Müttəfiqlərini aşağılayan, düşmənini dost bilən Tramp siyasəti yol ayrıcında
Ekskluziv
504
21:22, Bu gün

Müttəfiqlərini aşağılayan, düşmənini dost bilən Tramp siyasəti yol ayrıcında

Dünyanın canını boğazına yığan Hörmüz boğazında barış, yoxsa savaş?


Vəziyyət kifayət dərəcədə mürəkkəbdir. Ağrlaşma və ya yüngülləşmə istiqamətində olacağı da qeyri-müəyyəndir. İki aya yaxındır ki, dünyanın canını boğazına yığan Hörmüz boğazının tilsimi 48 saatdan sonra sına bilərmi? Tramp bu dəfə də ziddiyyətli, bir-birini təkzib edən və konkret nəticələri olmayan açıqlamalar verəcək, yoxsa 40 günlük İran savaşından sonra özünün də, ABŞ-nin də xeyli aşağı düşmüş nüfuzunu bərpa edə biləcək? Əvvəlki razılaşmadan 24 saat keçməmiş İranın Hörmüz boğazını yenidən bağlaması Vaşinqtona, Trampa meydan oxumaqdır. Tramp dünəndən bəri ən kəskin açıqlamalarını verir, İranı havaya uçurmaqla təhdid edir. ABŞ prezidenti indiyədək İranı hədəf alan çox hədələr etsə də, konkret nəticələrə nail olmayıb. Tramp xarakterini nəzərə alsaq bu real addımdan çox, bir basqıdır, məcbur etmədir. İran bu günədək çox itkilər versə də bu məcburiyyətə getməyib və psixoloji üstünlüyünü qoruya bilib. Bu dəfə ABŞ prezidenti barışa nail ola biləcəkmi?

Trampın sözlərinə inansaq zorla, ya xoşluqla olsa da barış mütləq olacaq. Bu mənada bir haşiyəyə çıxaq: 

Təkəbbürlü, özünəvurğun, nartsis xarakterli şəxslərin dərin düşüncə və hərtərəfli analiz qabiliyyəti həmişə birtərəfli olub. İstənilən planın reallığından çox arzusunda olduğu uğurlu nəticəni düşünən və yekunda uğurun mərkəzində yalnız özünü görən biri adətən uduzur, kürəyini yerə verməyib yalanlarla günahı başqalarının boynuna qoymağa çalışır, amma qeyri-məntiqin, birtərəfli düşüncənin bəzən qalib gəldiyi də məlumdur.

Xarakterinə görə bu tip insanlar adətən isteroid qrupuna aid edilirlər. Bu tip şəxslər impulsiv hərəkət edir və emosiyalara əsaslanaraq iradi qərarlar qəbul edə bilirlər ki, bu da çox vaxt irrasional davranışlara səbəb olur. Onlar tez-tez yaxınları və tərəfdaşları ilə münasibətlərdə çətinlik çəkir və gözlənilmədən münasibətlərə son verib özünü haqlı kimi təqdim etməyə çalışırlar. Tramp və NATO arsında münasibətlər kimi.

Bəşəriyyət hazırda belə bir xarakterə malik olan şəxsin- ABŞ prezidenti Donald Trampın ziddiyətli siyasətini həyəcanla izləyir və hər gün  Ağ Evdən yayılan növbəti sürpriz bəyanatların şokunu yaşayır. Bu şok, yalnız mükəmməl hazırlıq olmadan, yanlış hesablamalarla İran üzərinə getməklə deyil,  həm də Hörmüz boğazının guya açılması münasibətilə tələsik İrana ünvanlanan “sevinc və təşəkkür”dolu bəyanatların ardınca İranın əks mövqe sərgiləməsi ilə bağlıdır. Ağ Evdə təcavüzə məruz qalmış Ukraynanın prezidenti Zelenskiyə hücumundan indiyədək dünya az qala hər gün Birləşmiş Ştatlar prezidentindən ziddiyyətli, qısa müddətə bir-birini təkzib edən açqlamalarına, bəyanatlarına şahidlik edir. Müttəfiqləri olan Avropa ölkələrinin dəstəklədiyi Ukraynanı deyil, ABŞ-ni 1 nömrəli düşməni bilən Rusiyanı və onun prezidenti Putini özünə daha yaxın bilməsi ilə Tramp pozulmuş dünya nizamını daha da pozmuş oldu. Məsələ burasındadır ki, bu siyasət nəticəsində aqressor dövlətlər-Rusiya, İran açıq şəkildə, Çin daha çox kənar müdaxilə ilə inamlı, sərt mövqelər nümayiş etdirir, onların hədəfində olan NATO isə parçalanmış və qlobal siyasətə təsir imkanlarını itirmiş təsiri bağışlayır.

NATO-nu “kağız pələngə” bənzədib ABŞ-nin alyansdan çıxacağını dilə gətirməklə Tramp faktiki olaraq Rusiya kimi aqressiv bir ölkənin qol-qanadını açmış oldu. Eyni zamanda, İran da Trampın yalanlarını faktlarla sübut edərək Birləşmiş Ştatların xeyli dərəcədə nüfuzuna xələl gətirdi. Təsadüfi deyil ki, İran parlamentinin sədri Qalibaf açıq şəkildə Trampın yalançı olduğunu dedi: "Tramp yalan və psixoloji müharibə ustasıdır. Onun paylaşdığı 8 tvitdən 7-si yalan idi".

Bu günlərdə diqqət daha çox Yaxın Şərqə yönəlsə də, Rusiya əvvəlki tepmlə olmasa da, Ukraynaya qarşı təcavüzünü davam etdirir. Tramp sayəsində ABŞ və Avropa arasında parçalanma həddinə çatmış soyuqluğun nəticəsidir ki, Rusiya Avropa Birliyi ölkəsinə mümkün hücum ehtimalını nəzərdən keçirir və bu, NATO daxilində narahatlıq doğurur. Yəqin, bu narahatlıqdan ruhlanan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2026-cı ildə Rusiyaya qarşı zərbələrini əhəmiyyətli dərəcədə artıran Ukrayna üçün PUA istehsalında iştirak edən Avropa müəssisələrini Rusiya Silahlı Qüvvələri üçün "potensial hədəflər" kimi göstərib.

Rusiyanın üçüncü prezidenti bu açıqlamanı müxtəlif Avropa ölkələrində  "Rusiya ərazisinə zərbələr endirmək üçün Ukraynaya PUA istehsalının və təchizatının artırılmasında" iştirak edən 21 sənaye müəssisəsinin siyahısının dərc edilməsindən sonra verib. Dmitri Medvedev X sosial platformasında yazır: "Dronlar və digər avadanlıqlar istehsal edən Avropa müəssisələrinin siyahısı Rusiya silahlı qüvvələri üçün potensial hədəflərdir. Zərbələrin reallığa çevrilib-çevrilməməsi bundan sonra nə baş verəcəyindən asılıdır. Rahat yatın, Avropalı tərəfdaşlar!". Avropa bir ildən çoxdur ki, yalnız məyusluq yaşayır və dünya hadisələrinə təsir imkanları zəiflədiyindən Medvedev onların bu durumuna istehza edərək “ rahat yatmağa “ çağırmışdır. Təsadüfi deyildir ki, Reuters agentliyi müharibə vəziyyətində 10 Avropa ölkəsinin təxliyə planları hazırladığı haqqında məlumat yayıb.

Qarşıdakı 48 saat Tramp üçün sınaq saatı ola bilər. O, gözlənilən İslamabad görüşündə İranın maksimalist tələblərini nəzərə almadan ən azı zənginləşmiş uranı almağı, Hörmüz boğazını açmağı bacarmasa yalnız özünün siyasi karyerasını deyil, ABŞ-nin də nüfuzunu itirmiş olacaq. Amma, onu da nəzərə almaq lazımdır ki, Tramp xarakterli insanlar məğlub görünməmək üşün ən sərt və gözlənilməz addımlar atmağı da bacarırlar.  

İlham İsmayıl

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər