“Tramp üçün ən doğru qərar geri addım atmaqdır” — Tofiq Abbasov
Ekskluziv
849
08:49, Bu gün

“Tramp üçün ən doğru qərar geri addım atmaqdır” — Tofiq Abbasov

"ABŞ- İran müharibəsində ikili xəttin yürüdüldüyü açıq şəkildə müşahidə olunur. Bir tərəfdən Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump İranı danışıqlara dəvət edir, yaxın zamanda mühüm razılaşmanın əldə olunacağını bəyan edir. Bununla paralel olaraq, silah-sursat və canlı qüvvənin Körfəz bölgəsinə yönləndirilməsi İrana qarşı psixoloji və mənəvi təzyiqin artırılmasına xidmət edir".

Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Siyasi şərhçi qeyd edib ki, bu proseslərin fonunda belə bir təəssürat yaranır ki, ABŞ artıq müstəqil strateji qərarlar verməkdən daha çox kənar təsirlərin yönləndirdiyi xətt üzrə hərəkət edir:

"Venesuela hadisələrindən sonra formalaşan yanaşmanın İrana münasibətdə də tətbiq olunacağı düşünülmüşdü, lakin bu yanaşmanın real vəziyyətlə tam uzlaşmadığı gördük. Burada Vaşinqton üzərində Tel-Əvivin təsiri xüsusilə nəzərə çarpır. Bu təsirin açıq şəkildə hiss olunması, o cümlədən Ağ ev daxilində baş verən bəzi hadisələr və Benjamin Netanyahu kimi fiqurların proseslərdə rolu, qərarların formalaşmasına xarici təsirlərin nüfuz etdiyini göstərir.

Qərarların mahiyyətinə diqqət yetirdikdə də bu təsirin izlərini görmək mümkündür. Donald Trump-ın sistemdən müəyyən qədər kənar siyasətçi olması bəzi məsələlərə fərqli yanaşmasına səbəb olur. Halbuki ABŞ siyasi ənənəsində prezidentlər adətən güclü dövlət katibləri, müşavirlər və peşəkar komanda ilə işləyərək qərar qəbul edirlər. Tarixi təcrübə də göstərir ki, prezidentin ətrafında ciddi siyasi çəkisi olan fiqurların olması mühüm rol oynayır".

Tofiq Abbasov onu da bildirib ki, mövcud vəziyyətdə isə Trampın ətrafında toplaşan şəxslərin daha zəif olması və ona qarşı açıq şəkildə etiraz etməkdən çəkinmələri diqqət çəkir:

" Fərqli mövqe sərgiləyənlərin ya kənarlaşdırılması, ya da prosesdən uzaq tutulması qərarların daha dar çərçivədə formalaşmasına gətirib çıxarır.
Baş verən proseslərin təhlili göstərir ki, Donald Trump hadisələrdən gözlənilən nəticəni çıxara bilməyib. Güc tətbiqindən sonra İranın reaksiyası kifayət qədər sərt oldu və bu ölkənin belə ssenarilərə əvvəlcədən hazırlaşdığı aydın şəkildə ortaya çıxdı. Rəsmi açıqlamalarda da qeyd olunur ki, ABŞ tərəfindən gözlənilməz addımlar atılacağı təqdirdə strateji boğazların bağlanması mümkündür ki, bu da Vaşinqton üçün ciddi nəticələr doğura bilər.

Bəzi yanaşmalara görə, mübahisəli olsa da, bu qarşıdurmada təcavüzə məruz qalan tərəf İrandır. Çünki müxtəlif hücumlar, qətllər və hərbi əməliyyatlar baş verib. Bununla yanaşı, İranın “terrorçu dövlət” kimi təqdim edilməsi isə beynəlxalq informasiya müstəvisində fərqli narrativlərin mövcudluğunu göstərir. 

Çünki müxtəlif hücumlar, qətllər və hərbi əməliyyatlar baş verib, lakin eyni zamanda İran “terrorçu dövlət” kimi təqdim olunur. Nəticədə belə qənaət yaranır ki, bu qarşıdurma ABŞ və Donald Tramp üçün uğurlu ssenari deyil".

Politoloq vurğulayıb ki, Avropa ölkələrinin də prosesdən kənarda qalmağa üstünlük verməsi, mümkün neqativ nəticələrdə iştirak etmək istəməmələri ilə izah oluna bilər:

"Israilin özü də mürəkkəb vəziyyətlə üz-üzədir. İranın raket zərbələri ciddi dağıntılara səbəb olub, eyni zamanda informasiya axınına nəzarət və senzura tətbiq olunduğu, itkilərin tam şəkildə açıqlanmadığı iddiaları səslənir. ABŞ tərəfinin qeyd etdiyi itki rəqəmlərinin isə reallığı tam əks etdirmədiyi aydın görünür. Körfəz ölkələrində yerləşən ABŞ hərbi obyektlərinin də hədəfə alınması, içərisində personal olduğu halda vurulması barədə məlumatlar bu itkinin miqyasını daha da genişləndirir.

Bütün bunların fonunda aydın görünür ki, məsələnin hərbi yolla həlli real perspektiv kimi görünmür. İran hələ bütün potensialını tam şəkildə işə salmayıb. Digər tərəfdən, enerji qiymətlərində mümkün artım və ABŞ daxilində sosial-iqtisadi narazılıqlar da əlavə risk faktorları kimi qalmaqdadır.

Donald Trumpın çıxışlarının daha çox emosional xarakter daşıması, zaman-zaman sərt və reallıqdan uzaq bəyanatlarla müşayiət olunması isə ümumi vəziyyəti daha da mürəkkəbləşdirir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, yaranmış vəziyyətdə geri addım atmaq, ziyanın yarısından dönmək Trump üçün daha az riskli, ən doğru seçim olar".

Pərvin Şakirqızı

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər