Bilet satışında şəffaflıq problemi: Niyə sərnişin qeydiyyatı tətbiq olunmur?
Ekskluziv
843
14:42, Bu gün

Bilet satışında şəffaflıq problemi: Niyə sərnişin qeydiyyatı tətbiq olunmur?

Şəhərlərarası sərnişindaşıma sahəsində diqqət çəkən əsas məqamlardan biri avtobus biletlərinin konkret sərnişinə bağlanmamasıdır. Avtovağzallarda bilet satışı zamanı ad-soyad və ya şəxsiyyət vəsiqəsi üzrə qeydiyyat aparılmır, nəticədə biletin kimə məxsus olduğu və kim tərəfindən istifadə edildiyi qeyri-müəyyən qalır. 

Maraqlıdır ki, eyni ölkədə fəaliyyət göstərən digər nəqliyyat növlərində tam fərqli yanaşma tətbiq olunur.

Hava nəqliyyatında və dəmir yolu daşımalarında bilet yalnız konkret şəxsə rəsmiləşdirilir və səfər zamanı şəxsiyyət yoxlanışı mütləq qaydada həyata keçirilir. Bu baxımdan şəhərlərarası avtobus marşrutlarında belə bir sistemin olmaması sual yaradır: 

Sərnişin daşımalarında niyə vahid və şəffaf qeydiyyat mexanizmi tətbiq edilmir və mövcud praktika hansı səbəblərlə izah olunur?

Moderator.az yaranmış sualları Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova ünvanladı.

Eyyub Hüseynov qeyd etdi ki, şəxsi məlumatların təhlükəsizliyi baxımından bu yanaşma doğrudur:

"Bunun üçün şəxsiyyət vəsiqəsindən elektron məlumatların xüsusi cihaz vasitəsilə əldə edilməsi daha məqsədəuyğun olardı. Bu, həm sərnişinlərin təhlükəsizliyi, həm də problem yarandığı hallarda həmin şəxsin müəyyən olunması baxımından əhəmiyyətlidir. Ümumilikdə, qeydiyyatın aparılması normal və müsbət haldır.Lakin qeyd etməliyəm ki, aviaşirkətlərdə ciddi problemlər mövcuddur və bununla bağlı bizə müraciətlər daxil olur. Xüsusilə, AZAL sərnişinlərə qarşı bəzən sərt mövqe tutur – biletlərin qaytarılması və ya dəyişdirilməsi çətinləşir".

Eyyub Hüseynov əlavə etdi ki, müvafiq qurumlara müraciət olunmasına baxmayaraq, bu məsələlər hələ də
tam həllini tapmayıb:

"Dəfələrlə qeyd etmişəm ki, beynəlxalq qayda və qanunlara uyğun mexanizmlər tətbiq olunmalıdır və bu sahədəki problemlər aradan qaldırılmalıdır. Avtobus və marşrut daşımalarında isə belə problemlər varsa, biletlərin qaytarılması və ya dəyişdirilməsi mümkün deyilsə, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər".

Məsələyə münasibət bildirən hüquqşünas Əkrəm Həsənov isə qeyd etdi ki, hazırda beynəlxalq təcrübə göstərir ki, iri ölkələrdə şəhərlərarası avtobus daşımaları biletlərin adlı olması istiqamətində inkişaf edir:

"Bu, ilk növbədə sərnişinin hüquqlarının qorunması baxımından vacibdir. Hər hansı hadisə baş verərsə, sığorta məsələlərinin həlli, problem yaranarsa sərnişinin digər avtobusla yola salınması kimi məsələlər daha rahat tənzimlənir. Bu məsələ eyni zamanda dövlətin bu sahəyə nəzarəti, vergi və digər mexanizmlər baxımından da əhəmiyyətlidir. 

Bəli, hazırda bir sıra dövlətlərdə, xüsusilə qonşularımız Rusiya və Türkiyədə bu sistem tətbiq olunur. Lakin təbii ki, bütün ölkələrdə eyni təcrübə mövcud deyil, yanaşmalar dəyişir. Amma ümumi istiqamət bu yöndədir və mövcud vəziyyəti müəyyən boşluq kimi qiymətləndirmək olar. Bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var".

Bilet satışında sərnişin adlarının qeyd olunmamasının sürücülər üçün hər hansı çətinlik yaradıb-yaratmadığını öyrənmək məqsədilə onlarla da həmsöhbət olduq və məsələ ilə bağlı fikirlərini dinlədik.

Sürücülər qeyd etdilər ki, bu kimi hallar bəzən xoşagəlməz və hətta riskli vəziyyətlərə gətirib çıxarır.

Həmsöhbət olduğum sürücülərdən biri bildirdi ki, bayram günü biletlər tam tükənmişdi. Bir xanım iki övladı ilə bilet almış, lakin sonradan biletlərdən birini itirmişdi. Az sonra başqa bir sərnişin yaxınlaşaraq həmin bileti təqdim edib onun özünə aid olduğunu bildirmişdi. Araşdırma zamanı məlum olmuşdu ki, həmin bilet əslində o xanıma məxsusdur, lakin üzərində ad və soyad yazılmadığı üçün digər şəxs onu yerdən taparaq öz bileti kimi təqdim edə bilmişdi.

Bu isə bilet üzərində şəxsi məlumatların qeyd olunmamasının ciddi problemlər yaratdığını göstərir. Nəticədə xanımın əlavə bilet almağa imkanı olmadığı üçün sürücü öz cibindən pul verərək digər sərnişinə bilet almasını xahiş etmiş və məsələni bu şəkildə həll etmişdi.

Sürücü həmçinin başqa bir hadisəni də qeyd edir. Belə ki, Bakıdan rayona gedən marşrutda 16-17 yaşlarında bir qız sərnişin kimi onun idarə etdiyi avtobusa minərək, bilet təqdim etsə də, özünü şübhəli apardığı üçün onun davranışları sürücüdə şübhə yaratmışdı. Sürücü vəziyyəti dəqiqləşdirmək üçün qızın hara getdiyini araşdırmış, əlaqələr quraraq onun kimlərin yanına getdiyini öyrənmiş və nəticədə qızın evdən qaçdığını müəyyən etmişdi.
Bu məsuliyyətli yanaşma sayəsində sürücü potensial problemlərin qarşısını almış, qızı qohumlarına təhvil verib.

Sonda sürücü vurğulayır ki, biletlərdə ad və soyadın qeyd olunması vacibdir. Sərnişinlərin kimliyini bilmək onların hüququdur.

Mən də şəxsən kassaya yaxınlaşaraq bilet aldım. Heç bir şəxsi məlumatım tələb olunmadan ödənişi etdim və dərhal biletlə təmin olundum. Kassada çalışan əməkdaşdan bunun səbəbini, niyə biletdə ad və soyadın qeyd olunmadığını soruşdum.

Lakin o, bütün biletlərin bu qaydada satıldığını və indiyədək bunun heç bir problem yaratmadığını bildirməklə kifayətləndi. Bu yanaşma məndə müəyyən suallar doğurdu. Görəsən burada texniki və ya sistem imkanlarının yetərsizliyi mövcuddur, yoxsa məsələ sadəcə diqqətsizlikdən qaynaqlanır? Ən əsası isə, niyə sərnişinlərin identifikasiyası üçün vacib olan məlumatlar biletlərdə əks olunmur? 

Təəssüf ki, bu suallarım cavabsız qaldı və məsələ səthi izahla yekunlaşdı.

Onu da qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən də məsələyə aydınlıq gətirilmədi. Ünvanladığımız sorğu cavabsız qaldı və məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirilmədi.

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər