Ekskluziv
578
26 Apr 2026 | 20:53

"Çernobılın 40 ili: dron zərbəsindən sonra qoruyucu qurğu hansı vəziyyətdədir" - BBC

"Zədələnmiş qoruyucu örtük və davam edən risklər..."
 
1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş verən qəza minlərlə insanın həyatını dəyişdi.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
 
Sarkofaq və Yeni Təhlükəsiz Konfaynment
 
O gecə Pripyatda yaşayan 17 yaşlı Tatyana Skopiç yanğını damdan, radiasiyanın təhlükəsindən xəbərsiz izləyirdi. Bir neçə saat sonra yaralı yanğınsöndürənlər xəstəxanaya gətirilir, yerli sakinlər isə nə baş verdiyini anlamadan yardım göstərirdilər.
 
Qəzadan sonra dördüncü reaktorun üzərində "sarkofaq" adlanan "sığınacaq" tikildi. Lakin illər keçdikcə bu qurğuda çatlar əmələ gəldi və radiasiyanın yayılma riski artdı. Buna görə 2016-cı ildə onun üzərinə nəhəng metal örtük - Yeni Təhlükəsiz Konfaynment quraşdırıldı. Bu konstruksiya reaktoru ən azı 100 il izolyasiya etməli idi.
 
Dron zərbəsindən sonra vəziyyət
 
2025-ci ilin fevralında rus pilotsuz uçuş aparatı bu qoruyucu arkaya dəyərək böyük dəlik açdı və uzunmüddətli yanğına səbəb oldu. Nəticədə hermetik membranın bir hissəsi yanıb, yanğını söndürmək üçün yüzlərlə əlavə deşik açılıb, konstruksiya bütöv qalsa da, artıq tam sızdırmaz deyil. Stansiyanın direktoru Sergey Tarakanovun sözlərinə görə, hazırda sistemlər tam işlək deyil və daxili mühit nəzarətdən çıxıb. Bu isə gələcəkdə korroziyanın sürətlənməsi deməkdir.
 
Radiasiya riski varmı?
 
Rəsmi olaraq radiasiya səviyyəsində artım qeydə alınmayıb. Amma risk tam aradan qalxmayıb. Əsas təhlükələr -dron və raketlərin bölgə üzərindən davamlı uçuşu, zərbələrin sarkofaqın çökməsinə səbəb ola bilməsi, obyektin artıq hermetik olmamasıdır. Ən kritik ssenaridə köhnə sarkofaq zədələnsə, içəridə olan yüzlərlə ton radioaktiv material (uran, plutonium və s.) havaya qalxaraq geniş əraziyə yayıla bilər.
 
Təmir prosesi və problemlər
 
Hazırda əsas dəlik bağlanıb, lakin membranda açılmış 340 deşiyin bağlanması 2026-cı ilin sonuna qədər planlaşdırılır, tam hermetikliyin bərpası üçün hələ texnologiya belə mövcud deyil. Əsas çətinlik ondan ibarətdir ki, işlər birbaşa yüksək radiasiyalı zonada aparılmalıdır. Bu şəraitdə bir insanın ildə cəmi təxminən 20 saat işləməsi mümkündür. Tam bərpa ən tez halda 2030-cu ilə qədər mümkün sayılır və təxminən 500 milyon avroya başa gələ bilər.
 
Əlavə təhlükə: elektrik kəsintiləri
 
Son aylarda stansiyada bir neçə dəfə tam elektrik kəsintisi baş verib. Bu isə xüsusilə təhlükəlidir, çünki istifadə olunmuş nüvə yanacağı soyudulmalıdır, nasosların işləməsi üçün elektrik vacibdir. Tarakanov bunu Fukusima qəzası ilə müqayisə edir - həmin hadisə də məhz enerji itkisi ilə başlamışdı.
 
İnsan taleləri və həyat davam edir
 
Stansiyada çalışan Vasili Antonenko artıq 36 ildir ki, burada işləyir. O, həm 1986-cı il qəzasının, həm də 2022-ci il işğalının şahidi olub. İndi isə dron səsləri ilə dolu gecələrə alışdığını deyir. Tatyana Skopiçlə birlikdə o, Pripyatdakı evlərini itirib, sonradan Slavutıç şəhərində yeni həyat qurublar.
 
Onların fikrincə, keçmişdə yaşanan faciə nə qədər ağır olsa da, müharibə daha qorxuludur. Çernobılda vəziyyət hələlik sabitdir, amma "təhlükəsiz" sayılan yeni örtük artıq əvvəlki funksiyasını tam yerinə yetirmir. Davam edən müharibə şəraiti isə radiasiya riskini uzunmüddətli və qeyri-müəyyən təhlükəyə çevirir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər