“Ukraynalıların qohumları amerikalılar və israillilər deyil, şərqi slavyanlar - ruslar və belaruslardır...”
Ekskluziv
362
09:59, Bu gün

“Ukraynalıların qohumları amerikalılar və israillilər deyil, şərqi slavyanlar - ruslar və belaruslardır...”

“2023-cü il oktyabrın 7-dən - Qəzza müharibəsinin başlandığı gündən etibarən Ukrayna ictimaiyyəti qəribə bir coşqu ilə İsraili dəstəkləməyə başladı...”
 
“İsrail dövləti Rusiya ilə özü üçün əlverişli saydığı bu ticarəti davam etdirmək əzmindədir. Ukraynanın maraqları isə onun heç vecinə də deyil...” - Zelenski
 
“Hər iki tərəfdə belə bir bir xoş məram yaranarsa, o cümlədən, Azərbaycan Respublikası onlar arasında körpü və vasitəçi rolunu oynaya bilər...”
 
Tanınmış tədqiqatçı Araz Şəhrili Moderator.az-ın “Bu günlərdə prezidenti Volodimir Zelenski Azərbaycana səfər etmiş olduğu, artıq 5-ci ildir ki, Rusiyanın təcavüzünə qarşı gərgin və əzmli mübarizə aparan Ukraynanın ABŞ, Avropa və İsraillə münasibətləri fonunda vəziyyətini necə görürsüz?” sualını “Ukrayna hansı coğrafi-siyasi məkanda yerləşir?” başlıqlı aşağıdakı analitik yazı ilə cavablandırıb:
 
“Prezident Volodimir Zelenskinin Azərbaycan Respublikasına səfəri Ukrayna Respublikasının həm beynəlxalq və daxili, həm də cəbhədəki vəziyyətinin qənaətbəxş olmadığı bir dövrə təsadüf etdi. Bu ölkənin ABŞ və İsraillə münasibətləri getdikcə daha da pisləşir. Aşağıdakı xoşagəlməz hadisə isə sözügedən problemi bütün çılpaqlığı ilə ortaya çıxardı. 
 
“Rusiya Federasiyası nəzarəti altına götürdüyü Ukrayna torpaqlarından yığdığı kənd təsərrüfatı məhsullarını İsrailə satır. İsrail dövləti özü üçün əlverişli saydığı bu ticarəti davam etdirmək əzmindədir. Ukraynanın maraqları isə onun heç vecinə də deyil”. 
 
Ukrayna Respublikasının prezidenti Volodimir Zelenski İsrailə xəbərdarlıq edərək bildirdi ki, Rusiyanın işğal olunmuş ərazilərdən çıxardığı Ukrayna taxılının alınması beynəlxalq hüquqa ziddir və müəyyən bir məsuliyyət də yaradır. Ukrayna Respublikası Xarici İşlər Nazirliyi isə İsrail dövlətinin Kiyevdəki səfiri Mixail Brodskiyə rəsmi etiraz notası təqdim edib. Sənəddə vurğulanır ki, Rusiyanın Ukraynada ələ keçirdiyi kənd təsərrüfatı məhsulları İsrail limanlarına daxil olur və kommersiya dövriyyəsinə salınır. Rəsmi Kiyev “strateji müttəfiqinin” nəzərinə çatdırıb ki, bu hal təsadüfi deyil, sistemli xarakter daşıyır və "göyərtədən göyərtəyə" üsulu ilə dənizdə yükün gizlədilməsi, dəyişdirilməsi kimi mexanizmlərlə həyata keçirilir. Ukrayna XİN hesab edir ki, İsrail dövləti həmin yüklərin mənşəyindən xəbərdardır. Nazirlik İsraildən bu cür idxalın dərhal dayandırılmasını və gələcəkdə belə yüklərin limanlarda qəbul olunmamasını istəyib.
 
İsrail dövləti Ukrayna Respublikasının etirazına dərhal cavab verdi. İsrailin xarici işlər naziri Gideo Saar bildirdi ki, “Ukrayna tərəfi irəli sürdüyü ittihamları təsdiqləyə biləcək heç bir sübut təqdim etməyib. Biz “tvit” diplomatiyasını qəbul etmirik və o heç vecimizə də deyil”. İsrail knessetinin nüfuzlu üzvü Mixail Voldiger Ukrayna dövlətini nankorluqda günahlandırdı. Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov isə durumu şərh edərkən dedi ki, “Ukrayna ilə İsrail öz aralarındakı münasibəti qoy özləri aydınlaşdırsınlar”.
 
Bu məsələ, əslində, gözlənilən idi. 2023-cü il oktyabrın 7-dən - Qəzza müharibəsinin başlandığı gündən etibarən Ukrayna ictimaiyyəti qəribə bir coşqu ilə İsraili dəstəkləməyə başladı. Ukraynalılar özlərini “Qərb koalisiyasının” tam hüquqlu üzvü kimi görür, hətta bununla fəxr də edirdilər. Həmin dövrdən başlayaraq ölkədə “ABŞ-İsrail-Ukrayna-Avropa qardaşlığı” tərənnüm olunur, buna zidd fikir söyləyənlər təhqir edilir və xəyanətdə suçlanırdı. Reallıq isə tamamilə fərqli idi!..
 
Alleqorik müqayisə: 
 
2023-cü il oktyabrın 7-dən sonra yaranmış yeni şəraitdə Ukraynanın vəziyyəti quş yuvasındakı iri, lakin əfəl cücənin durumuna bənzəyirdi. Sadəlövh bala özünün nisbətən kiçik, amma diribaş qardaşının daha uca səslə çığırıb özünü irəli dürtməsinə, valideynin dimdiyindən yemi daha tez qapmasına heyranlıqla baxır. İri cücə kiçik cücənin uğuruna sevinir və Tanrıya şükür edir ki, ona belə bir fərasətli qardaş verib. Kiçik cücə isə fərqli düşünür, valideynin  (ABŞ-nin) gətirdiyi yemin hamısına yiyələnmək istəyir, qardaşını heç vecinə də almır. Beləcə, kiçik güclənir, böyük isə zəifləyir, xəstələnir və ölür...
 
Ukrayna ilə İsrail arasında münasibətləri məhz belə təsvir etmək olar. Yalnız bir fərqlə... ABŞ-nin əvvəldə Ukrayna üçün nəzərdə tutduğu maliyyə axınını özünə doğru yönəldən İsrail nəinki gücləndi, əksinə, tarixində heç bir zaman olmadığı qədər zəiflədi. Amma bu hal Ukrayna üçün çox zəif təsəllidir. Reallıq bundan ibarətdir ki, Qəzza müharibəsinin başlandığı gündən Ukrayna Respublikası ABŞ-dən normal yardım ala bilmir. Gəlin maraqlı bir statistikaya nəzər salaq:
 
Rusiya Federasiyası kimi nəhəng və qüdrətli bir dövlətlə savaşan, özünün ərazi bötövlüyünü qorumağa çalışan Ukrayna 2022-ci il fevralın 24-dən bugünədək ABŞ-dən 66 milyard dollarlıq hərbi yardım alıb. Cəmi bir neçə min döyüşçüsü olan “HƏMAS”-la vuruşan, Qəzzanı işğal və ilhaq etmək istəyən İsrailə isə ABŞ 2023-cü il oktyabr ayının 7-dən bugünədək 22 milyard dollar dəyərində hərbi yardım göndərib. Ukraynaya ayrılmış vəsait üç dəfə çox görünsə də, aşağıdakı amillər onun, əslində, minimum 100 dəfə az olduğunu göstərir.
 
1. Ərazi (Ukrayna – 603.628 kv.km., İsrail – 22.145 kv.km.); 
 
2. Əhali (Ukrayna – 37.860.000 nəfər, İsrail – 9.974.000 nəfər); 
 
3. Rəqib (Rusiya ordusu – 1.502.640 hərbçi, “HƏMAS” – 20.000 döyüşçü);
 
4. Məqsəd (Ukrayna özünün ərazi bütövlüyünü - sahəsinə görə Azərbaycandan az qala iki dəfə böyük olan 150.000 kv.km-ə yaxın torpağını qorumağa çalışır. İsrail isə eni 6-12 km, uzunluğu 54 km, ümumilikdə isə 365 kv.km, yəni təxminən Bakı şəhərinin Xəzər rayonu boyda olan bir ərazini ələ keçirmək istəyir).
 
Qeyd: 
 
ABŞ-nin 2023-cü ildən sonra Ukrayna və İsrailə ayırdığı ümumi məbləğ təxminən bərabərdir. Ukraynaya 180 milyard, İsrailə 174 milyard dollar verilib. Bu isə o deməkdir ki, reallıqda İsrailə Ukraynadan 300 dəfə çox yardım göstərilib.
 
Həmin müddətdə Avropa İttifaqı Ukraynaya 200 milyard, İsrailə isə cəmi bir meçə milyard avro dəyərində yardım göndərib. Hələ onu da nəzərə alaq ki, İsrailə ayrılmış vəsaitin bir hissəsi Fələstin dövləti üçün nəzərdə tutulub. Deməli, ABŞ-dən fərqli olaraq, Avropa üçün prioritet məsələ Ukraynadır.
 
Yuxarıdakı rəqəmlər Ukrayna və İsrailin, əslində, eyni deyil, fərqli coğrafi-siyasi məkanlara aid olduqlarını göstərir. Bu vəziyyət nə qədər davam edəcək? Bəzi təhlilçilər hesab edirlər ki, Tramp rejiminə son qoyulan kimi ABŞ özünün əvvəlki mövqeyinə qayıdacaq və Avropanın yanında duracaq. Biz isə hesab edirik ki, bu halda daha çox ritorika dəyişəcək, ABŞ ilə Avropa arasında ziddiyyətlər isə yox olmayacaq, əksinə, dərinləşən xətt üzrə inkişaf edəcək. Çünki onları Donald Tramp deyil, iki məkanın coğrafi-siyasi şərtləri yaradıb. Bu günədək ABŞ Qərbin bir hissəsi, hətta lokomativi sayılırdı. Düzdür, Amerikanı Qərbi Avropadan gəlmiş insanlar qurublar. Ancaq zaman və məkan da öz işini görüb. Artıq ABŞ yerləşdiyi ərazinin coğrafi-siyasi şərtlərinə tabe olmaq üzrədir. Bundan əvvəlki abzaslarda mövcud vəziyyəti quru rəqəmlər əsasında qiymətləndirdik. Nəzərə almalıyıq ki, ABŞ İsrailə yardımı Ukraynaya köməkdən özü üçün daha vacib vəzifə hesab edəndə Donald Tramp hələ ikinci dəfə prezident kürsüsünə yiyələnməmişdi...
 
Zənnimizcə, son illərin hadisələrindən Ukrayna da müəyyən nəticələr çıxaracaq. O sadəcə Avropada deyil, bütövlükdə Avrasiya məkanında yerləşir. Belə bir durumda isə “yaxın qonşu uzaq qohumdan yaxşıdır” deyiminin ifadə etdiyi prinsip daha aktual olur. Hələ onu nəzərə almırıq ki, ukraynalıların qohumları amerikalılar və israillilər deyil, şərqi slavyanlar - ruslar və belaruslardır. Ukrayna Respublikası onunla eyni materiki bölüşən ölkələrlə, o cümlədən, Rusiya Federasiyası, Belarus Respublikası, İran İslam Respublikası və Çin Xalq Respublikası ilə münasibətləri normallaşdırmağa çalışmalıdır. Amma həmin dövlətlər də Ukrayna Respublikasına eyni münasibəti göstərməlidirlər. Hər iki tərəfdə belə bir bir xoş məram yaranarsa, o cümlədən, Azərbaycan Respublikası onlar arasında körpü və vasitəçi rolunu oynaya bilər."
 
Müəllif: tədqiqatçı Araz Şəhrili
 
Təqdim etdi: 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər