Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
264
12:12, Bu gün

Dünyada və məmləkətdə adamlıqdan çıxmaq yarışı gedir...

“Bu yarışma Rusiyada Putin təki bir işğalçı diktatorun hakimiyyətə gəlməsi ilə güclü təkan götürsə də, ABŞ kimi demokratiyanın beşiyi sayılan bir ölkədə Donald Tramp kimi bir anormal siyasətçinin prezident seçilməsi ilə maksimum sürət götürdü...”
 
“Artıq anormallıq normallıq kimi qəbul edilərək adiləşməyə başlanıb. İndi, əksinə, istər maddi, istərsə də, ruhi-mənəvi, əxlaqi  baxımdan normal olan nəsnələr cəmiyyət tərəfindən anormal kimi qəbul edilməyə başlanıb...”
 
“Qərbin bəzi mənəvi-əxlaqi dəyərləri digər xalqlarınkı əleyhinə olsa da, nə Avropa, nə də Amerika heç bir dövlətə zorla öz dəyərlərini qəbul etdirmir. Məsələn, 1990-cı illərin ortalarından bəri heç kəs, heç bir mərkəz Azərbaycanın başının üstün kəsdirməmişdi ki...”
 
“Qorxuram, dünyada bir zaman gələ 
İnsanlar yaşaya- insanlıq ölə...” - Bəxtiyar Vahabzadə
 
-FİKİR SAVAŞI...-
 
Dünən diqqətimi bir xəbər cəlb etdi... 
 
Söhbət Bakıda keçirilən Azərbaycan Kuboku uğrunda bodibildinq və fitness yarışları barədəki bir informasiyadan gedir: 
 
“Yarışlar bu dəfə təkcə idman nəticələri ilə deyil, həm də sosial şəbəkələrdə geniş müzakirə doğuran bir iştirakçı ilə yadda qalıb.
 
Yarışda mükafatçılar sırasında yer alan azərbaycanlı qadın bodibildinq və fitness məşqçisi tamaşaçıların və izləyicilərin diqqətini xüsusi bədən quruluşu, əzələ forması və peşəkar hazırlığı ilə cəlb edib. Onun səhnədə nümayiş etdirdiyi fiziki forma və yarış performansı sosial mediada qısa zamanda yayılaraq geniş rezonans yaradıb.
 
Bir çox istifadəçi idmançının xarici görünüşünə görə onun əcnəbi olduğunu düşünüb və ilk baxışda azərbaycanlı olduğuna inanmadıqlarını yazıblar. Sosial şəbəkələrdə aparılan müzakirələrdə onun Avropa və ya Latın Amerikası mənşəli idmançılara bənzədiyi iddiaları da irəli sürülüb. Bununla belə, daha sonra onun azərbaycanlı fitness məşqçisi ... olduğu və ölkəni yerli yarışlarda təmsil etdiyi təsdiqlənib”.
 
Xəbərdə təsvir edilən və xanım, özü də Azərbaycan xanımı deyilən məxluqun görünüşü, hərəkətləri məndə o qədər ikrah hissi yaratdı ki, heç onun ad-soyadını çəkməkdən də, təsvirini, eləcə də iyrənc davranışlarının video-görüntülərini bu yazımın içərisinə yerləşdirməkdən də iyrəndim... 
Linkini göstərirəm(burada:) - maraqlanan baxıb “feyziyab” ola bilər...  
 
Qətiyyən anlamıram, mənə çatmır, Bu cür məxluqlara insan, qadın, özü də Azərbaycan, türk qadını demək mümkündürmü? Qoy, kimlər bu sözlərimi təhqir kimi qəbul edir-etsin. Bəs belələri və onlara meydan verən beynəlxalq və yerli güclər, şəxslər biz insanların- Azərbaycan vətəndaşlarının, müsəlmanın, türkün, kürdün, talışın, ləzginin, avarın, tatın və s. milli, dini kimliyini təhqir etmirmi?.. Nəyimizə lazımdır bizim bunların “xüsusi bədən quruluşu, əzələ forması və peşəkar hazırlığı”?..
 
Sovet dövründə - 1990-cı illərin ortalarınadək leksikonumuzda bir “anormal”, yəni qeyri-normal, normal olmayan məfhumu var idi. Sonra tədricən yoxa çıxmağa başladı. Ona görə ki, artıq anormallıq normallıq kimi qəbul edilərək adiləşməyə başlanıb. İndi, əksinə, istər maddi, istərsə də, ruhi-mənəvi, əxlaqi  baxımdan normal olan nəsnələr cəmiyyət tərəfindən anormal kimi qəbul edilməyə başlanıb...
 
Yaxın keçmişimizdə xalqımızın leksikonunda belə ifadə formaları da var idi: “adama oxşamaz”, “adama oxşamır”, “adamlıqdan, insanlıqdan çıxıb”, yaxud “dindən-dondan çıxıb”, “hansı məhzəbə qulluq etdiyi bilinmir” və s.  Hazırda belə söz birləşmələri, belə cümlələri yalnız 60-80 yaşlı adamların dilindən eşitmək olur...
 
Hələ 1990-cı illərin ortalarından yazırdıq ki, sanki hansısa qlobal və yerli güclər dünyada və məmləkətdə insani zövqlərin korlanması, məhv edilməsi ilə məşğuldur. Bu mənfi, neqativ proseslər istər maddi, istər mənəvi, əxlaqi, istərsə də siyasi, ideoloji müstəvidə uğurla aparılmaqdadır...
 
Hər şey öncə qida, xörək sistemimizin dəyişilməsi ilə başlandı.  “Səndviç”, “hamburqer”, “şaurma”, “pizza”, “suşi” və s. kimi əcnəbi  “fast-fud” yeməklər gənclərimizin qidalanma zövqünü korladı, onları nənə və analarının hazırladığı milli xörək növlərindən sözün əsil mənasında iyrəndirdi. Eyni proses musiqi, mədəniyyət, incəsənət sahəsində də baş verdi. Gül kimi milli musiqilərimizi, mahnılarımızı mənasız səs-küylü xarici mahnılar, abırlı-həyalı geyimli müğənni və aktyorlarımızı yarıçılpaq, bəzən az qala, tamamilə lütlənmiş və sonradan “xalq artist”ləri adı verdiyimiz şərbəndələr əvəzləməyə başladı... Nəticədə belə əxlaqsızlıq, fahişəlik, zinakarlıq təbliğatçılarından nümunə götürən yeniyetmə və gənclərimiz, ardınca da hətta yaşlılarımız da öz davranış və geyimlərini, ümumiyyətlə həyat tərzlərini, mənəviyyatlarını, əxlaqlarını simalarını itirməyə başladılar. Başqa  sözlə, dindən-dondan, adamlıqdan çıxdılar... 
 
Bu təbəddülat – başqa şəklə düşmə özünü siyasi, iqtisadi meydanda da göstərməyə başladı. 1980-990-cı illərdə meydanlarda “vətən, xalq, azadlıq, müstəqillik, millilik” şüarları hayqıranlar bəzisi 3-4, bəziləri isə 10-15 il sonra 180 dərəcə yarım dairə vurub tamamilə əks qütbə dönərək xalqa düşmən olan korrupsioner və rüşvətxorların, Rusiya “5-ci kalon”ununun, “KQB”-“FSB”-korrupsiya şəbəkəsinin maraqlarından çıxış etmək yolunu tutdular. Yəni siyasət, qələm adamları, özlərini siyasi şərçi, politoloq adlandıranlar da insanlıqdan çıxdılar... 
 
Həmçinin xırda vəzifəlidən tutmuş böyük vəzifəliyədək məmurlar arasında da eyni üzdəniraq yarış vüsət aldı. Bu sahədə artıq “kim daha çox yeyib-dağıdıb, xalqa zülm edib adamlıqdan çıxar?” prinsipi ilə yarışlar aparılmağa başlandı. Bütün bunlar isə rüşvətxorluq və korrupsiyanın çiçəklənməsinə, xalqın isə zülmlərə, haqsızlıqlara məruz qalıb gündən-günə artan qiymətlər fonunda yoxsullaşmasına gətirib çıxardı. Təəssüf ki, o yeyib-dağıtmaq yarışı iştirakçılarının çox az qismi, özü də xırda və orta vəzifəliləri öz yarışlarını zindanlarda davam etdirirlər...
 
Əlqərəz, dünyada və məmləkətdə həyatın bütün sahələrində bir adamlıqdan çıxma yarışı başladı...
 
Qərbin- Avropa və Amerikanın demokratiya, insan haqları, vicdan, əqidə, söz azadlığı dəyərlərinə yüksək qiymət versək də, təəssüf ki, bəşəri və ayrı-ayrı xalqların, xüsusən də müsəlman və türk xalqlarının milli dəyərlərinin tənəzzülə uğramasında məhz Qərb mədəniyyətindəki böyük bir çatışmazlıq insan nəfsinə həddindən çox azadlıq verilməsi böyük rol oynadı. Məsələ ondadır ki, bu mədəniyyətlərdə Konstitusiyalara, qanunlara əməl edilməsinə, insan haqlarının, azadlıqlarının, o cümlədən söz azadlıqlarının qorunmasına ciddi önəm verilsə də,  müsəlman, türk dünyasında ta qədimdən böyük önəm verilən milli, dini, əxlaqi dəyərlər nəzərə alınmır. Yəni, məsələn, biznes sahəsində varlanmaq, yaxud siyasi karyera pillələrində irəliləmək istəyirsənsə, mövcud ölkə qanunlarını pozmadan yalan danışa, simasızlıq edə, əxlaqsızlıqla, zinakarlıqla məşğul ola bilərsən, sərxoşluq edə, qumar oynaya bilərsən. Müsəlmanlıqda haram buyurulan kredit-sələm isə artıq müsəlman hesab edilən bir çox məmləkətlərdə, o cümlədən Türkiyə və Azərbaycanda da meydan sulayır. Bir sıra avtoritar dövlətlərin liderləri də məhz bu cür amillərdən yararlanaraq, milli dəyərlərdən, ənənələrdən sui-istifadə edərək, ölkələrində yalançı, psevdo-demokratiya tətbiq edərək özlərinin nəfslərinə tam azadlıq verib öz ölkələrinin sərvətlərini talayıb varlanmaq yolunu tutdular, xalqlarını isə normal yaşayış vasitələrini belə, əldə etməyə tamarzı qoyaraq yaşamaq(əslində mövcud olmaq) üçün)hər cür qeyri-insani, mənəviyyatsız, əxlaqsız üsullara, yollara getməyə vadar etməklə kütləvi yaltaqlığa, məddahlığa, yalançılığa, rüşvətxorluğa və s. düçar etdilər. Bütün bunların  nəticəsində dünya üzrə həm varlı, həm yoxsul təbəqələr daxilində adamlığa, insanlığa xas olmayan vasitələrlə ifrat varlanmaq, yaxud sadəcə minimal mövcud olma vasitələri əldə etmək uğrunda bir yarış baş alıb gedir- adamlıqdan, insanlıqdan çıxma yarışı... 
 
Bu yarışma Rusiya kimi bir nəhəng ölkədə özünü ilk vaxtlar demokratiya tərəfdarı kimi qələmə verən Putin təki bir işğalçı diktatorun hakimiyyətə gəlməsi ilə güclü təkan götürsə də, ABŞ kimi demokratiyanın beşiyi sayılan bir ölkədə Donald Tramp kimi bir anormal siyasətçinin prezident seçilməsi ilə maksimum sürət götürdü. Deyərdim ki, bu məxluq Qərb ölkələri və ayrıca ABŞ-ın son iki əsrlik tarixində ilk belə prinsipsiz, əqidəsiz, əxlaq, mənlik, vicdan, ədalət prinsiplərindən tamamilə uzaq bir dövlət başçısıdır.  Diqqət edirsiz, o, Ağ Evdə əyləşən günlərdən bəri planetdə işğalçılıq, zorakılıq, qətliam, terror, intihar, əxlaqsızlıq halları daha çox vüsət almağa başlayıb. Vəzifəlilər, varlılar hakimiyyətə, mandata, ifrat var-dövlətə, nəfslərini, şəhvətlərini maksimum doyuzdurmaq imkanına, yoxsullar isə sadəcə minimal yaşayış vasitələrinə gündəlik qidaya, geyimə, evə, avtomobilə yiyələnmək üçün bütün mümkün vasitələrə əl atmaqdadırlar. Bütün media, telekanal, sosial şəbəkələr insanların böyük əksəriyyətinin nəfslərinin doyuzdurulmasına xidmət edir. İstər zahiri, istər mənəvi baxımdan hansı sifətə, simaya düşürsən - düş, təki pul qazan, təki, mandata, hakimiyyətə yiyələn, təki adın çıxsın, təki şöhrət qazan... Əksər dövlət hakimiyyətləri də bu tendensiyanın qarşısını almaq üçün heç bir tədbir görmür. Məhz bu səbəblərdəndir ki, yazımızın əvvəllində bəhs etdiyimiz məxluqlar özlərini insan, qadın, Azərbaycan(!) xanımı kimi təqdim edir...  
 
Bir məqamı xüsusi qeyd etmək istəyirik. Qərbin bəzi mənəvi-əxlaqi dəyərləri digər xalqlarınkı əleyhinə olsa da, nə Avropa, nə də Amerika heç bir dövlətə zorla öz dəyərlərini qəbul etdirmir. Məsələn, 1990-cı illərin ortalarından bəri heç kəs, heç bir mərkəz Azərbaycanın başının üstün kəsdirməmişdi ki, dindən-dondan, adamlıqdan, kişilikdən, qadınlıqdan çıxan məxluqlara səhnələrdə, telekanallarda, mediada meydan ver və nəticədə onlar ümumiyyətlə xalqın, xüsusən yeniyetmə və gənclərin mənəviyyatını, əxlaqını pozsunlar, xaricdən heç kəs bizim hökuməti, Mədəniyyət Nazirliyini məcbur etmirdi ki, fahişə, zinakar, pedofil müğənnilərə “xalq artisti” və s. adlar, mükafatlar ver. Şükür, deyəsən, nəhayət 30 idən sonra kimlərsə ayılıb, qeyrətə gəlib telekanalları bəzi bədəsil məxluqlardan təmizləməyə başlayıb. Təki uğur olsun... Amma bu müddət ərzində xalqa, onun genefonduna, etnopsixoloji xarakterinə çox güclü zərbə dəyib və dediyim kimi, təəssüf ki, adamlıqdan çıxmaq uğrunda şıdırğı yarış davam edir... 
 
Bu yerdə rəhmətlik Bəxtiyar Vahabzadənin məşhur “Ləyaqət” poemasından bir beyti yada salmamaq olmur:
 
Qorxuram, dünyada bir zaman gələ 
İnsanlar yaşaya- insanlıq ölə...
 
Doğrudan da, bizlər mövcudluğumuzu insanlığın artıq tam ölməkdə olduğu bir dünyada və məmləkətdə sürdürürük...
 
Allah Özü insanları hidayət etsin və bizlərə insanlıq uğrunda yarışın iştirakçıları olmağı nəsib etsin. 
Zatən Axirət dünyasında  məhz bu yarışın qaliblərinə əsil xoşbəxtlik, səadət nəsib olacaq...
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər