İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur
Ekskluziv
691
19:30, Bu gün

İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv olur

ABŞ-la İran arasında baş verən və hələlik iki həftəlik atəşkəs dövrünü yaşayan müharibə bütün dünyanın əsas diqqət mərkəzində qalmaqda davam edir.

İran müharibəsi öz unikallığı, proqnozlaşdırılması mümkün olmayan gedişatı, habelə, bir neçə ölkənin ərazisini əhatə etməsi ilə sadəcə günümüzün deyil, yaxın keçmişimizin nadir qarşıdurmalarından biri hesab olunur. İran müharibəsinin ən xarakterik xüsusiyyətlərindən biri də bu müharibədə dünyanın bir nömrəli super gücü olan ABŞ-ın bilavasitə iştirak etməsidir.

Lakin İran müharibəsi üçün ən səciyyəvi cəhət heç şübhəsiz, iqtisadi faktorun müharibənin gedişatına və bəşəriyyətin yaşamına bugünəqədərki bütün savaşlardan daha çox təsir göstərməsidir.

Müharibə zamanı İranın Hörmüz boğazına keçidlə bağlı məhdudiyyətlər tətbiq etməsi, müəyyən məqamlarda isə boğazı bağlaması başda ABŞ olmaqla bütün ölkələrin iqtisadiyyatını ciddi şəkildə “silkələdi” ki, bu da dünyamızda bugünə qədər yaşanmayan yeni bir hadisə idi. Hörmüz boğazı ilə bağlı İranın yürütdüyü siyasət ABŞ-ı məcbur etdi ki, sahib olduğu üstün hərbi gücə rəğmən müharibə ssenarisində ciddi redaktələr etsin, sülh variantını nəzərdən keçirsin.

Bir sözlə, İran müharibəsi sübut etdi ki, bəzən iqtisadi rıçaqlar hərbi təzyiqdən daha effektiv, daha səmərəli olur.

Bu baxımdan İran müharibəsinin gələcək qarşıdurmalarda presedent kimi nəzərə alınacağı, iqtisadi faktorun savaşların taleyinə daha çox təsir göstərəcəyi şübhəsizdir. Bu isə o deməkdir ki, gələcək müharibələrin qalibi öz hərbi gücündən daha çox iqtisadi təzyiq imkanlarını düzgün idarə edən, iqtisadi müstəvidə söz sahibi olan dövlətlər olacaq.

Seymur ƏLİYEV

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər