“Xarici ölkə rəhbərlərinin Bakıya ardıcıl səfərləri Azərbaycanın artan strateji rolu ilə bağlıdır”
Ekskluziv
326
12:43, Bu gün

“Xarici ölkə rəhbərlərinin Bakıya ardıcıl səfərləri Azərbaycanın artan strateji rolu ilə bağlıdır”

“Son günlər Volodimir Zelenskinin və Petr Fialanın Bakıya səfərləri, həmçinin mayın 5-də Giorgia Meloninin gözlənilən gəlişi Azərbaycanın xarici siyasətində artan dinamikanın təsadüfi olmadığını göstərir”.

Bunu Moderator.az-a açıqlamasında politoloq Sona Əliyeva bildirib. Ekspert qeyd edib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatındakı rolu artır ki, bu da olduqca mühüm məsələdir:

“Bu diplomatik aktivlik Bakının həm regional, həm də qlobal səviyyədə rolunun gücləndiyini nümayiş etdirir.  Avropa üçün enerji məsələləri artıq yalnız iqtisadi məsələ deyil, strateji təhlükəsizlik faktorudur. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji şaxələndirməsində mühüm tərəfdaş kimi çıxış edir. Xüsusilə İtaliya ilə əməkdaşlıq bu istiqamətdə Bakı-Roma xəttinin strateji əhəmiyyətini daha da artırır.

Eyni zamanda, Rusiya-Ukrayna müharibəsindən sonra qlobal logistika sistemində yaranan dəyişikliklər Azərbaycanın geoiqtisadi rolunu ön plana çıxarıb. Transxəzər marşrutu artıq alternativ deyil, getdikcə zəruri nəqliyyat arteriyasına çevrilir və Azərbaycan bu prosesdə yalnız tranzit ölkə deyil, həm də regional bağlantıların koordinasiya mərkəzi kimi çıxış edir.

Bununla yanaşı, Azərbaycanın balanslaşdırılmış xarici siyasəti ona müxtəlif güc mərkəzləri ilə paralel və praqmatik münasibətlər qurmağa imkan verir. Bakı həm Qərb, həm də region ölkələri ilə əməkdaşlığı qoruyaraq etibarlı tərəfdaş və dialoq platforması statusunu gücləndirir.

Strateji baxımdan isə bu səfərlər yalnız Azərbaycanın artan nüfuzunun göstəricisi deyil. Burada eyni zamanda üç mühüm proses müşahidə olunur: Avropanın enerji və logistika xəritəsinin yenidən qurulması, Cənubi Qafqazın geosiyasi çəkisinin artması və böyük aktorların daha çox praqmatik maraqlarla hərəkət etməsi.

Görünən odur ki, baş verən diplomatik təmaslar Azərbaycanın beynəlxalq mövqelərinin gücləndiyini göstərməklə yanaşı, dəyişən qlobal sistemdə ölkəyə olan strateji tələbatın da artdığını aydın şəkildə ortaya qoyur”.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər