“Sizcə, bundan sonra İran ABŞ-a dost olmalıdır, ya düşmən?- Bizi maraqlı hadisələr gözləyir...”- MÜSAHİBƏ
Ekskluziv
925
14:14, Bu gün

“Sizcə, bundan sonra İran ABŞ-a dost olmalıdır, ya düşmən?- Bizi maraqlı hadisələr gözləyir...”- MÜSAHİBƏ

“İlk baxışda, ABŞ İranın güzəştə getməsini və onun qarşısına qoyduğu şərtləri qəbul etməsini istəyir...”
 
“ABŞ-ın bizim üçün gözlənilməz olan bu planı, heç də İranın  zərərinə deyil...”
 
“İran neft istehsalını 1 milyon 100 min bareldən 1 milyon 500 minə qaldırmaqla 47 dollara satdığı nefti indi  90 dollardan da baha satır və beləliklə, ÜDM-ni üç dəfə artırıb...”
 
Siyasi analitik Tahir Cəfərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə o, ABŞ-İran qarşıdurmasının iqtisadi-siyasi aspektləri ilə bağlı gözlənilməz və maraqlı mülahizələr irəli sürdü.
-“Reuters”(“Reyter”) informasiya  kanalı Amerika lideri Donald Trampın Hörmüz körfəzinin  blokadada saxlayacağı barədə məlumat yayıb. Məlumatda qeyd edilib ki, o, öz köməkçilərinə Hörmüzün daha uzun müddət blokadada qalması üçün əllərindən gələni etmələri haqda göstəriş verib. Sizin fikrinizcə, bu tapşırığın arxasında nə durur və ABŞ dövləti bu addımla hansı məqsədləri güdür?
 
-İlk baxışda, ABŞ İranın güzəştə getməsini və onun qarşısına qoyduğu şərtləri qəbul etməsini istəyir. Bu addımın arxasında hansı iqtisadi məqsədlərin durduğunu təhlil etsək, görərik ki, reallıq başqadır. Bəziləri düşünürlər ki, Birləşmiş Ştatlar taktikasını dəyişmir - İranın dəniz blokadası davam etdirmək istəyir. Ancaq blokadanı, müharibəni yox. Hörmüzün bağlı qalması ABŞ-ın birbaşa iqtisadi marağındadır. Çünki neftin qiyməti qalxır, Amerika varlanır, onun əsas rəqibləri Avropa İttifaqı, Çin və başqa ölkələrin iqtisadiyyatları isə tənəzzülə uğrayır..    
 
Vaşinqton daxili etirazlar fonunda müharibə etmədən blokadanın uzadılmasına çalışır. Tehranı güzəştə getməyə məcbur etməsə də, Tramp administrasiyası bunun mümkünsüzlüyünə tam əmindir. İranla atəşkəsi davam etdirmək, Hörmüzü bağlı saxlamaq ABŞ-ın uduşlu  mövqedə olduğuna dəlalətdir. Bizə kənardan Amerikanın  uduzub geri çəkildiyi görünsə də, əslində bu onun Yaxın Şərqdə apardığı siyasətin qələbəsidir...
      
Fikrimizcə, ABŞ dövlət komandasının bu addımı neftin indiki qiymətinin daha da qalxmasına gətirib çıxaracaq və bu qiymətlərlə onun neftdən gəlirləri üç dəfə artacaq...
 
“Reyter”  “The Wall Street Journal” nəşrinə istinad edərək   ABŞ prezidenti Donald Trampın İranın uzunmüddətli blokadası üçün öz komandasına ciddi plan hazırlamağı əmr etdiyini yazır. Bununla belə, həmin məqalədə Amerika tərəfindən bombardmanların yenidən başlanması və ya münaqişədən geri çəkilmək Vaşinqton üçün daha riskli ssenarilər kimi qeyd olunur. Lakin  blokadanın ABŞ üçün  iqtisadi əhəmiyyətinə toxunulmur...
 
-İran da arxayın görünür nəsə bu situasiyada. Sizcə, bunun səbəbi nədir?     
 
-İran  Hörmüz boğazının blokadasını davam etdirməklə, ümid edir ki, ABŞ Yaxın Şərq neft tədarükündə maraqlı olan digər ölkələrin təzyiqi altında geri çəkiləcək.  Trampın boğazı blokadada saxlaması haqqında verdiyi göstərişin həmçinin regiondan enerji idxalının azalmasına gətirib çıxacağını proqnozlaşdırmaq olar, ancaq bunun Amerika iqtisadiyyatına mənfi təsir edəcəyini düşünmək gülüncdür...
 
Birləşmiş Ştatların  xarici siyasəti illərcə onun analitik mərkəzlərinin hazırladığı geo-siyasi layihələr əsasında həyata keçirilir və bütün hallarda bu ölkənin ortaya atdığı oyunların nəticələri əvvəlcədən də müəyyən olunur. ABŞ-ın Hörmüzü blokadada saxlamasımı əsas məqsədi elə neftin indiki qiymətinin aşağı düşməməsi və daha da qalxması ilə bağlıdır...
 
Bununla belə, Ağ Evin bizim üçün gözlənilməz olan bu planı, heç də İranın  zərərinə deyil. İran neft istehsalını 1 milyon 100 min bareldən 1 milyon 500 minə qaldırmaqla 47 dollara satdığı nefti indi  90 dollardan da baha satır və beləliklə, ÜDM-ni üç dəfə artırıb.  Əgər ötən ilin dekabrında İran iqtisadiyyatı devalvasiya səviyyəsinə salınmışdısa, indi staqnasiyadadır və onun  maliyyə məsələlərində heç bir problemi yoxdur. 
 
“The Wall Street Journal”-ın yazdığı kimi,  ABŞ İrana iqtisadi blokada tətbiq etmək planı seçsə də, bunun geo-siyasi məqsədlərini indidən müəyyən etmək olar. 
ABŞ  Hörmüzü  blokadada saxlamaqla ən əsas iqtisadi məqsədini güdür - neftin qiymətini 90 dollardan aşağı düşməməsini saxlamaq. Onun  bu addımından irəli gələn başqa bir sual ortaya çıxır: Bəs digər ölkələr? Yəni neft ixracı ilə məşğul olan ölkələr?..
 
 
Əlbəttə ki, bu istiqamətdə bizi maraqlandıran Bakı-Ceyhan olmalıdır. Aydındır ki, başqa  kəmərlər də nefti Avropa İttifaqına  çatdırır və bütün yollar Türkiyədən keçir.Türkiyədən keçən neft kəmərləri Hörmüz boğazının bağlanması ilə bağlı ABŞ-ın bütün planlarını pozduğundan neftin qiyməti aşağı düşə bilər. Bu isə ABŞ-ın Hörmüzlə bağlı siyasətinə ziddir. Belə olduğu halda, ötən söhbətimizdə dediyimiz kimi, ABŞ-n Türkiyəyə təzyiq edəcəyini də proqnozlaşdırmaq olar...
 
-Bəs  o halda İranın taleyi necə olur?
 
-Paradoks ondadır ki, ABŞ-ın neftin qiymətinin qaldırmaq siyasəti də İranın xeyrinədir. İqtisadi maraq baxımından İran uduşdadır. Siz bilən, bundan sonra İran ABŞ-a dost olmalıdır, ya düşmən? Bizi maraqlı hadisələr gözləyir... 
 
Trampın İranla bu plana sadiq qalacağına tam əmin ola bilərik, çünki ABŞ Prezidentinin ortaya atdığı nyuproteksionizmin prinsiplərindən biri budur:  “ABŞ iqtisadi maraqlarını üstün tutmaq və düşməni dosta çevirmək!”...
Odur ki, Fars körfəzinin blokadası İranla  müharibəni dayandırmaq, neftin qiymətini qaldırmaq üçün ən düzgün seçimdir... 
 
 
 
 
 
 
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər