“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur, gedib otursunlar...” - FOTO+ÖZƏL
Ekskluziv
475
10:15, Bu gün

“O müğənnilərin efirdə ailə və əxlaq dəyərlərindən danışıb, kiməsə dərs keçməyə ixtiyarları yoxdur, gedib otursunlar...” - FOTO+ÖZƏL

“Demək olar ki, uzun müddətdir efirlərə getmirdim. Səbəbinə gəlincə isə utanırdım. Çünki həmin verilişlərdə mənim ölkəmin, millətimin milli-mənəvi dəyərləri, ən əsası da əxlaq və ailə dəyərləri təbliğ olunmurdu. Əksinə, daha pis, mənfiyə doğru təbliğ olunurdu. Bunun sonu da yaxşı görünmürdü. Elə mən də kənardan bunların sonunun heç də yaxşı bitəcəyinə ümid etmirdim. Ötən ildən demək olar ki, efirlərə getmirdim. Yalnız 1-2 veriliş var idi ki, orada görünürdüm, sənətimdən danışırdım. Mənə çox sual verirdilər ki, niyə efirə getmirsən?! Deyirdim ki, vallah utanıram. Mənim sənətim, gördüyüm işlər insanlara lazım idi. Şəxsi həyatım, yaşadıqlarım, evim, ailəm özümə aiddir. Bunları niyə açıb efirdə göstərməli idim ki?!”
 
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nuriyyə Hüseynova deyib.
 
O daha sonra televiziyaların bugünki efir siyasətini bəyəndiyini bildirib:
“Bəzi verilişlərin bağlanması, ara müğənnilərinin efirlərə çıxmasına qadağaların qoyulması gözəl addımdır. Təbii ki, yaxşı proqramlar davam edəcək. Neqativ, gərgin proqramlardan söhbət getmir. Xoş əhval-ruhiyyə bəxş edən proqramların sayı artırılmalıır. Şounun özündə də tənqidi, maarifləndirici xarakter olmalıdır. Proqramlar insanları dəyişdirməlidir. Televiziya hər kəsin evinə icazəsiz daxil olan qonaqdır. Onun üçün də orada nə göstərirsənsə, nəyi təbliğ edirsənsə insanlar da ona bənzəyib, onun kimi olmaq istəyirlər. Ona görə də televiziyada ən gözəl, örnək ola biləcək verilişlər göstərilməlidir ki, gələcəkdə yetişməkdə olan nəsillərimiz, övladlarımız o ağılla, o düşüncə ilə böyüsünlər. Müasirlik gözəldir, amma keçmişi, ən-ənələri qoruyaraq, onlara söykənərək müasir olmaq daha gözəldir. Dəyərlər itərsə bir gün hər şey  bitər. Dəyərləri itirmək olmaz. Nə qədər biz müasirləşsək də, inkişaf etsək də dəyərləri itirə bilmərik. Biz bu gün süni intellektdən, sosial şəbəkələrin irəliyə getməsindən danışırıq, amma dəyərlər olmazsa bunlar da bir gün yox olar. Düşünürəm ki, televiziyalarla bağlı qərarlar doğru və yerindədir. Televiziyalarda maarifləndirici verilişlər yaranmalıdır. Bu ölkə təkcə müğənnilərdən ibarət deyil. Nə qədər müğənniləri insanlara təbliğ etmək olar?! Onlara heç müğənni də demək olmaz. Onlar müğənni adı altında gizlənib, özlərini göstərmək üçün efirə çıxanlar idi. Bu ölkənin alimi, akademiki, bəstəkarı, şairi, qazisi, şəhidi, qəhrəmanı var! Örnək olası o qədər insanlar var ki.. Ağıldan zəif, beyindən kəm insanları efirə çıxarmaq olmaz”.
 
Nuriyyə Hüseynova şou-biznesdə olan müğənnilərdən də danışıb və onlara uğurlar arzu edib:
“Şou aləmində olan müğənnilər var ki, artıq öz yerlərini tapıblar. Mən heç onları qınayıb, pis gözlə baxmıram da, küçümsəmək niyyətim də yoxdur. Onlar şou-biznes aləmində çox bacarıqlıdırlar. Bununla gözəl pul da qazanırlar, gözəl yaşayırlar da, gözəl də həyatları var. Belə də davam etsinlər. Toylarda, məclislərdə, şou proqramlarda insanları əyləndirsinlər. Amma ciddi musiqidən, sənətdən. sənətkarlıqdan xəbəri olmayan, ailə və əxlaq dəyərləri nədir bilməyən gəlib efirdən kiməsə nə sənətdən dərs keçə, nə də əxlaqdan danışa bilər. Onların ümumiyyətlə ailə dəyərlərindən danışmağa ixtiyarı yoxdur. Gedib otursunlar şou-bizneslərində, öz işləri ilə məşğul olsunlar. Pullarını qazansınlar, ailələrini saxlasınlar. O da böyük fərasətdir, hər kəs edə bilməz. Bu işdə də onlar bunu bacarır. Yolları açıq, ruziləri bol olsun”, - deyə sənətkar bildirib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər