Ekskluziv
442
14:30, Bu gün

"Məni "mənfur rus" adlandırırdılar" - "Mossad"ın yeni rəhbəri kimdir... - "Haaretz" (İsrail)

 
Belarusdan İsrail kəşfiyyatının zirvəsinə uzanan mübahisəli və ziddiyyətli həyat yolu...
 
"Mossad"ın yeni rəhbəri Roman Hofmanın həyatı miqrasiya, kimlik axtarışı və hərbi yüksəliş fonunda formalaşan mürəkkəb bir yoldan ibarətdir.
 
Moderator.az xəbər verir ki, bu barədə İsrailin "Haaretz" nəşri yazıb.
 
Köç, diskriminasiya və kimlik böhranı
 
Hofman 1990-cı ildə 14 yaşında ailəsi ilə birlikdə Belarusdan İsrailə köçüb. Onun sözlərinə görə, yeni mühitə uyğunlaşma asan olmayıb: rusdilli miqrantlara qarşı münasibət sərt olub və o, məktəb və küçədə açıq diskriminasiya ilə üzləşib. Hətta alçaldıcı ifadələr və təhqirlər onun yaddaşında dərin iz buraxıb. Məhz bu dövrdə onun üzləşdiyi münasibət sonradan öz xatirələrində daha sərt formada ifadə olunur. 
 
Belə ki, həmin illərdə onun "mənfur rus" adlandırıldığını yazır və bu sözlərin onun kimlik axtarışına təsir etdiyini qeyd edir. Bu dövrdə ailəsi də ciddi sosial və iqtisadi dəyişikliklər yaşayıb. Valideynlər aşağı maaşlı işlərdə çalışmağa məcbur qalıb, ata yenidən ixtisasını təsdiqləmək üçün imtahanlara hazırlaşıb, ana isə bir neçə işdə işləyib. Ailə uşaqların İsrail cəmiyyətinə tam inteqrasiyasını əsas məqsəd kimi qoyub.
 
Yeniyetməlik, zorakılıq və orduya qədərki illər
 
Hofman gənclik illərində həm sosial təcrid, həm də küçə zorakılığı ilə üzləşdiyini yazır. O dövrdə rusdilli yeniyetmələrə qarşı hücumların adi hala çevrildiyini bildirir. Bu mühitdə o, boksla məşğul olmağa başlayıb və bunun ona həm intizam, həm də özünəinam verdiyini qeyd edir. Orduya qədərki dövrdə isə bəzi intizamsız davranışlar və hüquq-mühafizə ilə problemlər də yaşanıb. Daha sonra ailəsinin təsiri və şəxsi qərarı ilə həyatını dəyişdirdiyini vurğulayır.
 
Hərbi yüksəliş və "Mossad"a qədər yol
 
İsrail ordusuna daxil olduqdan sonra Hofmanın karyerası sürətlə yüksəlib. O, döyüş bölmələrində xidmət edib, Livan və digər əməliyyatlarda iştirak edib, sonradan yüksək komandanlıq vəzifələrinə qədər irəliləyib. Daha sonra baş nazirin hərbi katibi təyin olunub və bu postdan sonra kəşfiyyat rəhbərliyi üçün namizəd göstərilib. 
 
Planlara görə, o, yaxın dövrdə "Mossad"ın rəhbəri vəzifəsinə başlamalıdır. Lakin bu təyinat ciddi mübahisələr yaradıb. Bəzi keçmiş kəşfiyyat rəhbərləri onun bu posta kifayət qədər hazırlıqlı olmadığını iddia edir. Xüsusilə 17 yaşlı bir şəxsin kəşfiyyat əməliyyatında istifadə olunması ilə bağlı iddialar hüquqi və etik müzakirələrə səbəb olub. İş hazırda məhkəmə instansiyalarında araşdırılır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər