Türk dünyasının birlik və qardaşlıq simvolu olan Türk Dövlətləri Təşkilatının (TDT) getdikcə gücləndiyi, beynəlxalq aləmdəki nüfuzunu durmadan artırdığı qürurverici həqiqətlərdən biridir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 may 2026-cı il tarixində Qazaxıstanın Türküstan şəhərində TDT-nin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışı zamanı bu amilə diqqət çəkərək deyib:
“Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir.
... Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək”.
Prezident İlham Əliyevin məlum çıxışı TDT-nin nüfuz və gücünün dinamik surətdə artdığını, zamanla öz gücünə-güc qatdığını göstərir. Bu gün TDT bütün türk dünyasının həyatında mühüm rol oynasa da, yaxın gələcəkdə o, bütün bəşəriyyətin taleyində iz qoya, müasir dünyamızın idarə olunmasında yaxından iştirak edə bilər. TDT-yə üzv dövlətlərin sahib olduğu güc, onların imkan və potensialı bunu söyləməyə imkan verir.
Qeyd edək ki, istənilən beynəlxalq təşkilatın gücü hər şeydən öncə ona üzv olan dövlətlərin hərbi-iqtisadi gücü müəyyən edir. NATO nümunəsi buna nümunədir. Müasir dünyanın ən qdrətli hərbi-siyasi alyansı hesab edilən NATO-ya üzv olan dövlətlərin hər biri ayrı-ayrılıqda öz hərbi və iqtisadi gcünə görə diqqət çəkir. Bu baxımdan TDT-ə üzv türk dövlətlərinin də son 10 ildə öz hərbi-iqtisadi qüdrətini əhəmiyyətli şəkildə artırdığı göz önündədir. Buna nümunə olaraq Azərbaycan faktorunu göstərmək olar.
6 il bundan öncə erməni işğalına hərbi yolla son qoyan Azərbaycan, bu müddət ərzində özünü həm iqtisadi, həm də hərbi baxımdan son dərəcə inkişaf etdirib, bu istiqamətdə böyük uğurlar əldə edib. Bu gün Avropanın enerji təhlükəsizliyində mhüm rol oyanyan ölkəmiz, çox mühüm beynəlxalq layihələrə imza atmaqda, müasir dünyamızda yeni iqtisadi güc mərkəzi kimi formalaşmaqdadır. Bundan başqa, hazırda Azərbaycanın istehsal etdiyi 100-dən çox hərbi məhsul onlarala xarici ölkəyə ixrac edilir ki, bu da dövlətimizin hərbi baxımdan da sürətlə inkişaf etdiyini göstərir. Türkiyə, Qazaxıstan, Özbəkistan və digər türk dövlətləri də son 10 ildə öz hərbi-iqtisadi qüdrətini önəmli dərəcədə artırıb, bu müstəvidə böyük uğurlara imza atıb. Hansı ki, bütün bu uğurlar TDT-nin beynəlxalq təşkilat kimi nüfuz və gücünün artmasına birbaşa təsir göstərməkdə, onun sürətlə inkişafını sitimullaşdırmaqdadır.
Əminliklə demək olar ki, bu gedişlə TDT-nin yaxın gələcəkdə dünyanı ən nüfuzlu beynəlxalq təşkilatları ilə eyni sırada yer alması ehtimalı böyükdür. Çox güman ki, qarşıdakı 10 ildə TDT yalnız türk dünyasının deyil, bütün bəşəriyyətin həyatında mühüm rol oynayan təşkilata çevriləcək və müasir dünyamızda sülhün, tərəqqinin yüksəlişinə təkan verəcək.
Seymur ƏLİYEV