 
Bayramdan iğtişaşlara
 
Nəşrin məlumatına görə, final oyunu davam edərkən minlərlə azarkeş Parisin müxtəlif nöqtələrində toplaşıb. Hələ oyun başlamazdan əvvəl bəzi qruplar biletsiz şəkildə "Park de Prens" stadionuna daxil olmağa çalışıb. Polis onların qarşısını almaq üçün gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə edib.
 
PSJ-nin qələbəsi rəsmiləşəndən sonra isə küçələrdəki coşqu bəzi yerlərdə zorakılığa çevrilib. Şəhərin müxtəlif rayonlarında mağaza vitrinləri dağıdılıb, avtobus dayanacaqlarına ziyan vurulub, avtomobillər və digər əşyalar yandırılıb. Bəzi qruplar polisə fişəng və müxtəlif əşyalar atıb, hüquq-mühafizə orqanları isə buna sərt müdaxilə ilə cavab verib.
 
Yüzlərlə saxlanılan və yaralanan var
 
Fransanın daxili işlər naziri bildirib ki, gecə ərzində ölkə üzrə 400-dən çox şəxs saxlanılıb, onların 283-ü Paris və ətraf ərazilərin payına düşüb. Hadisələr zamanı bir neçə polis əməkdaşı yaralanıb. İğtişaşlar yalnız paytaxtla məhdudlaşmayıb. Havr, Monpelye, Ajan və digər şəhərlərdə də polis ilə toqquşmalar qeydə alınıb. 
 
Bir sıra yerlərdə zibil qutuları yandırılıb, mağazalara hücum cəhdləri olub və hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan istifadə etməli olub. Nəşr qeyd edir ki, təhlükəsizliyin təmin olunması üçün təkcə Parisdə 8 min polis əməkdaşı xidmətə cəlb edilmişdi. Buna baxmayaraq, bəzi ərazilərdə vəziyyət nəzarətdən çıxıb.
 
"Bunlar əsl azarkeşlər deyil"
 
Bir çox PSJ tərəfdarı dağıntıları törədənlərin həqiqi azarkeşlər olmadığını iddia edib. Onların fikrincə, iğtişaşlarda iştirak edənlərin bir hissəsi sadəcə xaos yaratmaq üçün klub forması geyinərək küçələrə çıxıb. Uzun illərdir PSJ-ni dəstəkləyən azarkeşlərdən biri bildirib ki, insanların böyük əksəriyyəti tarixi qələbəni sakit şəkildə qeyd etmək istəyirdi, lakin azsaylı qruplar bayramı korlayıb.
 
Nəşrin danışdığı sakinlərdən biri isə narazılığını belə ifadə edib: "Həmişə olduğu kimi, hər şey yenə nəzarətdən çıxdı. Onlar normal şəkildə bayram etməyi bacarmırlar". Bütün bunlara baxmayaraq, Fransa hakimiyyəti PSJ-nin qələbəsi münasibətilə planlaşdırılan rəsmi tədbirlərin ləğv edilməyəcəyini açıqlayıb. Komandanın futbolçuları və məşqçilər heyətinin Parisdə, Eyfel qülləsinin yaxınlığında azarkeşlərlə birlikdə çempionluğu qeyd etməsi nəzərdə tutulur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər