Vaşinqton İrana qarşı "son zərbə" variantını nəzərdən keçirir...
ABŞ Yaxın Şərqdə hərbi eskalasiya ehtimalını artıran yeni addımlar üzərində düşünür. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) prezident Donald Trampı İrana qarşı mümkün "son zərbə"yə hazırlıq barədə məlumatlandırıb.
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri yazıb.
Son zərbə hazırlığı
Paralel olaraq, Pentaqon döyüş meydanına tamamilə yeni nəsil silahın - hipersəs raketlərinin çıxarılması imkanını qiymətləndirir. Söhbət ən müasir sistemlərdən biri olan "Dark Eagle" ("Qaranlıq qartal") raketlərindən gedir. Məlumata görə, CENTCOM artıq bu raketlərin Yaxın Şərqə göndərilməsi üçün icazə istəyib və hədəf kimi İranın "qalan hərbi aktivləri" nəzərdən keçirilir.
"Qaranlıq qartal": sürət, dəqiqlik və toxunulmazlıq
"Dark Eagle" hipersəs raketləri müasir hərbi texnologiyanın ən qabaqcıl nümunələrindən sayılır. Bu sistem səs sürətindən beş dəfə artıq - təxminən 6 min km/saatdan çox sürətlə hərəkət edir və 3200 kilometrədək məsafədə hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Raket atmosferin yuxarı qatlarına qalxaraq hədəfə yaxınlaşır və zərbə anına qədər hava hücumundan müdafiə sistemləri üçün faktiki olaraq əlçatmaz qalır. Bundan əlavə, o, trayektoriyasını dəyişərək müdafiə sistemlərini yayındıra bilir. Bu isə onu demək olar ki, vurulmaz edir.
Raket həmçinin nüvə başlığı daşımaq potensialına malikdir və strateji obyektlərin məhv edilməsi üçün nəzərdə tutulub. Onun dəqiq texniki xüsusiyyətləri isə ABŞ-ın ciddi qorunan hərbi sirlərindən biri olaraq qalır.
Bir ədəd belə raketin qiyməti təxminən 15 milyon dollar qiymətləndirilir və hazırda ABŞ arsenalında cəmi bir neçə belə sistem mövcuddur. Əgər yerləşdirmə qərarı təsdiqlənsə, bu, ABŞ tarixində hipersəs silahının ilk real döyüş yerləşdirilməsi olacaq.
Taktiki zərurət və strateji mesaj
"Dark Eagle" kompleksləri hələ sınaq mərhələsində olsa da, artıq konkret hərbi məqsədlər üçün nəzərdən keçirilir. Bu sistemlər xüsusilə Çin və Rusiyanın inkişaf etmiş hava hücumundan müdafiə sistemlərinə qarşı istifadə üçün hazırlanıb.
ABŞ hərbi kəşfiyyatının məlumatına görə, İran öz raket qurğularını ABŞ-ın mövcud "Precision Strike Missile" (PrSM) sistemlərinin əhatə dairəsindən kənara çıxarıb. Bu raketlərin maksimum məsafəsi təxminən 480 kilometrdir. Lakin "Dark Eagle" üçün bu cür manevrlər əhəmiyyət daşımır - o, daha uzaqda yerləşən hədəfləri də vurmaq imkanına malikdir.
Eyni zamanda bu addımın daha geniş geosiyasi məzmunu var. Belə raketlərin Yaxın Şərqdə yerləşdirilməsi Vaşinqtonun Moskva və Pekinə açıq mesajı kimi qiymətləndirilir: ABŞ artıq bu sahədə rəqibləri ilə müqayisə oluna biləcək texnoloji səviyyəyə çatıb.